Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-764/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonə kodu **********05943 olan sayğaca qanunsuz yazılmış 1.264,60 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, İİ qrup əlil və İ Qarabağ müharibəsi veteranıdır. Sözügedən yaşadığı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********05943 olan işıq sayğacından istifadə edir. Cavabdeh sayğaca qanunsuz və əsassız olaraq 1.264,60 manat işıq borcu hesablamışdır. Belə ki, 2017-ci ilin iyul ayında yaşadığı fərdi yaşayış evinin küçəsi ilə hərəkətdə olan kamaz markalı avtomobil işıq dirəyindən sayğaca gələn xəttə ilişərək sayğacı yerindən dartıb çıxardaraq həmin ərazidən uzaqlaşmışdır. Bu hadisə nəticəsində sayğac zədələnmişdir. Bundan sonra tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmiş, məlumat əsasında idarənin əməkdaşları yaşadığı ünvana gəlmiş və sayğacı yeni sayğac ilə əvəzləmişlər. Sonradan cavabdeh idarənin 1.264,60 manat məbləğində işıq borcu hesabladığı məlum olmuşdur. Onun təqsiri olmadan bu hadisənin baş verdiyini və yazılmış borcun silinməsini xahiş etsə də bununla bağlı müsbət nəticə əldə olunmamış və yazılmış cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qanunvericiliyin tələbinə görə isə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Bu praktika "xxxx" Açıq Səhmdar Cəmiyyətində geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonə kodu **********05943 olan sayğaca qanunsuz yazılmış 1.264,60 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonə kodu **********05943 olan sayğaca qanunsuz yazılmış 1.006,21 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaya qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, İddiaçı həmin borcun 2017-ci ildən yarandığını bildirmişdir. İddia ərizəsini ilə məhkəməyə isə xx.xx.2024-cü ildə müraciət etmişdir. Yəni göründüyü kimi iddiaçı Məhkəməyə 7 il sonra müraciət etmişdir. Beləliklə iddiaçı üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Belə olan halda isə iddiaçının iddiası rədd edilməlidir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Eyni Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçmiş hesab olunur. Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, Mülki Məcəllənin 373.2, 375 və 376-cı maddələrini rəhbər tutaraq, iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi xhaiş olunur.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 30 iyun 2017-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, elektrik sayğacının yük maşını tərəfindən vurulduğu, sındığı, sayğacın tam yararsız vəziyyətə düşdüyü məlum olmuş, bununla əlaqədar 30 iyun 2017-ci il tarixli, R 062997 saylı akt tərtib edilmişdir. Həmin sayğac 06 iyul 2017-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriyada yoxlanılmış, yoxlama zamanı sayğacın gövdəsinin fiziki təsir nəticəsində sındığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığına dair rəy verilmişdir. Daha sonra sayğacın gövdəsi açılmış və üzərindəki göstərici - “17512” xüsusi cihazla oxunmuşdur. Nəticə etibarı ilə oxunma zamanı sayğac üzərində 769,30 manatı sayğac göstəricisi və 427,60 manat limitdən artıq sərfiyyat olmaqla, cəmi 1.196,90 manat məbləğində öncədən oxunmamış və sərf edilmiş elektrik enerjisinin dəyəri müəyyən edilmiş və həmin məbləğ abonent koduna əlavə edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi tam həyata keçirilməmiş və nəticədə borc yaranmışdır. Belə ki, iddiaçının hazırda silinməsini tələb etdiyi məbləğ elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğidir. İddia tələbində və həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı silinməsini tələb etdiyi borc məbləğinin ona əsassız yazıldığını bildirsə də məhkəmənin təklif etməsinə və tərəfin mübahisələndirməsinə baxmayaraq bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Silinməsi tələb edilən borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 iyul 2017-ci il tarixdə kompüter məlumat bazasına daxil edilmişdir. Həmin tələb 3 il müddətində verilməli olduğu halda, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.1, 376, 377.2, 380.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»na, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İİ qrup əlildir, İ Qarabağ müharibəsi veteranıdır. Həmin mənzilə quraşdırılmış sayğacdan istifadə edir. Cavabdeh sayğaca qanunsuz və əsassız şəkildə borc hesablamışdır. 2017-ci ilin iyul ayında həmin mənzilin yerləşdiyi küçədən keçən kamaz maşını işıq dirəyindən sayğaca gələn xəttə ilişərək onu yerindən çıxartmış və ərazidən uzaqlaşmışdır. Nəticədə sayğac zədələnmişdir. Hadisə barədə cavabdehə məlumat verilmiş, cavabdeh sayğacı yenisi ilə əvəzləmişdir. Sonradan cavabdeh həmin məbləğdə borc hesablamışdır. Cavabdehə vəziyyəti izah etsə də borc silinməmişdir. Mənzildən kənarda quraşdırılmış sayğaca görə istehlakçı məsuliyyət daşımır. Bu tendensiya cavabdeh təşkilatda geniş yayılmışdır. Cavabdeh əhalinin savadsızlığından istifadə edir. Həmin borc silinməlidir. Hazırda həmin məbləği 1006.21 manatdır. Məsələ ondan ibarətdir ki, kamaz sayğacı zədələdikdən 1 il sonrakı və 1 il əvvəlki tarixlərin abunə haqqı sənədlərində onun aylıq 1000 manat borcunun olmadığı görünür. Labaratoriyada sayğaca baxışda iştirak etmək istəsə də cavabdeh buna imkan verməmişdir. Ona görə baxışda iştirak etmək istəyirdi ki, baxışda vətəndaş iştirak etmədikdə süni və şişirdilmiş məbləğlərin yazılmasını bilirdi. Sonradan ona bildirdilər ki, sayğac artıq silinib və mövcud deyil. Həmin məbləğ daxilində işıq işlətməmişdir. Onun sayğacı dəyişdirilməzdən əvvəl və 2017-ci ildən sonrakı 3 il ərzində aylıq borcunda dəyişiklik olmamışdır. Aylıq borc haqqında qəbzdə keçmiş aylara görə borc göstərilir. Cavabdehin əməkdaşlarıyla sövdələşməyə getməmişdir. Çünki müxtəlif adamlarla bu illər ərzində sövdələşmək faktiki mümkün deyil. Dəfələrlə cavabdehə müraciət etsə də köhnə sayğacını ortaya çıxartmamışlar. Həmin sayğacda istifadə edilmiş və ödənilməmiş məbləğ öz əksini tapmamışdır. Əgər cavabdeh o borcu sübut edə bilsə, onu ödəməyə hazırdər. Sayğac yararsız hala düşmüşdür. Cavabdehin əməkdaşları da ona bildirdilər ki, sayğacın belə vəziyyətdə oxunması qeyrimümkündür və hökmən baxışda iştirak etməlidir. Dəfələrlə yazılı şəkildə baxışda iştirak etmək istədiyini cavabdehə bildirmişdir. Lakin bu müraciətləri iş materiallarına əlavə etməyiblər. Baxışdan əvvəl müraciətləri olmuşdur. Lakin iştirak tələbi təmin edilmədi. Aktda da göstərilmişdir ki, sayğacı yük avtomobili əzib. Aktda göstərilir ki, sayğac kamazın altında qalaraq əzilib. Akt tərtibində iştirak edib və ora imza etmişdir. Yeni sayğacda isə ümumiyyətlə borcun ödənilməsini gecikdirməmişdir. Məsələ ilə bağlı 2017-ci ildən bugünə kimi 20 dəfədən çox cavabdehə müraciət etmişdir. Cavabdehin heç bir sübutu yoxdur. İşin hallarının nəzərə alınmasını və maddi vəziyyətinin aşağı olmasının nəzərə alınmasını istəyir. Cavabdeh məhkəmədə öz təşkilatının təqsirini ona yükləməyə çalışmışdır. Belə ki, onu öz əməkdaşları ilə əməkdaşlıqda, sövdələşmədə ittiham etmişdir. Sual olunur ki, bununla bağlı cavabdeh tərəfindən cəzalandırılan kimsə varmı və yaxud hüquq-mühafizə və ya məhkəmə orqanını qanuni qüvvəyə minmiş qərarı varmı. Əgər yoxdursa məhkəmənin bu iftiraya əsaslanması ədalət mühakiməsinin tələblərinə cavab vermir. Belə olduğu halda buna əsaslanaraq borc hesablanması tamamilə absurddur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, sayğac quraşdırılarkən aşağıdan quraşdırlıb, Kamaz markalı maşın turbaya dəyərək turbanı və sayğacı aşırtmışdır. Bu barədə cavabdeh təşkilatın əməkdaşları da təsdiq edir. Ümumi hesab 1000 manatdan çox hesablanıb. Bir həftə üçün 17000 kv elektrik enerjisindən istifadə edilməsi qeyd edilib. Sayğacın yoxlanılmasına iştirak etmək istəsə də iştirakı təmin edilməyib. Deyiblər ki, sayğac oxunmur. İstifadə etmədiyi halda ona artıq sərfiyyata görə borc yazılıb Cavabdeh təşkilat öz əməkdaşlarını günahlandırır ki, əməkdaşlar sayğacda olan enerji sərfiyyatını tam yazmayıblar, abonentlə əməkdaşlıq ediblər. Təşkilat öz əməkdaşlarını da günahlandırır. Onun günahı yoxdur. Qarabağ qazisidir, məcburi köçkündür. Cavabdehin vəkili ona bildirir ki, məhkəmə də borcu silməyəcək. Borc yazılmasını bildikdən sonra cavabdeh təşkilata müraciət etmiş, bildirmişlər ki, narahat olmasın, borc siləcəklər. İkinci dəfə müraciət edəndə rəhbərləri bildirmişlər ki, 3 fazanı təhvil versin, borcu siləcəklər. 3 fazanın qiyməti 4000-5000 manatdır. 5 sot torpağı var, iki mərtəbəli evi var, başqa fəaliyyəti yoxdur. Borc yazılmasını gec bilib. Məhkəməyə müracitə etmək istəməyib, cavabdeh təkilata müraciət edib. 1000 manat borc silinsə yerdə qalan 260 manatı ödəyəcəkdir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
İşdə olan sübutlar
13. 30 iyun 2017-ci il tarixli, R 062997 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, elektrik sayğacının yük maşını tərəfindən vurulduğu, sındığı, sayğacın tam yararsız vəziyyətə düşdüyü məlum olmuş, bununla əlaqədar 30 iyun 2017-ci il tarixli, R 062997 saylı akt tərtib edilmişdir;
14. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvana aid **********05943 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və xx.xx.2024-cü il tarixinə elektrik enerjisinə görə 1.328,26 manat borcun olduğu müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə Xırdalan EŞ-in əməkdaşları tərəfindən elektrik hesabat sayğacının istismara yararsız olduğuna dair Rİ 062997 nömrəli akt tərtib edilmişdir. Sayğac xx.xx.2017-ci il tarixdə yenisi ilə əvəz edilmiş və çıxarılan 40122007 nömrəli sayğac laboratoriyada yoxlanılmışdır. Sayğacın gövdəsinin fiziki təsir nəticəsində sındığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığı və qırmızı möhürün siminin qırıq olduna dair rəy verilmişdir. Sayğacın gövdəsi açılmış və üzərindəki göstərici (“17512”) xüsusi cihazla oxunmuş və xx.xx.2017-ci il tarixdə kompüter məlumat bazasına daxil edilmişdir. “17512” göstəricisinə görə yaranmış borcun yaranma tarixindən beş ildən artıq müddət keçdiyi üçün baxılması mümkün deyildir.
15. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, 19 noyabr 2024-cü il tarixinə İddiaçı "xxxx" ASC qarşısında 1.328,26 manat borcu yaranmışdır. Qeyd edilən borc məbləğinin 98,87 manatı 30 iyun 2017-ci il tarixində Xırdalan EŞ-in əməkdaşları tərəfindən elektrik hesabat sayğacının istismara yararsız olduğuna dair Rİ 062997 nömrəli akta əsasən hesablanmışdır. Sayğac 06 iyul 2017-ci il tarixdə yenisi ilə əvəz edilmiş və çıxarılan 40122007 nömrəli sayğac laboratoriyada yoxlanılmışdır. Yoxlama zamanı sayğacın gövdəsinin fiziki təsir nəticəsində sındığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığına dair rəy verilmişdir. Daha sonra sayğacın gövdəsi açılmış və üzərindəki göstərici xüsusi cihazla oxunmuşdur. Oxunma zamanı sayğac üzərində 1.196,90 manat (769,30 manat sayğac göstəricisi + 427,60 manat limitdən artıq sərfiyyat) öncədən oxunmamış və sərf edilmiş elektrik enerjisinin dəyəri abonent koduna əlavə edilmişdir. Qeyd: akt üzrə hesablanmış məbləğ - 98,87 manat; sayğac üzərində olan oxunmamış məbləğ - 1.169,90 manat; elektrik enerjisindən istifadəyə görə - 32,49 manat; ümumi cari borc - 1.328,26 manat.
16. Abunə haqqında sənəddən görünür ki, xx.xx.2017-ci il tarixdə kompüter məlumat bazasına 17512 göstəricisinə görə iddiaçıya 769,30 manat sayğac göstəricisi və 427,60 manat limitdən artıq sərfiyyat daxil edilmişdir.
Tətbiq edilən hüquq
17. Mülki Məcəllə
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə Qaydaları:
7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.13. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
19. Mülki Prosessual Məcəllə
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə 3 illik iddia müddətini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdehin iddiaçıdan müqavilə üzrə tələb etdiyi borc məbləği olmuşdur ki, cavabdeh tərəfindən tələb olunan borc məbləği tərəflər arasında elelktrik enerjisinin alqı-satqısı müqaviləsindən irəli gəlmişdir. Yəni, hazırkı işin hallarına əsasən iddiaçı qeyd olunan tələb üzrə öhdəlik daşıyan şəxs olmuşdur. Bu zaman cavabdeh iddiaçıdan istifadə edilmiş elelktrk enerjisinə görə hesablanmış pulun ödənilməsini tələb etmək hüququna malik olmuş, lakin məhkəmə qaydasında həmin tələbi irəli sürməmişdir. Cavabdeh məhkəmə qaydasında həmin tələbi irəli sürəcəyi təqdirdə yalnız öhdəlik daşıyan şəxs iddia müddətini keçməsinə əsaslanıb iddianın rədd edilməsini xahiş edə bilərdi. Hazırkı halda isə öhdəlik daşıyan şəxs iddia qaldıraraq, abonent hesabına qeyd edilmiş borcun silinməsini tələb etmişdir ki, qeyd edilən hüquq iddia müddətinin anlayışın daxil edilən hüquq deyildir. Buna görə də birinci instansiya məhkəməsinin müqavilə tələbləri üzrə 3 illik iddia müddətini tətbiq etməklə iddianı rədd etməsi əsassız hesab olunur.
23. İşin hallarından isə görünür ki, iddiaçıya məxsus sayğac yük maşını tərəfindən əzilərək yararsız vəziyyətə düşmüş və buna müvafiq olaraq da 30 iyun 2017-ci il tarixli, R 062997 saylı akt tərtib edilmişdir. İddiaçıya məxsus syağac yararsız vəziyyətə düşdüyündən xx.xx.2017-ci il tarixdə yenisi ilə əvəz edilmiş və çıxarılan sayğac yoxlamaya göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məlumatda yoxlama nəticəsində sayğacın gövdəsinin fiziki təsir nəticəsində sındığı, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığı, sayğacın gövdəsinin açılması və üzərindəki göstəricinin (“17512”) xüsusi cihazla oxunması və xx.xx.2017-ci il tarixdə kompüter məlumat bazasına daxil edildiyi bildirilmişdir.
24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh təşkilat sayğac zədələndiyindən üzərindəki göstəricinin xüsusi cihazla oxunduğunu və göstəricinin 17512 kvt olmasını iddia etsə də yoxlamanın nəticəsinə dair müvafiq sənədi məhkəməyə təqdim etməmişdir.
25. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, cavabeh təşkilat tərəfindən sayğacın zədələndiyi vaxtadək götürülmüş sonuncu göstərici 6522 kvt olmuş, yoxlamadan sonra sayğac üzərində qeydə alınmış, lakin abunə hesabında daxil edilməmiş 10990 (17512-6522=10990) kvt-luq elelktrik enejisi məbləği və onun dəyəri olan 769,3 manat, o cümlədən limitdən artıq istifadəyə görə 427,6 manat xx.xx.2007-ci il tarixdə iddiaçını abunə hesabına borc kimi daxil edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bu halın iddiaçının cavabehin öz əməkdaşı ilə sövdələşməsi əsasında baş verə biləcəyi ehtimalını irəli sürmüşdür. Belə ki, cavabdeh tərəfin ehtimalına görə öz əməkdaşı sayğacın göstəricini düzgün olaraq qeydə almamış və abunə hesabına az göstərici ilə daxil etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilatın zədələnmiş sayğacın yoxlanılmasına və üzərindəki göstəricinin 17512 kvt olmasının müəyyən edilməsinə dair müvafiq sənədi məhkəməyə təqdim etməməsi, bu halın işçinin iddiaçı ilə sövdələşməsi əsasında baş verə biləcəyi ehtimalı olduğu təqdirdə isə öz işçisinin əmək və icra intizamını pozmasına görə intizam məsuliyyətinə cəlb etməsinə, o cümlədən işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətə cəlb edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi nəzərə alındıqda, iddiaçının abunə hesabına xx.xx.2007-ci il tarixdə daxil edilmiş 769,3 manat, o cümlədən limitdən artıq istifadəyə görə 427,6 manatlıq borc məbləğinin əsassız olması təsdiq olunur.
27. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilərək, iddiaçının abunə hesabına daxil edilmiş 1006,21 manat borc məbləği silinməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4062/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı məxsus **********05943 saylı abonent hesabına daxil edilmiş borc məbləğinin 1006,21 (min altı manat, 21 qəpik) manatı silinsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.