Məhkəmə qərarları › İş №2(105)-789/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-789/2021

09.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-789/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə Məzahir oğlunun,Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 Kamal oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MTKya qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4322/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz inşa edilən yaşayış binasının 3-cü blokunun ətrafında çəkilmiş dəmir örtüklərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehin hesabına sökülməsi və qanunsuz olaraq sökülərək uçurulmuş daş hasarın cavabdehin vəsaiti hesabına əvvəlki yerinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbiri barədə vəsatət ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MTK-nın mübahisəli ünvanda tikintinin dayandırması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4322/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı qanunsuz tikilinin sökülməsinə dair iddia tələbi üzrə iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva) İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4322/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4322/2020 saylı qərardadı ilə çikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə Məzahir oğlu şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, cavabdeh tərəfindən 2014-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 263 ünvanında çoxmənzilli, 16 mərtəbədən və 2 blokdan ibarət yaşayış evinin özülü qazıldı və həmin özülün ətrafında dəmir örtüklər çəkildi. Cavabdeh dalana aid hissəni təxmini 1 metr qabağa çəkməklə dalanı zəbt etmişdir. Bundan sonra həmin dalanda yaşayan qonşularla cavabdehə öz haqlı iradlarını bildirib, hasarı əvvəlki yerinə bərpa etmələrini tələb etsə də tikinti şirkəti məhəl qoymadı və özbaşınalıqlarını davam etdirdi. Sonradan 2019-cu ilin payızınadək tikinti dayandı, həmin müddətdən sonra yenidən tikinti işlərinin davam etdiyini, suvaqladığı, üzərini də onların başa düşməməsi üçün örtdüyünü görmüşlər. Cavabdehə dəfələrlə xəbərdarlıq edərək evinə yaxın hissədə tikintiyə başlamamasını tələb etsə də tikinti şirkəti əhəmiyyət vermədi. 2019-cu ilin sentyabr ayında cavabdehin tikinti sahəsi ilə ona məxsus evin arasında olan daş hasarın arxasına 5 mişar daşı hündürlüyündə qum yığdığını, bununla da hasarın həyətə tərəfə uçması məqsədini müəyyən etmişdir. Bundan sonra cavabdehə xəbərdarlıq edib qum torbalarını oradan götürməsini tələb etmişdir. 2019 cu ilin dekabr ayında isə tikinti sahəsi ilə onun evinin arasında olan daş-hasar onlar tərəfə uçmuşdur. Daş-hasar uçan zaman onun xaricdə olmasından istifadə edən cavabdeh daş-hasarın yerinə 20 sm onun həyətyanı sahəsinə daxil olmaqla dəmir örtük çəkdi. O, xaricdən gəldikdən sonra dəfələrlə cavabdehə müraciət edərək, daş-hasarın əvvəlki yerinə bərpa edilməsini, həmçinin ara məsafəsi 1 metrdən də az olan məsafədə inşa etdiyi tikintini dayandırmağı tələb etsə də, cavabdeh yenə də onun sözlərinə əhəmiyyət vermədi. Mart ayından etibarən həmin yaşayış binasının 3-cü blokunu inşa etməyə başladı. Hazırda tikilməkdə olan yaşayış binasında heç bir təhlükəsizlik qaydalarına riayyət etmədən 3 cü blokun bir neçə mərtəbəsi inşa edilib. Həmin tikintinin bir neçə mərtəbəsində inşa edilən balkon çıxıntılı olduğundan onun həyətinin ərazisinə düşür. Həmçinin tikinti aparılan sahə ilə həyətinin giriş qapısı paralel olduğundan evə sərbəst gedib-gələ bilmirlər. Orada hər an xəsarət alacaqlarından qorxduqlarından stres keçirirlər. Çünki həyətdə aparılan tikinti səbəbindən davamlı olaraq armatur parçaları, daş parçaları və müxtəlif növ tikinti tullantıları tökülür. Buna görə də o və ailə üzvləri bir neçə aydır ki, köçüb başqa ünvanda kirayə yaşayırlar. Bu hal mülkiyyətçi hüquqlarını pozur və mülkiyyətindən istifadə edə bilmir. Halbuki mülkiyyət hüququ toxunulmazdır, bu hüquq dövlət tərəfindən qorunur. Tikintidə heç bir qaydalara əməl olunmur və mütəmadi olaraq qaydalar pozulur. Həyətinə bu gün də yoldan keçmək mümkün deyil, ona görə ki binadan həyətə hər dəqiqə, hər an armatur parçaları, kərpic və mişar daşı parçaları tökülür.Cavabdeh onların haqlı iradlarına məhəl qoymur, bu yolla zor tətbiq edir. Bir sıra dövlət müəssisə və təşkilatlarına ərizələr ünvanlamışlar. Gələn məktublarda haqlı olduqları bildirilir Cavabdeh MTK -nın rəhbərliyi qanunsuz əməllərinə son qoymur. Məhkəməyə xeyli miqdarda şəkillər təqdim etmiş, məhkəmə həmin şəkillərə baxıb işə qiymət verməmişdir. Ekspertiza təyin olunarsa müəyyən olunar ki, cavabdeh onun həyətyanı torpaq sahəsini zəbt edib. Hesab edir ki, ən azı vəsatəti baxılmamış saxlamalı və ekspertiza təyin edildikdən sonra qərara uyğun hərəkət edə bilərdi. Hesab edir ki, qərardad əsassızdır, ləğv edilməli və iş üzrə iddianın təmin tədbirinin təmin edilməsinə dair yeni qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə cavabdeh tərəfindən qeyd edilən ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə hər hansı sübut mövcud olmaması əsası ilə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, iddiaçı qeyd edilən ünvanda cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılmasını bildirərək cavabdeh tərəfindən aparılna tikinti işlərinin dayandırılmasını xahiş etmişdir. Lakin iş materiallarında cavabdehin qanunsuz tikili aparması, eləcə də həmin tikilinin iddiaçıya məxsus torpaq sahəsinın zəbt edilməsi ilə aparılmasına dair hər hansı sübut mövcud deyildir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə iddianı təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülür. Qanunvericliyin mənasına görə iddianı təmin tədbiri iddia predmeti olan əmlakın gizlədilməsi, məhv edilməsi, özgəninkiləşdirilməsi və s. yolla sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür. Hazırki işdən isə görünür ki, iddia tələbi cavabdeh tərəfindən qanunsuz inşa edilən yaşayış binasının 3-cü blokunun ətrafında çəkilmiş dəmir örtüklərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehin hesabına sökülməsi və qanunsuz olaraq sökülərək uçurulmuş daş hasarın cavabdehin vəsaiti hesabına əvvəlki yerinə bərpa edilməsi barədədir. Başqa sözlə, hazırki işdə qətnamənin gələcəkdə icrasını mümkünsüz edən hallar, yəni onun məhv edilməsi, özgəninkiləşdirilməsi və s. hallar yoxdur. Bundan əlavə, iddiaçının iddia tələbləri təmin olduğu halda, inşa edilən yaşayış binasının 3-cü blokunun ətrafında çəkilmiş dəmir örtüklərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehin hesabına sökülməsi və qanunsuz olaraq sökülərək uçurulmuş daş hasarın bərpa edilməsi riskini cavabdeh özü daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4322/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4322/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar