Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-794/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 X4 Kontoruna və Cavabdeh4nə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1049/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1049/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1049/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 X4 Kontoruna və Cavabdeh4nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Abşeron Rayon Masazır kəndində yerləşən, 145.4 kv.m sahəsi olan fərdi yaşayış evi ilə bağlı Abşeron rayon 1 saylı Notariat kontorunda imzalanmış xx xxxx 2016-cı il tarixli, AN-1 seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə Azərbaycan Respublikası MPM-nin 106.1,88-ci və başqa maddələrinə istinad etsə də özü bu maddələrin tələblərini kobud surətdə pozmuş,4 cavabdehlərin heç birini işə cəlb etmədən, dinləmədən mülahizə ilə nəticəyə gəlmişdir.Əyər cavabdehləri dinləsə idi o zaman müqavilənin yazılması səbəbi və mübahisələndirməsi, atasının iddianı qəbul etməsi bəlli olardı. Eləcədə atasının, anasının müqavilənin ləğvinə məhkəmədə iddialarının olması, anasının iddiası üzrə məhkəmədə dindirilən Cavabdeh1 borcla bağlı etiraf ifadəsinin olması da bəlli olardı. Məhkəmə heç özünü ətraflı dindirməmiş, pandemiya ilə əlaqədar iclas da keçirməmişdir. Halbuki həm iddia ərizəsində həm də izahatında göstərmişdir ki, anası məhkəmə mübahisəsi açmış, iddiası təmin olunmuş, atası da, digər cavabdeh də müqavilənin bağlanmasına borcun səbəb olmasını məhkəmədə təsdiq etmişlər. Formal surətdə valideynləri arada boşandığına görə qətnamə yuxarı instansiyada ləğv edilmişdir. Hazırda atası da müqaviləni mübahisələndirən ayrı iddia qaldırmışdır.Digər tərəfdən tərəflərin müqaviləni mübahisələndirməməsi onu hüquqlarından məhrum etmir. Məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq təqdiq edilən sübutlara və istinad etdiyi qanunlara nəinki toxunmamış, bu sübutları rədd etmək üçün dəlillər gətirməmiş, "mülahizə xarakterli” olması kimi sözdən yararlanmağa uğursuz cəhd etmişdir. Aydın deyil ki,iddia ərizəsində göstərdiyi kimi Abşeron rayon Masazır kəndində yerləşən 0,025 ha. torpaq sahəsini xx xxx 2014-cü il tarixli AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsi ilə atasının aldığı və mülkiyyət hüququ tanındığı halda bu torpaq sahəsinin Sənana əvəzsiz keçməsini məhkəmə nəyə görə mülahizə hesab edir. O da bəlli deyil ki, iddia ərizəsində və izahatında göstərdiyi kimi xx xxx 2014-cü il tarixidən mübahisəli mənzilə köçüb qeydiyyata düşməklə (həm qaçqınkomda, həm də Abşeron rayon İİİB-nın ərazi nümayəndəliyində) yaşamağa başladığına, mülkün alınmasına verilən pul təkcə atasının yox ailənin bütün üzvlərinin qazancı hesabına toplanmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasıda notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu maddəsinə əsasən alqı-satqı müqaviləsi bağlanarkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin rəsmi razılığı alınmalı olduğu halda nə onun, nə də anasının razılığının alınmaması mülahizə xarakterli formal əsas hesab edilə bilməz. İddia ərizəsində və izahatında göstərdiyi kimi müqavilə bağlanarkən tərəflər belə razılaşıblar ki, borc tam ödənəndən sonra alqı-satqı müqaviləsini ləğv etdirərlər. Mübahisəli mənzildə yaşadığından, kimsə onları narahat etmədiyindən bütün bu məsələlərdən xəbərsiz olmuşdur. Ata-anası arasında nikahları pozulduğundan heç anası da bundan xəbər tutmayıb. Sonradan bəlli oldu ki, evin alqı-satqı müqaviləsi bağlanarkən nə anası, nə də onun razılığı alınmayıb. Ana-atasının nikahı pozulmamışdan əvvəl mülk alınıb. 2-ci dəfə nikahlarının bərpa edilməsi də alqı-satqı müqaviləsindən sonrakı dövrə düşür. Araşdırmalar zamanı 2-ci qeydiyyat mübahisələndirilsə də bundan əvvəl nikahın hansı tarixdə pozulması diqqətdən yayınıb.Bununla belə onun da hüquqları pozulub. xx xxxxxx 1989-cu il tarixdə anadan olmuşdur. Müqavilə bağlanarkən yetkinlik yaşına çatdığından notarius onun razılığı olmadan müqaviləni təsdiq edə bilməzdi. Mübahisəli evə dair tərəflər arasıdna bağlanmış əqd təmiz niyyətlə deyil, uydurma və görüntü xətrinə bağlanmışdır. Belə əqdlər bağlandığı andan etibarsızdır. Müqavilənin bağlanmasına onun razılığı alınmaması onun əmlakdan istfiadə hüququnu da məhdudlaşdırılmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1049/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ Cavabdeh2 adına xx xxxxxx 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan xx xxxx 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin xx xxxx 2020-ci il tarixdə müvafiq qaydada təsdiq edilmiş dublikatından görünür ki, Cavabdeh2 ünvan 1ində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evini 41250 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ Cavabdeh1 adına xx xxxx 2016-cı ildə Daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). Birinci instansiya məhkəməsi mübahisələndirilən müqavilənin tərəflərin sərbəst iradə ifadələrinə uyğun bağlanmasını, həmin mənzilin iddiaçının atası tərəfindən bağlanan alqı-satqı müqaviləsi əsasında Xəlilov Sənan Qənimət oğluna satılmasını, eləcə də cavabdehlər arasında bağlanan müqavilənin etibarsızlığının əsaslarını təsdiq edən hər hansı sübutun təqdim edilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 325.1, 337.1, 337.4, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qanunvericilik normasından birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Hazırki işdən də görünür ki, cavabdeh Şahməmmədlu Nuru Saydam oğlu ilə Cavabdeh1 arasında bağlanmış müqavilə tərəflərin öz iradəsi ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməli olmasını bildirsə də, həmin müqavilənin etibarsızlığı üçün əsas olan sübutları təqdim etməmiş, həmin sübutları apelyasiya instansiyasının məhkəməsində də təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırki işdən görünür ki, iddiaçı mübahisəli müqavilənin etibarsız hesab edilməsinə dair əsasları sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir Məhkəmə kollegiyası mübahisələndirilən müqavilənin onun hüquqlarına toxunması, fərdi yaşayış evinə alqı-satqı müqaviləsi bağlanan zaman onun icazəsinin alınmaması barədə dəlillərinə qiymət verərk qeyd edir ki, qeyd olunan mübahisəli fərdi yaşayış evinə iddiaçının heç bir hüququ (qeydiyyat) yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb oluna bilməz, Eyni zamanda onun fərdi yaşayış evinə dair qeydiyyatı olmadığından həmin evin satılması zamanı onun icazəsinin alınması da vacib deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, şikayətin dəlillərini birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1049/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 405və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1049/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-794/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-794/2021
06.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver