Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-793/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-151/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli 04025483 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home-a (All languages) dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünə məxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir.
2. xx.xx.2023-cü il tarixli əlavədən (ödəniş cədvəlindən) görünür ki, müştəri ödənişləri ödəniş cədvəlinə uyğun olaraq hər ay (24 ay) 111,79 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2023-cü il tarixli “Bildiriş və Əşyaların Təhvil-təslim Aktları”ndan görünür ki, Cavabdeh Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) adlı məhsulu tam qüsursuz halda təhvil almışdır.
3. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) üçün 2360,96 manat ödənilməmiş hissə, 708,29 manat cərimə, cəmi ümumilikdə 3069,25 manat borcu vardır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən Zəmanət Ultra +3 il xidmətindən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 210 manat qiymətləndirilərək, borcundan silinmişdir.
4. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqda göstərilir ki, Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) üçün 2360,96 manat ödənilməmiş hissə, 708,29 manat cərimə, cəmi ümumilikdə 3069,25 manat borc və 50,7 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) almış və nəticədə 3069,25 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2682,96 manat (24 ay x 111,79 manat + 0 manat ilkin ödəniş) olan Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) üçün ümumilikdə 3069,25 manat olmaqla ondan 2360,96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 708,29 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Zəmanət Ultra +3 il xidmətindən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 210 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 112 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 210 manat, ümumilikdə, 322 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
7. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(028)-151/2025 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) üçün 2360,96 manat ödənilməmiş hissə, 230 manat cərimə, cəmi ümumilikdə 2590,96 manat borc və 45,9 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 4,8 manat hissəsi iddiaçının özünə aid edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 708,29 manat məbləğində cərimənin tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 230 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2590,96 manat olduğundan (2360,96 manat əsas + 230 manat dəbbə) iddiaçı tərəfindən ödənilmiş 50,7 manat dövlət rüsumunun 45,9 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 4,8 manat iddiaçının özünə aid edilməlidir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 442, 445.2.1, 448.1, 600.1, 600.4, 600.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All Languages) komputerini 24 aya kreditlə komputer götürmüşdür. Bir ayın tamamında, yəni 2024-cü ilin yanvar ayında 111,79 manat ödədikdən sonra komputeri aparıb aldığı "xxxx" MMC-yə qaytarmışdır. Onlar da həmin komputeri ondan qəbul etmişdirlər. Həmin vaxtdan sonra onlar ona heç bir məlumat verməmişdirlər. Bu yaxınlarda onu icra şöbəsindən çağırıb müəssənin onu məhkəməyə verdiyini və barəsində məhkəmə qətnaməsinin olduğunu bildirdilər. Onun məhkəməyə verilməsi barədə də xəbəri olmamışdır. Məhkəmə iclasları ona məlumat verilmədən keçirilmişdir. O, bu məlumatı eşidən kimi müəssəyə müraciət etmişdir. Orada bildirildi ki, komputer onlardadır və satışa çıxarıblar. Məhkəmə iddianı təmin edərkən qeyd etdiyi məsələlərə aydınlıq gətirməmiş və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə araşdırma apararkən işin faktiki halları və iş üçün əhəmiyyət kəsb edən mühüm halların araşdırılmaması məhkəmənin düzgün nəticəyə gəlməməsi və bununda nəticəsində düzgün olmayan qətnamə qəbul etməsi ilə nəticələnmişdir. Məhkəmə belə qənatə gəlmişdir ki, tərəflər arasında alğı-satqı müqviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulmuş avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərin lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Məhkəmə komputerin hal-hazırda kimdə olması, cavabdeh bir ay ödəsə də sonrakı aylarda nə səbəb ödəməməsi və həmin ödənişin edilmədiyi həmin aylarda nə səbəbdən iddaçının bu məsələyə reaksiya verməməsini aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
19. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
20. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
21. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
22. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
23. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmış, apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04025483 saylı müqavilədən görünür ki, Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home-a (All languages) dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünə məxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2023-cü il tarixli əlavədən (ödəniş cədvəlindən) görünür ki, müştəri ödənişləri ödəniş cədvəlinə uyğun olaraq hər ay (24 ay) 111,79 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2023-cü il tarixli “Bildiriş və əşyaların təhviltəslim aktları”ndan görünür ki, Cavabdeh Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) adlı məhsulu tam qüsursuz halda təhvil almışdır.
35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatına qeyd etmişdir ki, kompyuter cavabdehə qaytarılmışdır və o, ödənişləri də hissə-hissə ödəyəcəkdir.
36. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıcı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir.
38. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Acer aspire 3 markalı kompüter, Microsoft office, Windows 11 home (All languages) üçün 2360,96 manat ödənilməmiş hissə, 708,29 manat cərimə, cəmi 3069,25 manat borcu vardır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən Zəmanət Ultra +3 il xidmətindən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 210 manat qiymətləndirilərək, borcundan silinmişdir.
39. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh malların dəyərini ödəmədiyindən, iddiaçının mövcud tələbi əsasında cavabdehdən cəmi 2360,96 manat borcun alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olmuşdur.
40. Cərimə borcunun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır.
41. Məhkəmə kollegiyasının iclasında işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olundu ki, alğı-satqı müqaviləsi üzrə əşyalar cavabdehə təqdim edilmişdir.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamə çıxarılan zaman iş üzrə yuxarıda göstərilən nəticəyə gəlməsi düzgün olmuş, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi üçün əsas yoxdur.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-151/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-151/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.