Məhkəmə qərarları › İş №2(105)-772/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-772/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-772/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-27/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 599,9 manat əsas, 89,9 manat cərimə, cəmi 689,8 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “XİAOMİ” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, ümumiyyətlə heç bir ödəniş etməmiş və qalıq qalmış 599,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 899 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 899 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 89,9 manat İddiaçı MMCyə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 599,9 manat əsas, 89,9 manat cərimə, cəmi 689,8 manat təşkil etmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-27/2025 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Telefon qüsurlu olduğuna görə cavabdeh telefonu aldığı mağazaya geri qaytarmışdır. Hazırda telefon İddiaçı MMC-dədir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 445.3,448.1, 449.4, 567, 600.1, 600.4, 600.5, 581, 582ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-27/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə obyektiv vəziyyəti düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli alqısatqı müqavilə üzrə cavabdeh tərəfindən alınmış “Xiaomi” markalı mobil telefonun servis aktını sübut qismində qəbul etməmişdir. Məhkəmə cavabdehin mobil telefonu sadəcə 3 gün istifadə etməsini əsas göstərərək iddianı rədd etmişdir. Belə ki,”İrşad Electronics” MMC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara əsasən mobil telefonda Cavabdeh tərəfindən iddia edilən qüsurlar müəyyən olunmamışdır. Bu halda İddiaçı MMC cavabdehlik daşımır və bununla əlaqəli müqavilədə hər hansı maddə nəzərdə tutulmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində ekspertiza təyin edilmiş, lakin ekspert qarşısında düzgün suallar qoyulmamışdır. Ekspert rəyi işin mahiyyəti üzrə həll edilməsinə köməklik göstərilməmişdir. Məhsulun şəbəkəsində problem yaranmışdır. Ekspertiza təyin olunarsa telefonda qüsur olmaması aşkar edilərdi. Telefon 3 ay sonra təqdim edilib. Cihazda qüsur aşkar edilməyib. Cavabdeh əsas olmadan qüsur olduğunu bildirir. Telefon hal-hazırda təmsil etdiyi təşkilatdadır.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat ödəməyi öhdəsinə götürmüşdür.

13. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür.

14. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə müqavilənin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir.

15. İş materiallarında olan texniki rəydən görünür ki, “XİAOMİ” REDMİ NOTE 10S markalı telefon diaqnostikadan keçirilmiş, diaqnostikanın nəticələrinə görə iddia edilən qüsur təsdiqlənməmişdir. Cihaz işlək vəziyyətdədir və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlir. Cihazın istifadəsi məhdudlaşdırılmışdır. İrsad Electronics MMC tərəfindən müvəqqəti istifadəyə verilmiş cihaz təyin olunmuş şərtlərə əməl olunmadığından deaktiv olunmuşdur. Qeyd olunan rəydə göstərilib ki, cıhazın qəbul olunma tarixi xx.xx.2022-ci ildir.

16. İş materiallarında olan məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 12099 nömrəli məktubundan müəyyən olunur ki, **********56061 və **********56079 İMEİ kodlu cihazın ümumiyyətlə xx.xx.2023-cü il tarixinədək Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir.

17. İş materiallarında olan məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli AZF/LGL-15184/23 nömrəli məktubundan müəyyən olunur ki, **********56061 İMEİ kodlu mobil telefon sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilməmişdir.

18. İş materiallarında olan məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" MMCnin sorğu ilə əlaqədar əldə olunmuş məlumatdan müəyyən olunur ki, GSM nömrəsi ********* olan mobil telefon X2, ********* nömrəli telefon X1 məxsusdur. Qeyd olunan mobil telefon nömrələri sorğulanan cıhazda xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, yəni cəmi 03 gün istifadə edilmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

20. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-27/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-27/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 599,9 manat əyərində “XİAOMİ” markalı mobil telefonu cavabdeh tərəfindən alınmış, lakin cavabdeh telefonda qüsür olması, yəni telefon dalğasında problem olduğuna görə geri qaytarmışdır. İşdə olan sübutlarla cavabdeh tərəfindən telefonun yalnız 3 gün istifadə olunduğu təsdiq olunmuşdur. Telefon geri qaytarılarkən cavabdehin iddia etdiyi qüsurun mövcudluğu yoxlanılmamış və buna dair hər hansı bir təhvil aktı tərtib edilməmişdir ki, bununla da məhkəmə kollegiyası iddiaçının cavadbehə bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya vermədiyi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyasıhesab edir ki, Mülki Məcəllənin 624.4-cü maddəsinin tələbinə uyğun olaraq, cavabdeh alıcı alğı-satqı müqaviləsinin icrasından haqlı olaraq imtina etmişdir. Belə olduğu təqdirdə isə iddiaçının qeyd olunan müqavilə üzrə tələbi əsassız olmuşdur ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur.

24. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-27/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-27/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar