Məhkəmə qərarları › İş №2(105)-775/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-775/2023

10.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-775/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, məhkəmə katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı ölüm faktının müəyyən edilməsi, miras qalmış evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(027)-485/2004 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y ƏN E T D İ : İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, X2 1996-cı ildə ölüm faktının müəyyən edilməsi və X3 ölümündən sonra miras qalmış evə onun və uşaqlarının vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 24 dekabr 2004-cü il tarixli, 2(027)-485/2004 saylı qətnaməsi ilə iddia qismən iddia qismən təmin edilmiş, X5 və X1 miras qalmış Quba rayonu, Amsar kəndindəki iki mərtəbəli, 4 otaqlı yaşayış evinin və 0.21 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə Cavabdeh qalan ½ hissəsinə İddiaçı vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilmişdir. Bu qətnamədən İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 aprel 2005-ci il tarixli qətnaməsi ilə təmi edilməmiş, və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2005-ci il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2- 485/2004 nömrəli, 24 dekabr 2004-cı il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(027)-485/2004 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bu qərardaddan sonuncu tərəfindən verilən şikayət Quba Rayon Məhkəməsinin bu iş üzrə 03 fevral 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədən verilən apellyasiya şikayətini geri qaytarılması barədə mövqeyi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Mübahisələndirilən məhkəmə qətnaməsi idarənin hüquq və vəzifələrinə toxunur. Bu səbəbdən prosessual hüquqdan istifadə edərək, tərəflərindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi artıq icra edilmiş qətnamənin sonradan həmin hüquqların verildiyi digər orqan tərəfindən mübahisələndirilməsi üçün hüquqi əsas yoxdur. Belə olan halda sözügedən qətnamənin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hansı hüquq və vəzifələrinə toxunduğu, həmin İdarənin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs hesab edilib-edilməməsi aydınlaşdırlılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətə səbəb kimi qeyd olunan torpaq sahəsinə dair digər şəxslərin hüquqlarının müxtəlif illərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını göstərir. Məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq qeyd edir ki, qeyd olunan torpaq sahəsinə dair mübahisə hər bir halda həmin torpaq sahəsinə iddia edən şəxslər arasında olan mübahisədir. Bu mübahisədə İdarə hələki tərəf deyildir. Həmin mübahisə tərəflərin öz aralarında məhkəmədən kənar, yaxud da məhkəmə qaydasında həll edilməli, dövlət reyestrində qeydiyatda buna uyğun aparılmalıdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qabaqcadan bu mübahisəyə qoşulması, mübahisə tərəflərindən birinin maraqları üçün şikayət verməsi onun mübahisədə bitərfliyinə şübhələr doğura bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, artıq uzun müddət əvvəl qəbul edilmiş məhkəmə qətnaməsindən, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab edən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ərzində verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək qeyd edir ki, mübahisləndirilən məhkəmə qətnaməsinin qəbul edilməsindən, hətta ondan verilən şikayətlərdən sonra, qətnamənin qanuni qüvvəsini almasından təxminən 15 ildən çox vaxt keçmiş, qətnamə artıq icra olunmuşdur. Ən əsası isə şikayətin dəlillərindən şikayət verən tərəfin mübahisələndirilən qətnamənin mövcud vəziyyətdə İdarənin hansı hüquq və vəzifələrinə müdaxilə təşkil etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Sadalananlardan yekun nəticəyə gələn, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(027)- 485/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(027)-485/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar