Məhkəmə qərarları › İş №2(105)-781/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-781/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-781/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X7» Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı «X7» Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, (tərəflər sonuncu məhkəmə iclasına gəlməmişlər) Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)-1024/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları «X1 LTD» törəmə şirkəti ilə (hazırda bu şirkətin hüquqi varisi «X7» MTK) Cavabdeh arasında bağlanmış 29 iyun 2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında olan 06 saylı binanın 14-cü mərtəbəsində yerləşən 2 otaqlı 58 saylı mənzil hər 1 kv. metr üçün 850 manat olmaqla 86700 manata satılmışdır. «X7» MTK tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli 147 saylı maliyyə arayışınına əsasən, Cavabdeh hazırda «X7» MTK-ya 33600 manat borcu qalmaqdadır. Müqavilə üzrə son ödəniş 11 avqust 2022-ci il tarixdə 500 manat olmaqla Cavabdeh tərəfindən aparılmışdır. 29 iyun 2016-cı il tarixli 759 saylı müqaviləyə 1 saylı əlavədə Cavabdeh qeyd etmişdir ki, «X7» MTK-ya olan 48.400 manat borcdan 31 mart 2020-ci tarixə kimi 20.000 manat ödənilməsin təmin edəcək. Öhdəliyi yerinə yetirmədiyi halda notariat qaydada mənzildən imtina ərizəsi yazmağa hazırdır. Birinci instansiya məhkəməsində icraat «X7» Mənzil Tikinti Kooperativi məhkəmədə iddia qaldıraraq «X1 LTD» törəmə şirkəti ilə (hazırda bu şirkətin hüquqi varisi «X7» MTK) Cavabdeh arasında bağlanmış 29 iyun 2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 33600 manat və ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq iddiaçı «X7» Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X7» Mənzil Tikinti Kooperativi iddiasını onunla əsaslandırmışdır ki, «X1 LTD» törəmə şirkəti ilə (hazırda bu şirkətin hüquqi varisi «X7» MTK) Cavabdeh arasında bağlanmış 29 iyun 2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında olan 06 saylı binanın 14-cü mərtəbəsində yerləşən 2 otaqlı 58 saylı mənzil hər 1 kv.metr üçün 850 manat olmaqla 86700 manata satılmışdır. İddiaçı qeyd olunan müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh müqavilə dəyərindən 20500 manat ilkin ödəniş kimi etmiş, yerdə qalan 66200 manat hissəsini hər ay 2130 manat olmaqla 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə son ödəniş tarixi 29 noyabr 2018-ci il müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə və ona edilmiş əlavənin şərtləri pozulmuş, yuxarıda qeyd olunan tarixə öhdəlik tam olaraq icra olunmamışdır. Müqavilə üzrə ümumilikdə 53100 manat məbləğində vəsait ödənilmiş, hazırda MTK-ya 33600 manat borc qalmaqdadır. Müqavilə üzrə son ödəniş 11 avqust 2022-ci il tarixdə 500 manat olmaqla X3 tərəfindən aparılmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)-1024/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, «X1 LTD» törəmə şirkəti ilə (hazırda bu şirkətin hüquqi varisi «X7» MTK) Cavabdeh arasında bağlanmış 29 iyun 2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 33600 (otuz üç min altı yüz) manatın və ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq iddiaçı «X7» Mənzil Tikinti Kooperativinə ödənilməsi qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442., 445.1, 445.2.1, 445.2.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)-1024/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı «X7» Mənzil Tikinti Kooperativinin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnaməni əsassız və qeyri-obyektiv hesab edir. «X1 LTD» törəmə şirkəti ilə aralarında bağlanmış 29 iyun 2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında olan 06 saylı binanın 14-cü mərtəbəsində yerləşən 2 otaqlı 58 saylı mənzil hər 1 kv. metr üçün 850 manat olmaqla 86700 manata ona satılmışdır. Müqavilə şərtlərinə əsasən o, müqavilə dəyərindən 20500 manat ilkin ödəniş kimi etmiş, yerdə qalan 66200 manat hissəsini hər ay 2130 manat olmaqla 30 ay müddətinə öhdəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tərəfindən ümumilikdə 53100 manat məbləğində vəsait ödənilmiş, hazırda «X1 LTD» törəmə şirkətinə 33600 manat borcu qalmaqdadır. «X1 LTD» törəmə şirkətinə ödəniş etməməyinin əsas səbəbi ailə gəlirlərinin azalması, müəyyən işsizliklərin yaranması, həmin dövrün pandemiya vaxtına düşməsi ilə əlaqədar olmuşdur. Bununla əlaqədar «X1 LTD» törəmə şirkətini (hazırda bu şirkətin hüquqi varisi «X7» MTK-nı) məlumatlandırmışdır. Sonradan ailə gəlirləri qaydasına düşdüyündən tərəfindən müqavilə üzrə 11 avqust 2022-ci il tarixdə 500 manat olmaqla ödəniş aparılmışdır. 2022-ci ilin avqust ayından sonra da ödənişlər etmək məqsədi ilə şirkətin hüquqi varisi «X7» MTK-ya yaxınlaşsa da, ödənişlər ondan qəbul olunmamış, ödəniş məbləğinin az olduğu bəhanə edilmiş və tərəflərindən iddia ilə məhkəməyə müraciət edilcəyi bildirilmişdir. Göründüyü kimi yuxarıda qeyd etdiyi səbəblərdən «X1 LTD» törəmə şirkətinə olan borcu tam ödəyə bilməmişdir. Hal-hazırda yenidən ödənişlər etməyə başlamış və hissə-hissə aylıq ödənişləri ödəməyə razıdır. «X7» MTK-nın ondan borcunu tam şəkildə tələb etməsi üçün heç bir əsas yoxdur, bu hal onu maliyyə cəhətdən daha da əlverişsiz vəziyyətə sala bilər. Bundan əlavə iddiaçı iddia ərizəsində göstərir ki, qeyd olunan müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Qeyd edir ki, «X1 LTD» törəmə şirkəti 2016-cı ilin sonuna kimi binanın tam təmirli şəkildə mülkiyyətçilərə təhvil verəcəyini öhdəsinə götürsə də, 2018-ci ildə binaya lift qoyulmağa və təmir işlərinə başlanılmışdır. Həmçinin 2017-ci ildə ona mənzilə dair mülkiyyət sənədi (çıxarış) veriləcəyi «X1 LTD» törəmə şirkəti tərəfindən öhdəliyə götürülsə də, hələ bu günə qədər binada o daxil olmaqla heç bir kəsə mülkiyyət sənədi (çıxarış) verilməmişdir. Göründüyü kimi «X1 LTD» törəmə şirkəti də öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Ona mənzilə dair mülkiyyət sənədi (çıxarış) verilsə idi ödəniş üçün müəyyən tədbirləri də görmək olardı. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, borcun ödənilməməsi pandemiya şəraiti, Rusiyada baş verən mübaribə vəziyyəti ilə əlaqədar olmuşdur. Belə ki, kiçik sahibkarlıqla məşğul olaraq Rusiyada meyvə-tərəvəz ticarəti ilə məşğul olurdu. Lakin qeyd edilən səbəblərə görə və övladlarının toy məclislərinə görə müvafiq ödənişləri həyata keçirə bilməmişlər. Müqavilədə nəzərdə tutulan borcu bağlamaq üçün 1 il müddət onlara kifayət edər, hazırda başqa kreditlər üzrə ödənişlərini edirlər, onları yoluna qoyduqdan sonra hazırkı borcu ödəmək niyyətindədirlər. MTK rəhbərliyi ilə münasibətlərində heç bir problem yoxdur, sadəcə ödənişləri həyata keçirmək imknanının əldə edilməsi üçün vaxtı uzatmaq məqsədilə apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı «X7» Mənzil Tikinti Kooperativinin vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)-1024/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı «X7» Mənzil Tikinti Kooperativinin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması nəticəsində mübahisəsiz qaydada müəyyən edildi ki, «X1 LTD» törəmə şirkəti ilə (hazırda bu şirkətin hüquqi varisi «X7» MTK) Cavabdeh arasında 29 iyun 2016-cı il tarixli müqavilə bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh müqavilə ilə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 86700 manatın 20500 manat hissəsini ilkin ödənişi edib, qalan məbləği isə hər ay 2130 manat olmaqla 30 ay müddətinə hissə-hissə ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cəmi 53100 manat məbləğində ödəniş etmişdir. Bundan sonra, iddiaçı MTK tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri tam ödəməmişdir. Hazırda «X7» MTK müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə tərəflər arasında bağlanmış müqavilə üzrə qalan borcun qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi mənzilin dəyərini hazırkı müqaviləyə 1 saylı Əlavədə göstərilmiş mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh imzaladığı müqavilədə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müqavilədə göstərilən qrafik üzrə ödənişlərini vaxtında etməmiş, bununla da qarşı tərəfin müqavilə üzrə ödənişin ona ödənilməsi barədə tələb hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili, yəni iddiaçı tərəfindən mənzilin ona təhvil verilməməsi ilə bağlı qeyd edir ki, cavabdehin hal-hazırda ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamaları və mənzilin cavabdehin sahibliyində olması işin mübahisəsiz halı olmuşdur. Apellyasiya şikayətinin 2017-ci ildə ona mənzilə dair mülkiyyət sənədi (çıxarış) veriləcəyi «X1 LTD» törəmə şirkəti tərəfindən öhdəliyə götürülsə də, bu günə qədər mülkiyyət sənədi (çıxarış) verilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Beləliklə, yuxarıda adıçəkilən maddələrin təhlilindən göründüyü kimi bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Göründüyü kimi, mübahisə edilən mənzilə dair müəyyən edilmiş pay haqqı cavabdeh tərəfindən iddiaçıya tam olaraq ödənilməmişdir. Mənzilə görə tam borc ödənildikdən sonra cavabdehin reyestrdən müvafiq çıxarış almaq hüququ yarana bilər. Buna görə də iddiaçının müqavilə üzrə qalan borcun ödənilməsi barədə tələbi haqlıdır və bu iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin «X1 LTD» törəmə şirkəti ilə (hazırda bu şirkətin hüquqi varisi «X7» MTK) Cavabdeh arasında bağlanmış 29 iyun 2016-cı il tarixli müqaviləsinə əsasən Cavabdeh 33600 manatın tutularaq iddiaçı «X7» Mənzil Tikinti Kooperativinə ödənilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)- 1024/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)-1024/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar