Məhkəmə qərarları › İş №2(105)-779/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-779/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-779/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Аzərbаycаn Respublikаsı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Bayramov) ərizənin təmin edilməsi, “X4” qızının adına yazılmış 400 kv. metr torpaq sahəsinin verilməsi barədə 31 avqust 1994-cü il tarixli 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarının Ərizəçi məxsus olması faktının müəyyən edilnəsi, məhkəmə xərclərinin ərizəçiyə aid edilməsi qət edilmişdir. Maraqlı şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına yazılmış 31 avqust 1994-cü il tarixli 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarının o, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun adı Leyli, ata adı Emirəmzəyevna, soyadı isə Babayevadır. O, xx.xx.1976-cı il tarixdə X2 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra Bağırova soyadını qəbul etmişdir. Lakin uzun müddət yaşadıqdan sonra isə ailə münasibətlərinə son qoyaraq rəsmi qaydada xx.xx.1990-ci il tarixdə ayrılmışlar. Ayrıldıqdan sonra isə o, əvvəlki ata soyadına, yəni Babayeva soyadına qayıtmışdır. Boşandıqdan sonra 31 avqust 1994-cu il tarixli, 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarına əsasən ona Xaçmaz rayonunun Xudat şəhəri, Konserv Zavod qəsəbəsi yeni planlarda yerləşən ərazidən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində yaşayış evini inşa etdirmişdir. Yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərdə (texniki pasport, qeydiyyat vəsiqəsi və sair) mövcuddur. Sözügedən yaşayış evini 08 aprel 2005-ci il tarixli, 1 A-1344 A 75 inventar nömrəli notarial müqaviləyə əsasən hazırki mülkiyyətçi olan X3 alqı-satqı yolu ilə satmışdır. Evin yeni mülkiyyətçisi də adına qeydiyyat vəsiqəsi almışdır. Hal-hazırda yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi (çıxarış) almaq qərarına gəlmişdir. Bu məqsədlə sənədləri 5 saylı Ərazi İdarəsinə təqdim edərkən 31 avqust 1994-cu il tarixli, 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarında o, Ərizəçi soyadı nikahda olduğu zaman daşıdığı soyadına uyğun “Bağırova kimi, adı “Leyli" olduğu halda səhvən “Leyla", ata adının isə “Emirəmzəyevna" olduğu halda səhvən “Əmirhəmzə qızı" kimi qeyd olunduğundan sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Bu səbəbdən 5 saylı Ərazi İdarəsi tərəfindən imtina verilmiş, ona tövsiyə edildi ki, sənəddə olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təsdiq edildikdən sonra sənəddə olan uyğunsuzluq aradan qalxar və o, yeni sənəd ala bilər. Hazırda o, baş vermiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə məhkəmə tərəfindən tərəf kimi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarılmışdır. Bildirilir ki, mübahisə predmeti olan torpaq sahəsinin Xaçmaz rayon XDS Rəyasət Heyətinin 31 avqust 1994-cü il tarixli 42 №-li qərarı ilə verildiyi qeyd edilmişdir. Belə olan halda tərəf kimi həmin qurumun hüquqi varisi Xaçmaz Rayon İcra Hakimiyyəti cəlb edilməlidir. Lakin məhkəmə bu işlə bağlı iddia predmeti olan torpaq sahəsinə dair sənədi tərtib etmiş qurumu cəlb etmədən və onun mövqeyini nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qərar qəbul edilmişdir. Hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə məhkəmə tərəfindən tərəf kimi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və ərizəçinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilməsi ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçinin tələbi X1 adına yazılmış 31 avqust 1994-cü il tarixli 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarının o, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədədir. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır (1.6). Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərdə tutan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.12. maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası tərəfindən ərizəçiyə faktın təsdiq edilməsini xahiş etdiyi sənədi verən orqana ərizədki səhvin aradan qaldırılması barədə müraciət etməsi və onun nəticəsi ilə bağlı sənədin təqdim etməsi üçün vaxt verilsə də, Ərizəçi tərəfindən həmin nöqsan aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.5, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Bu qərardad Ərizəçi göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi əsaslarla ərizə ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar