Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-78/2021 30.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-yə qarşı ona məxsus çayxana obyektinə edilən qəsdlərə son qoyulması, giriş-çıxış yolunda qanunsuz inşa edilmiş tikililərin sökülməsi və yolun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı 29 dekabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(067)-190/2017 saylı qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) İddiaçı cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-yə qarşı cavabdeh tərəfindən ona məxsus Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən çayxana obyektinə edilən qəsdlərə son qoyulması, obyektinin giriş-çıxışında inşa edilmiş tikililərin sökülməsi və obyektinə sərbəst giriş-çıxış yolunun bərpa edilməsi tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli, 2(105)-2212/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı, 29 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2(102)-7781/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli, 2(105)-2212/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(105)-1214/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(102)-5968/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin rəhbərliyinin ona məxsus Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən çayxana obyektinə edilən qəsdlərə son qoyulması, obyektinin giriş-çıxış yolunda qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və obyektinə sərbəst giriş-çıxış yolunun bərpa edilməsi, arxa və yan tərəflərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhər İnzibati Ərazi Vahidliyinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamı ilə ona Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində iaşə obyekti tikmək üçün 42 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində metal konstruksiyadan çayxana quraşdırmışdır. Çayxananı uzun müddət mərhum əri X9 idarə etmişdir. "xxxx" Özəl Ticarət Mərkəzi MMC həmin ərazidə yerləşən obyektlərin məxsus olduğu şəxslərə, o cümlədən, ona qarşı obyektlərin sökülməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Lakin, iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. X17 2015-ci ildə vəfat etmişdir. Bundan sonra cavabdehin rəhbərliyi çayxananın giriş-çıxış yolunu bağlamış, orada başqa şəxslər tərəfindən ticarət aparılması üçün piştaxtalar quraşdırıb, icarəyə vermişdir. Bu səbəbdən o, obyektini işlədə bilmir. O, heç bir yerdə işləmir. Ailəsinin yeganə qazanc mənbəyi həmin obyektin işlədilməsindən əldə etdiyi vəsait olmuşdur. Cavabdeh cəmiyyətin rəhbərliyindən dəfələrlə müraciət etməsinə baxmayaraq çayxananın giriş-çıxış yolu açılmamışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində istinad etdiyi X9 iddiaçının əri olmuşdur. O, 2015-ci ildə vəfat etmişdir. Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən yarmarka ərazisində metal konstruksiyasından inşa edilmiş çayxana obyekti 20 aprel 1995-ci il tarixli 128 saylı sərəncam ilə ona ayrılmış 42 kv.m torpaq sahəsində inşa edilmişdir. Həmin obyekti əri İsrafil istifadə etmiş və cavabdehlə onun və digər obyekt sahiblərinin məhkəmə mübahisələri zamanı cavabdeh qismində obyektin faktiki istifadəçisi olmuş əri X6 adı getmişdir və bunun nəticəsi olaraq məhkəmə qətnamələrində məhz ərinin adı getmişdir. Məhkəmə qərarlarında əri X6 adı getdiyi üçün həmin qərarların guya ona aidiyyatı olmaması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə qətnaməsində vurğulanır ki, mərhum X9 ilə qohumluq əlaqələrini təsdiq edən sənədi guya məhkəməyə təqdim etməmişlər. Halbuki, işdə iştirak etmiş nümayəndəsi X7 ölüm haqqında şəhadətnaməsini və aralarında bağlanmış rəsmi nikah haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Beləliklə, işə baxmış məhkəmə Azərbaycan Respublikası MPM-nin 88, 217.3-cü maddələrinin tələblərini pozaraq işdə olan sübutlara obyektiv qiymət verməmiş, bunun nəticəsi olaraq iş üzrə tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin girişçıxışına maneə törədən hissələri sökülməli və obyektin giriş-çıxış yolu bərpa edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına və Xaçmaz şəhər İƏV-nin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamına istinad edərək, cavabdehə qarşı ona məxsus olan çayxana tikilisindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ona deyil, X8 məxsus olan tikili ilə əlaqədar olmuşdur. İddiaçı tərəfindən isə onun vərəsəsi olması, ondan qalmış miras əmlakı qəbul etməsi ilə əlaqədar heç bir sübut təqdim edilməmişdir və bu əsasla iddiaçının iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. İddia tələbinin təmin edilməsi üçün iddiaçının istinad etdiyi digər əsas Xaçmaz şəhər İƏV-nin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamı ilə ona iaşə obyektinin tikilməsi üçün 42 kv.m torpaq sahəsi ayrılması ilə əlaqədardır. Lakin Xaçmaz Rayon Dövlət Arxivindən verilmiş arayışa əsasən eyni tarixli, eyni saylı iddiaçıya iaşə obyektinin ayrılması üçün torpaq sahəsinin ayrılması haqqında sərəncam aşkar edilməmiş, yəni, iddiaçı tərəfindən torpaq sahəsinə qanuni əsaslarla sahiblik etməsi halı sübut edilməmiş, onun torpaq sahəsinə mülkiyyət və ya sahiblik hüququnun dövlət reyestrində qeydə alındığını təsdiq edən qeydiyyat sənədi təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materialında olan Xaçmaz şəhər İƏV-nin nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamdan çıxarışın surətindən görünür ki, İddiaçı Xaçmaz şəhəri, 20 yanvar küçəsində, yarmarkanın girişində iaşə xidməti obyektinin tikintisi üçün 42 kv.m torpaq sahəsi ayrılmışdır. "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin nizamnaməsinin surətindən görünür ki, cəmiyyət 07 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materialında olan məhkəmə qərarlarının surətlərindən görünür ki, "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin X9 və digərlərinə qarşı obyektlərin sökülməsi və ərazidən çıxarılması tələbləri barədə iddia ərizəsi təmin edilməmişdir. Xaçmaz rayonunun notariusu tərəfindən təsdiq edilmiş 11 avqust 2016-cı il tarixli, 2V- 678 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən müəyyən edilir ki, 09 yanvar 2016-cı il tarixdə vəfat etmiş X6 vərəsələrindən biri İddiaçı və X3r, onlar mirası qəbul etmişlər. Xaçmaz Rayon Dövlət Arxivinin 15 sentyabr 2017-ci il tarixli, 658 saylı məktubundan görünür ki, Xaçmaz şəhəri İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 20 aprel 1995-ci il tarixli, 128 saylı Sərəncamında İddiaçı torpaq sahəsi ayrılması üçün qərar aşkar edilməmişdir. Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncamla Xaçmaz şəhəri, Natəvan küçəsi 18 saylı evdə yaşayan X4 həyətyanı torpaq sahəsinə bitişik olan 250 kv.m torpaq sahəsi tikinti aparmamaq şərtilə əkilib-becərilməsi üçün onun istifadəsinə verilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin 05 aprel 2019-cu il tarixli, 311 saylı məktubundan görünür ki, Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin sərəncamlar kitabında 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamda İddiaçı iaşə xidməti obyektinin tikilməsi üçün torpaq sahəsinin verilməsi barədə qərar qeyd olunmamışdır. Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin 17 aprel 2019-cu il tarixli, 45 saylı məktubundan görünür ki, 1995-ci il tarixli sərəncamlar qovluğu, kitabı, əmrlər qovluğu və kitabı arxivdə saxlanılması zəruri olan digər sənədlər Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilmişdir. Nümayəndəlikdə həmin dövrə aid heç bir sənəd saxlanmamışdır. Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin 17 aprel 2019-cu il tarixli, 46 saylı məktubundan görünür ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən yarmarkanın girişində iaşə xidməti obyekti tikmək üçün 42 kvadrat metr torpaq sahəsi ayrılması barədə İddiaçı verilmiş 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamdan çıxarışdakı latın qrafikalı əlifba ilə hazırlanmış möhür Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin həmin dövrə uyğun möhürüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşdən görünür ki, Xaçmaz şəhər İnzibati Ərazi Vahidliyinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamı ilə iddiaçıya Xaçmaz şəhəri, 20 Yanvar küçəsində Yarmarkanın girişində iaşə obyekti tikmək üçün 42 kv.m torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində tərəfindən metal konstruksiyalı çayxana obyekti quraşdırılmış, uzun illər əri X9 həmin obyekti işlətmişdir. X16 2015-ci ildə vəfatından sonra cavabdeh MMC-nin rəhbərliyi çayxananın giriş-çıxış yolunu bağlayaraq, orada başqa şəxslər tərəfindən ticarət aparılması üçün piştaxtalar quraşdırıb, həmin yeri icarəyə vermiş və bu səbəbdən obyektini işlədə bilməmişdir. İş materiallarından həmçinin görünür ki, X5 "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin direktoru və eyni zamanda təsisçisidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları iddiaçıya deyil, X8 məxsus olan tikili ilə əlaqədar olmuşdur. İddiaçı tərəfindən isə həmin şəxslə qohumluq əlaqəsi, onun vərəsəsi olması, ondan qalmış miras əmlakı qəbul etməsi ilə əlaqədar heç bir sübut təqdim edilməmişdir. Bundan başqa iddiaçıya iaşə obyektinin ayrılması üçün torpaq sahəsinin ayrılması haqqında sərəncam aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin hazırkı iş üzrə 2(102)-5968/2019 saylı, 14 avqust 2019-cu il tarixli qərarında göstərilmişdir ki, hazırkı iş üzrə cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin İddiaçı əri X8 və qeyrilərinə qarşı tikilinin sökülməsi, oradan çıxarılması və s. tələbinə dair iddiası Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 23 yanvar 2012-ci il tarixli qətnaməsi ilə rədd olunarkən və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılarkən iddianın əsassız olmasını təsdiq edən sübut kimi 20 aprel 1995-ci il tarixli sərəncama istinad edilmiş və məhz həmin sərəncamın mövcudluğu və qanuni sayılması iddianın rədd edilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə iddiaçı həmin işdə bilavasitə iştirak etməsə də, işdən görünür ki, başqa iş üzrə iddia onun X17ə qarşı qaldırılmış və iddiaçı onun vərəsəsi olmaqla mirası qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun olmaması və torpaq sahəsinin ayrılması barədə sərəncamın olmamasını əsas gətirərək iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərinin araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 iyul 2021-ci il tarixli, 10/2889 nömrəli ekspert rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş həmin rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən Xaçmaz şəhər İƏV-nin nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 1995-ci il tarixli 128 saylı sərəncama əsasən İddiaçı Xaçmaz şəhəri, 20 yanvar küçəsində, yarmarkanın girişində iaşə xidməti obyektinin tikintisi üçün ayrılmış 42 kv.m torpaq sahəsində iddiaçıya məxsus mübahisəli obyektin giriş-çıxış yolunda inşa edilmiş tikililər cavabdeh ekspertiza keçirilməsi üçün təyin olunan vaxtda mübahisəli ərazidə iştirak etmədiyindən faktiki inşa edilmiş tikililərin cavabdehə aid olduğunu müəyyən etmək olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən inşa edilmiş tikililər iddiaçının obyektinə giriş-çıxışa mane yaratdığını nəzərə alaraq həmin tikililər şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəynə əsasən inşa edilmiş tikililər iddiaçının obyektinə giriş-çıxışa mane törədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəynə əsasən cavabdehin mübahisəli ərazidə iştirak etmədiyindən mane törədən hissələrin ölçülərinin alınması mümkün olmadı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, X1 icarəyə verilmiş torpaq sahəsinin faktiki sərhədlərinin koordinatlarını cavabdehin ekspertiza keçirilməsi üçün təyin olunan vaxtda mübahisəli ərazidə iştirak etmədiyindən naturada alınması və RX seriyalı ******* nömrəli çıxarışın koordinatları ilə müqayisə edilməsi mümkün olmadı. Mütəxəssis rəyinə əsasən mübahisələndirilən tikililər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 icarəyə verilmiş torpaq sahəsinin koordinatları daxilindədir. Mütəxəssis rəyinə əsasən tikililər və ya onların hər-hansı hissəsi iddiaçının faktiki istifadə etdiyi obyektin daxilində deyildir. Göründüyü kimi mübahisələndirilən tikililərin cavabdeh tərəfin istifadəsində olan torpaq sahəsinin hüdudlarında yerləşməsi, həmin tikililərin iddiaçının obyektinə girişçıxışına maneə yaratması və həmin tikililərin şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən olunur. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbi qismən təmin edilməli, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələri sökülməli və obyektin giriş-çıxış yolu bərpa edilməlidir. İddia tələbinin obyektin arxa və yan tərəflərinin boşaldılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tədqiq olunmuş sübutlarla iddiaçının istifadəsində olan obyektin arxa və yan tərəflərində hər hansı maneənin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələri sökülməli və obyektin giriş-çıxış yolu bərpa edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-dən torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 311 (üç yüz on bir) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələri sökülsün və obyektin giriş-çıxış yolu bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-dən torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 311 (üç yüz on bir) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-78/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-78/2021
30.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver