Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-786/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər “Bakunews.az” xəbər portalının təsisçisi Cavabdeh3, baş redaktoru Cavabdeh4, şef redaktoru Cavabdeh2 və Cavabdeh1 qarşı işgüzar nüfuza vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4120/2023 nömrəli 28 dekabr 2023-cü il qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, "Baku_news_az" "Tiktok" SOS şəbəkəsində “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla verilmiş video məlumatlar “Bakunews.az” xəbər portalı və "Baku_news_az" öz tik tok şəbəkəsində həqiqətə uyğun olmayan məlumatlar hesab edilərək təkzib olunması öhdəliyi “Bakunews.az” xəbər portalının təsisçisi Cavabdeh3 üzərinə qoyulması, Cavabdeh1 zərərin əvəzi kimi 5000 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “Bakunews.az” xəbər portalı tərəfindən Baku_news_az öz tik tok şəbəkəsində “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla verilmiş videodakı məlumatların şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, onun kütləvi informasiya vasitəsi olan “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” haqqında olan videonun həqiqətə uyğun olmayan yazılar hesab edilməsi, həqiqətə uyğun olmayan məlumatın təkzib olunması, onun yaydığı məlumatlara görə “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində üzr istəməsi, “Bakunews.az” xəbər portalı və Baku_news_az öz tik tok şəbəkəsi, Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə üzr məktubunun göndərilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işgüzar nüfuzu ləkələyən həqiqətə uyğun olmayan video məlumatları yaydıqlarına görə cavabdehlərdən müştərək qaydada vurduqları 30000 manat mənəvi zərərin əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən “Bakunews.az” xəbər portalı tərəfindən Baku_news_az öz tik tok şəbəkəsində yayımladığı “Ovçular ət və at məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqlı videoda gedən məlumatların işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, kütləvi informasiya vasitəsi olan “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” haqqında olan videonun həqiqətə uyğun olmayan yazılar hesab edilməsi, həqiqətə uyğun olmayan məlumatın təkzib olunması, Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə üzr məktubunun göndərilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan video məlumatları yaydığına görə cavabdeh X3 30000 manat mənəvi zərərin əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 1992ci ildən rəsmi dövlət qeydiyyatdan keçməklə qanuni fəaliyyət göstərir. Cavabdeh1 "xxxx" MMC-nin keçmiş işçisi olmuşdur. Belə ki, o əmək intizamını kobud surətdə dəfələrlə pozduğu və 6 ay saxta xəstəlik vərəqəsi təqdim etdiyi üçün AR ƏM-nin 70-ci maddəinin “Ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X5 12 dekabr 2022-ci il tarixində onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinin dəyişdirilməsinə kömək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində onun barəsində tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Daha sonra, X5 məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. X1 rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4569/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə uduzduqdan sonra böhtan və şər yolunu seçən X5 “Bakunews.az” xəbər portalı ilə əlaqəyə girməklə müəssisənin işgüzar nüfuzuna xələl gətirən yalanlarla dolu videoçıxışını xəbər portalı heç bir araşdırma aparmadan, şikayət edilən təşkilatla heç bir əlaqə saxlanılmadan @baku_news_az öz tik tok şəbəkəsində yaymışdır. Həmin videoyaya 68.8 min baxış keçirilmiş, 2040 bəyənmə olunmuş, 466 nəfər tərəfindən şərh yazılmış, 527 paylaşım edilmişdir. X5 xx.xx.2023-cü il tarixində videoçıxışında bildirmişdir ki, “2016-ci ildən 2022-ci ilə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, eyni zamanda üç vəzifə aparmış laboratoriya müdiri, bakteroloq və baytar vəzifəsində, bundan əlavə həkimlik edirdim, çünki direktorun qardaşı orda həkim idi, lakin o, gün ərzində zavodda olmurdu, həkimliyidə edirdim texnoloqların yazılarını, resepturaları, texniki şərti, texnoloji təlimatları hamısını mən aparırdım. Mən özümün biliyimlə, təcrübəmlə, işimi lazımı səviyyədə aparırıdım, yəni iş vaxtı, heç bir səvhə yol verməmişəm, özüm kimya elmləri namizədiyəm. Qida üzrə 14-cü kateqoridayam, bu müəssisədə yəni təzə bura gələndə başa düşmürdüm ki, burda əti icazə vermirdilər analiz etməyə, bir dəfə mən əti analiz elədim, analiz edəndə ətdə mikrob çıxdı, getdim müdiriyyətə xəbər verdim, müdiriyyət buna çox qeyri-adi bir münasibət bəslədi. Məni daha da təqsirləndirdi və bildirdi ki, əti qida təhlükəsizlik laborotoriyası yoxlayıbdı, sən niyə yoxlayırsan. Mənə qışqırdılar, mən də otaqdan çıxmaq istəyəndə orda direktor vardı mənə sual verdi ki, mal ətində ət olur, elə məni otaqdan çıxardılar və müəssisəyə gələn hər bir ətləri icazə vermədilər yoxlamaya. Mən baytar keçəndən sonra bunu daha kəskin vəziyyətdə mənə işarə elədilər ki, sən əti yoxlamayacaqsan. Heç bir qidadan gələn əti, zavoda gələn məhsulu mənə icazə vermirdilər yoxlamağa, mənim də acığım tutdu ki, mən baytar işləyirəm. Mən baytar işləyə-işləyə məni ətin emalı otağına qoymurdular. Bunun səbəbi nə idi onu da bilmirdim. Daha sonra başa düşdüm ki, onlar ordan-burdan cürbəcür ətlər alırlar, onun içində də leş Tofiqin ətləri olur. Leş Tofiqin ətləri də bu müəssisənin yeri olduğu üçün ordan əti alırdılar. Belə məni sıxışdıra-sıxışdıra bunlarla mənim aramda münasibət kəskinləşdi. Bu yaxınlarda X4 yoxlama aparmışdır, yoxlamanın da nəticələri qurumun saytında dərc edilmişdir. Bu yoxlamaların nəticəsinin qanunauyğunsuzluğu, təhlükəsizliyin qorunmaması da Ovçuların adını qeyd eləmişdi. Lakin iki gündən sonra həmən saytda bu verilən xəbərlər silindi. Mən belə başa düşürəm ki, X2 ilə müəssisənin iş birliyi varmış, yəni orda şöbə müdiri var, həmin şöbə müdiri bizim müəssisə ilə, müdiriyyətlə qardaş, yoldaş, himayədar olduğu üçün iki gündən sonra hamısı qalmışdı bütün müəssisələrin adı qalmışdı, yalnız Ovçuların adı ordan silinmişdir.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti son texnologiyalar tətbiq edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət orqanlarından qeydiyyatdan və yoxlanışdan keçməklə fəaliyyət göstərir. Cəmiyyətdə müasir dövrün tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. Lakin “Bakunews.az” xəbər portalında və @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videoda göstərilən faktlar yalan və böhtandır, müəssisənin və adları qeyd edilən əməkdaşların şərəf və ləyaqətinə işgüzar nüfuzuna xələl gətirməklə müəssisədə və şəxslərdə psixoloji gərginliklər yaratmışdır. Cavabdehlər tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində şaiyələrə əsalanan heç bir əsası olmayan, mənbəyi bilinməyən məlumatlar dərc edilməsi müəssisənin işgüzar nüfuzuma böyük əhəmiyyətdə zərər vurmuşdur. Videoda “onlar ordan-burdan cürbəcür ətlər alırlar onun içindədə leş Tofiqin ətləri olur. Leş Tofiqin ətləri də bu müəssənin yeri olduğu üçün ordan əti alırdılar kimi” əsası olmayan şaiyələr, böhtanalar bildirilməsi nəticəsində alıcılıq qabiliyyəti aşağı düşmüş, bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti on minlərlə manat ziyana uğramışdır. Videoda deyilən dəlillərə uyğun heç bir sübut təqdim edilməmişdir. @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videonu “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla yayımlamışdır. Halbuki “Bakunews.az” xəbər portalında 21 aprel 2023-cü il tarixli məqaləsində qeyd etmişdir ki, Nizami rayon Məhkəməsinin hakimi Ülkər Yusifoava qərəzli qərar qəbul etmişdir. Burdan da görünür ki, xəbər saytı X5 qanunsuz yox qanuna uyğun işdən çıxarılmasına qanuni don geyindirməyə çalışmışdır. Həmin saytı idarə edənlərin cəmiyyətdə mövqeyi və imici zəifdir, sayt heç yerdə qeydiyyatdan keçməmişdir. Onlar Cavabdeh1 kimilərlə əlbir olaraq şantaj yolunu üstün tutmuşdur. @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videonun üzərində “leş ətlərlə məhsul Xalqa təqdimedən Ovçular ət və ət məhsulları MMC” kimi yazı qeyd etmişdir. @baku_news_az öz tiktok şəbəkəsində yayımladığı videonunun üzərində qeyd edilən bu yazının heç bir sübutu olmamaqla yalan və böhtandır. Bu, müəssisənin işgüzar nüfuzuna zərər vurmuş və reytinqini aşağı salmışdır. Cavabdehlər də daxil olmaqla heç kimin müəssisənin işgüzar nüfuzu barədə şaiyələr yaymasına hüququ yoxdur. Sevinc Qazıyevanın qeyd etdiyi yalandan uydurduğu dəlillər kimlərinsə məsləhəti ilə sonradan düşünülmüşdür. Əgər belə bir hal olmuş olsaydı Sevinc Qazıyeva tərəfindən 12 dekabr 2022-ci il tarixində Əmək Müffətişliyinə, daha sonra birinci instansiya məhkəməsinə ünvanlanmış iddia ərizəsində və məhkəmədə verdiyi izahatlarda öz əksini tapardı. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 zərərin əvəzi kimi 5000 manat pulun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialında onun hərəkətiylə bağlı iddiaçıya hər hansı maddi zərər vurulmasına dir heç bir sübut yoxdur. Belə olan halda isə ondan iddiaçının xeyrinə nəyə görə 5000 manat vurulmuş zərərə görə pulun iddiaçının xeyrinə tutulması tamamilə qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini rədd etməli olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarmış, səhv qətnamə çıxarması nəticəsində onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Qeyd olunduğu kimi iddiaçı tərəfindən ona cavabdehin hərəkətləri nəticəsində hər hansı maddi ziyan vurulduğunu təsdiq edən sübut təqdim edilmədiyi halda məhkəmə cavabdeh olaraq onun üzərinə əsassız öhdəlik qoymuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən iddia tələbini rədd etməli olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarmış, səhv qətnamə çıxarması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarındakı göstərişlərə əməl etməməsi ilə bağlı olmuşdur. Məhkəmə iş üzrə nəticəyə gələrkən qeyd edilən halları əlaqəli şəkildə təhlil etməmişdir ki, sadalanan hüquq normasının tələbləri pozulmuşdur. Məhkəmə iş üzrə nəticəyə gələrkən işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 80, 81 və 88-ci maddələrinin tələblərinə əməl etməmiş, qanunun tələblərini pozmuş, MPM-nin 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Birinci instansiya məhkəməsi iddianın ona münasibətdə hissəsini qismən təmin edilməsi üçün gətirdiyi dəlillərini formal əsaslandırmış, sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmiş, istinad etdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya 5000 manat maddi zərər dəymişdir. Lakin məhkəmə bunu hansı sübut əsasında müəyyən etdiyini qeyd etməmişdir. Məhkəmənin zərərin məbləği ilə bağlı müəyyən etdiyi hal sübut edilməmişdir. Məhkəmə maddi hüquq normalarını pozmaqla səhv qətnamə çıxarmışdır. Təqdim edilən sübutlar mübahisəyə məhkəmədə baxıldığı müddətdə əldə olunmamış, sonradan alınmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh3 iddianı ona aid hissədə qəbul etdiyini, qətnaməni özünə aid hissədə mübahisələndirmədiyini, peşəsi ilə əlaqədar vəzifəsini icra etdiyini qeyd edərək, apellyasiya şikayətinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin məbləği hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının işgüzar nüfuzuna ləkə gətirən ifadələrdən və əsası olmayan məlumatlardan hesab edilməsi və iddiaçıya vurulmuş mənəvi zərərin miqdarının ağlabatan olmaqla, 5000 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də tərəflərin əmlak mənafelərinə, maddi və əmlak vəziyyətlərinə uyğun olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni cavabdeh Sevinc Qazıyeva qətnaməni ondan 5000 manat məbləğində pulun tutulması hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi işgüzar nüfuzu ləkələdiyinə görə zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21,23,1097-ci maddələri təşkil edir. Məlum olduğu kimi, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir (Mülki Məcəllənin 23.1. və 23.2-ci maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntılarının xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərara əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, mənəvi zərər məbləğinin müəyyən edilməsi üçün qanunvericilikdə konkret meyarlar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi zərərin əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır.Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərə uğramış şəxsə şişirdilmiş müəyyən bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Sevinc Qazıyevadan tutulmalı olan zərərin əvəzi kimi 5000 manat məbləğində müəyyən edilməsi ağlabatan olmamışdır. Odur ki, məhkəmə kollegiyası həmin məbləğin 2500 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh1 zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-786/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-786/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver