Məhkəmə qərarları › İş №2(105)-763/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-763/2025

08.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-763/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(012)-119/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Masazır kəndində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində 10 metr uzununda, 2.5 metr enində Cavabdeh tərəfindən dəmir konstruksiyadan quraşdırılmış çardağın sökülərək, torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Masazır kəndində 0,025 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirib, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mülkiyyət hüququ əldə etmişdir. Qonşusu Cavabdeh mülkiyyətində olan 0,025 ha torpaq sahəsinin 2,5 metr eni, 10 metr uzunu hissəsi üzərində dəmir konstruksiyalı çardaq quraşdırıb, oranı zəbt etmişdir. Dəfələrlə ona çardağın mülkiyyətində olan torpaq üzərindəki hissəsindən sökülməsini təklif etsə də, nəticəsi olmamış, əksinə ona qarşı hədə-qorxu gəlib, mülkiyyət hüquqlarını pozmaqda davam etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(012)-119/2025 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-4652/2025 saylı inzibati iş üzrə iddia tələbinə baxılıb qurtaranadək İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair 2(012)-119/2025 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır (hakim Məlahət Abbasova). İddiaçı Muradov X3 Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(012)-119/2025 nömrəli qərardadından şikayəti verərək şikayətinin təmin olunması, iddiaçı olduğu 2(012)- 119/2025 saylı iş üzrə icraatın dayandırılması barədə Abşeron Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərardadının ləğv olunub, icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi icraata qəbul olunub, müxtəlif vaxtlarda məhkəmə baxışı keçirilərək, ekspertiza təyin edilmiş, sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin kordinatları ilə Cavabdeh faktiki istifadəsində olan çardaq tikintisinin kordinatlarının üst-üstə düşən hissəsinin 0,0016 ha (16 kv.metr), faktiki gedişgəliş yolu ilə üst-üstə düşən hissəsinin isə 0,0017 ha (17 kv.metr) təşkil etdiyi müəyyən olunub, ekspet rəyi məhkəməyə təqdim edilmiş, icraat təzələnərək, rəy məhkəmə baxışında qiymətləndirilmişdir. Bütün sübutlar tədqiq edildikdən sonra hakim işdə iştirak edən şəxslərin bu barədə mövqeyini öyrənib, iş üzrə halların tədqiqinin qurtardığını elan etsə də, məhkəmə çıxışları zamanı cavabdehin nümayəndəsi Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini bildirib, icraatın dayandırılması ilə bağlı məhkəməyə vəsatət vermiş, məhkəmə isə vəsatətlə bağlı müzakirə aparmadan, öz maraq dairəsinə uyğun təmin edib, icraatın dayandırılmasına dair qərardad çıxarmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş iddia ərizəsi hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(012)-119/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-119/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırki işin hallarına əsasən də kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə mülki qaydada müraciət edərək Masazır kəndində yerləşən 0,025 ha torpaq sahəsinin üzərində 10 metr uzuluğunda, 2.5 metr enində Cavabdeh tərəfindən dəmir konstruksiyadan quraşdırılmış çardağın sökülərək, torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş inzibati işdən də görünür ki, Cavabdeh həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarış əsasında təsdiq edilmiş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb edir.Göründüyü kimi hər iki iş üzrə mübahisənin predmeti 0,025 ha torpaq sahəsi ilə bağlıdır. Belə olan halda isə inzibati iş üzrə çıxarılmış məhkəmə qərarının hazırki mülki iş üzrə çıxarılacaq yekun qərara təsiri vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən inzibati işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(012)-119/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar