Məhkəmə qərarları › İş №2(105)-768/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-768/2022

28.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-768/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-4896/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-4896/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdehlər Abşeron rayon Ceyranbatan Bələdiyyəsinə və Cavabdeh2 oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayon Ceyranbatan Bələdiyyəsi ilə Cavabdeh2 oğlu arasında bağlanmış torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, onun Sovetlər dövründə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini münbitləşdirərək oradan bağ kimi istifadə etmişdir. O zamankı dövrdə bağlar təsərrüfatları var idi və zavod, fabrik, təhsil, səhiyyə işçilərinə bu cür bağlardan istifadə etməyə hər bir vətəndaşa icazə verilmiş və qanunla tənzimlənmişdir. Sovetlər zamanı o, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən zaman yüksək dərəcəli şüalanma almışdır və İİ qrup əlildir. Əlillərə verilən imtiyazlardan istifadə edərək o, həmin torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödənişindən azad edilmiş, bu səbəbdən də ödəniş etməmişdir. Cavabdeh Cavabdeh2 uzun illər həbsxana həyatı yaşamış və bu zaman vergi də ödəyə bilməzdi və ödəniş barədə də heç bir qəbzi yoxdur. Bələdiyyə həmin torpağı Cavabdeh2 satan zaman əvvəlki bələdiyyə sədri ilə onun arasına mübahisə baş vermiş, onun şikayətindən sonra bələdiyyə sədri və o, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş idarəsinə çağırılmış və orada məsələni qanunla tənzimləmək tövsiyyə edilmişdir. Buna baxmayaraq Ceyranbatan bələdiyyəsinin sədri mübahisəli torpağı satmışdır. Bu barədə olan müqavilənin 4.1-ci bəndində göstərilir ki, satılan torpaq sahəsi alıcının istifadəsi üçün yararlı vəziyyətdədir, üçüncü şəxslər torpağa hər hansı iddialarının və hüquqlarının olub - olmamasını bildirməmişlər. Torpaq Cavabdeh2 satılan zaman Ceyranbatan Bələdiyyəsinin yeni sədri Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsinə məktub göndərərək ayrılmış torpaq üstündə iddiası olan başqa bir vətəndaşın tələbi ilə əlaqədar mübahisəli şərait yarandığına görə həmin torpaq üzərində yaranmış mübahisə öz həllini tapmayana qədər torpağın alqı-satqısına dair aktın qeydə alınmamasını bildirmişdir. Lakin bu xəbərdarlığa məhəl qoyulmamışdır. O, Çernobıl qəzası zamanı güclü şüalanmaya məruz qalmış, müalicə alan dövrdə bundan istifadə edərək və onun xəbəri olmadan bələdiyyə torpaq sahəsinin alqı-satqısını aparmışdır. Onun həmin torpağı sənədləşdirməyə maddi imkanı olmamışdır. Bu səbəbdən də hesab edir ki, torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi qanunsuzdur və etibarsız hesab edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon Ceyranbatan qəsəbə bələdiyyəsinin 28 fevral 2005-ci il tarixli, 03 saylı qərarı əsasında aparılmış torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını kobud şəkildə pozaraq qeyri obyektiv, ədalətsiz qərar çıxarmışdır. Belə ki, cavabdeh Abşeron rayon Ceyranbatan Bələdiyyəsi və Cavabdeh2 oğlu qanunsuz olaraq ona məxsus Sovetlər dövründən qalan bağ kimi istifadə etdiyi 0,4 ha torpaq sahəsini əlindən almışlar. Torpaq sahəsi Cavabdeh2 oğluna cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra satılmışdır. Bu barədə şikayətlər etdikdən sonra X2 rayon Torpaq və Xəritəçəkmə şöbəsinə məktub göndərərək ayrılmış torpaq üstündə iddiası olan başqa bir vətəndaşın tələbi ilə əlaqədar mübahisəli şərait yarandığına görə həmin torpaq üzərində yaranmış mübahisə öz həllini tapmayana qədər torpağın alqı-satqısına dair aktın qeydə alınmamasını bildirmişdir. Lakin bu xəbərdarlığa məhəl qoyulmamışdır. O, 2-ci qrup Çernobıl əlili olmağı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq vergisinin ödənişindən azad olmuşdur. Lakin həmin qurumlar öz cavablarında həmin torpağın naturada yerində olduğunu və heç bir alqı-satqı aparılmadığını bildirirlər. Buna baxmayaraq torpaq ona qaytarılmır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Abşeron rayon Ceyranbatan Bələdiyyəsinin 30.06.2006-cı il tarixli, 05 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,045 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehlər Abşeron rayon Ceyranbatan Bələdiyyəsi və Cavabdeh2 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh Abşeron rayon Ceyranbatan Bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, Cavabdeh2 oğlu məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon Ceyranbatan Bələdiyyəsinin 25.02.2005-ci il tarixli, 03 saylı qərarının surətindən görünür ki, Cavabdeh2 oğlunun ərizəsini nəzərə alaraq Nizami küçəsinin arxasında, Su Kəmərləri xidməti idarəsinə gedən yolun sağ tərəfindəki uzun müddət bağ-bostan kimi istifadə etdiyi 0,04 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ona ayrılması qərara alnmışdır. İş materiallarında olan 28.02.2005-ci il tarixli bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayon Ceyranbatan Bələdiyyəsi tərəfindən Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh2 oğluna satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 06/296 saylı, 21.07.2020-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayon Ceyranbatan Bələdiyyəsinin 30.06.2006-cı il tarixli, 05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 0,045 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə bitişik ərazidə bələdiyyə tərəfindən 28.02.2005-ci il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha torpaq sahəsi Cavabdeh2 oğluna ayrılmışdır. Cavabdeh2 oğlu mülkiyyətində olan 0,04 ha torpaq sahəsini 03.03.2008-ci il tarixdə alqı-satqı yolu ilə X1. Hazırda 0,04 ha torpaq sahəsi X4 mülkiyyətindədir. Ona məxsus 0,045 ha torpaq sahəsi və X5 məxsus 0,04 ha torpaq sahəsi naturada öz yerindədir, həmin torpaq sahələrində heç kim tərəfindən tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. “Torpaq islahatı haqqında” qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Abşeron rayon Ceyranbatan Bələdiyyəsinin 30.06.2006-cı il tarixli, 05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,045 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi naturada öz yerindədir. Məhkəmə kollegiyası hazırki tələblə bağlı iddiaçının cavabdehlərə qarşı məhkəməyə müraciət etmək hüququnun olub-olmamasını məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddiaçı hazırki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə işə baxır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-4896/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar