Məhkəmə qərarları › İş №2(105)-798/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-798/2022

11.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-798/2022 11.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(074)-935/2021 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X5 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X11 ilə anası Hüseynova (Abtalıbova) Nayıb Kərim qızı 17 sentyabr 1946-cı ildə evlənmişlər, həmin nikahdan 1947-ci ildə X12, 1950-ci ildə Cavabdeh2, 1955-ci ildə X13, 1948-ci ildə X14, 1948-ci ildə Cavabdeh1 və 1959-cu ildə o, doğulmuşdur. X2 08 sentyabr 2020-ci ildə, X14 10 sentyabr 2020-ci ildə və qardaşı X12 06 noyabr 2014-cü ildə vəfat etmişlər. X4 və X13 ailə qurmamışlar və onlar ömür boyu onunla bir evdə yaşamışlar. O, fərdi əməklə məşğuldur. Eyni küçədə yəni Şamaxı şəhəri S.Ə.Şirvani küçəsindəki evi demək olar ki, o tikmişdir. Birini bacısı X6 adına sənədləşdirmiş, Şamaxı şəhəri, A.Əhmədov küçəsi 40 saylı evi isə bacısı X7 adınadır. Bacıları ailə qurmadığından onlar həmişə bir evdə birgə yaşamışlar. Bacılarının vərəsəsidir. Mirası faktiki qəbul etmişdir. Həmin evlər faktiki ona məxsus olmuşdur. O, Şamaxı regional ASAN xidmət mərəzində notariat ofisinə müraciət edərək 08 sentyabr 2020-ci ildə vəfat etmiş bacısı X8 məxsus Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ əsasında ona çatası əmlak payının verilməsi ilə əlaqədar müraciət etmiş, lakin ona bildirilib ki, mirası qəbul etmə müddəti vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Ona görə də 08 sentyabr 2020-ci ildə vəfat etmiş bacısı X8 məxsus olan Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə kimi əmlakı faktiki qəbul etmədiyindən miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. Halbuki, həmin miras əmlakı faktiki qəbul etmiş və idarə etmişdir. Digər vərəsələr həmin miras əmlakı qəbul etməmişlər və qanunla müəyyən olunmuş 6 aylıq müddəti də buraxmışlar. İş üzrə maraqlı tərəf olan qardaşları bildikləri halda ki, evlər faktiki onundur, sənədləşməyə razılıq vermirlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(074)-935/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı bacısı X5 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evini faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi qət edilmişdir. (hakim Natiq İsmayılov) Qətnamədən cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə nəzərə almamışdır ki, X1 məxsus olmuş fərdi yaşayış evinin üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qоyanın öldüyü məqamədək malik оlduğu əmlak hüquqlarının (miras aktiv) və vəzifələrin (miras passivi) tоplusu daхildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 28 sentyabr 1979-cu il tariхli 5 nömrəli qərarının 5-ci bəndinə görə isə məhkəmələr vərəsəlik əmlakının bölünməsi barədə mübahisələrə baхarkən, miras əmlakın kütləsinə ancaq miras qоyanın sağlığında qanunun tələbi əsasında оna məхsus оlan tikinti daхil edilir. Qanunvericiliyin şərh оlunan nоrmalarından görünür ki, daşınmaz əmlakın mirasın kütləsinə aid edilməsi üçün həmin əmlak üzərində miras qоyanın hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. 10 avqust 2004-cü il tariхdən qüvvədə оlan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi və bu qanunla müəyən edilmiş qaydada daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 12-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti оrqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat оrqanı tərəfindən verilən dövlət reyestrindən çıхarışla rəsmiləşdirilir. Göründüyü kimi qanunvericiliyə görə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və dövlət reyestrindən çıхarışla rəsmiləşdirilmiş daşınmaz əmlak miras əmlakın tərkibinə daхil edilə bilər. X1 məxsus olmuş fərdi yaşayış evinin üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması aydınlaşdırılmamışdır. Əmlakın digər vərəsələr tərəfindən (Cavabdeh2) mübahisələndirildiyi nəzərə alınmamış, miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evinin faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Mirasın qəbul etmə faktının müəyyən edilməsinə dair iddialara Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən baxılmalıdır. Məhkəmə tərəfindən işin halları qanunvericiliyin tələblərinə uyğun araşdırılmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, ev tikilən zaman bacısına kömək etmişdir, lakin bununla bağlı heç bir sübutu yoxdur. Həmin evdə yaşamasa da, hesab edir ki, onun da orda pay hüququ vardır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həmin evdə faktiki olaraq özü yaşayır. Kommunal ödənişlər edir. Evi də özü tikmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, Cavabdeh1 iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(074)-935/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan ИЖ № 390070 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 11.04.1955-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan Şamaxı şəhər sakinlərinə fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında Şamaxı Rayon XDS İcraiyyə Komitəsinin 25.02.1989-cu il tarixli, 4 №-li iclas protokolundan çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Gənclər küçəsi, 74 №li evdə yaşayan 29.11.84-cü il tarixdən növbədə olan, Şamaxı SES-nin işçisi X8 şəhərin 56 №-li məhəlləsində 400 kv.m torpaq sahəsi təhkim edilmiş və ona həmin sahədə ***-**-** s seriyalı layihə əsasında fərdi ev tikməyə icazə verilmişdir. İş materiallarında olan mülkiyyət hüququ ilə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi haqqında 48 №-li müqavilə ilə müəyyən olunur ki, 10.03.1989-cu il tarixdə Şamaxı Rayon XDS İcraiyyə Komitəsinin Kommunal Təsərrüfatı X3 ikimərtəbəli evin tikilməsi üçün torpaq sahəsi ayırmışdır. İş materiallarında olan 27.02.2021-ci il tarixli AZ-İİ № 097367 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 12.08.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 097368 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06.11.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 04.01.2006-ci il tarixli AZ-İ № 041642 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03.01.2006-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 25.09.2020-ci il tarixli AZ-İİ № 083726 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 25.09.2020-ci il tarixli AZ-İİ № 083725 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 10.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşə fərdi yaşayış evi X8 məxsusdur. İş materiallarında olan 06.11.2020-ci il tarixli 2614 saylı Şamaxı regional ASAN xidmət mərəzində notariat ofisinin məhkəməyə cavab məktubundan görünür ki, 08.09.2020-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlaka dair vərəsəlik işinin rəsmləşdirilməsi üçün müraciət daxil olmamışdır və notariat ofisində X6 vərəsələri barədə məlumat mövcud deyildir. İş materiallarında olan 03.05.2021-ci il tarixli 88 saylı Şamaxı Bələdiyəsinin arayışından görünür ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 13 B saylı evin həyətyanı torpaq sahəsinin əmlak və torpaq vergisi indiyədək İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 26 fevral 2021-ci il tarixli arayışından görünür ki, 08.09.2020-ci ildə vəfat etmiş X13 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 08.09.2020-ci ilədək aparılmış və nikahı, uşaqları barəsində məluatlar aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinə ünvanlanmış 01.09.2021-ci il tarixli ərziədə Cavabdeh1 bildirmişdir ki, vərəsəliyi qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. Ona çatası bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan 17.06.2021-ci il tarixli 1266 saylı Şamaxı regional ASAN xidmət mərəzində notariat ofisinin notariat əməliyyatı aparmaqdan imtina haqqında qərardan görünür ki, İddiaçı 08.09.2020-ci ildə vəfat etmiş bacısı X8 məxsus olan Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ, haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verərək bildirmişdir ki, iddiaçı onun qonşusudur. Şahmar 1985-ci ildə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yer alıb, ev tikməyə başlamışdır. Evin birinci mərtəbəsi hazır olan kimi hər iki bacısını gətirib orda yerləşdirmişdir. Bacıları öləndən sonra orada Şahmarın yaşadığını görüb. Sabiri isə bacıları öləndən sonra orada görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 məhkəməyə ifadə verib bildirmişdir ki, o bütün qardaşları tanıyır. Bacıları İddiaçı Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən evində yaşayıblar. 1990-cı ildə evin ikinci mərtəbəsini düzəldiblər. Bacılar vəfat etdikdən sonra evdə Şahmar yaşayıb. Həmin evi Şahmar tikdirdiyindən Şahmara məxsus olduğunu ehtimal edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 məhkəməyə ifadə verib bildirmişdir ki, o, 1985-ci ildən Şahmarı tanıyır. Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsindəki evi tikdirən Şahmar olub, lakin Sabir də köməklik göstərib. Ev tikilib hazır olandan sonra bacıları İddiaçı evində yaşayıblar. Bacıları vəfat etdikdən sonra evdə ancaq Şahmar yaşayıb. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və Mülki Məcəllənin vərəsəlik hüququ ilə bağlı normalarına istinad etmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29.7-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi, mirasın qəbul edilməsi üçün vərəsə mirasın saxlanılması üçün müəyyən addımlar atmalıdır (kommunal xərcləri, torpaq vergisi ödəməli və sair). İş materiallarına əlavə edilmiş 03.05.2021-ci il tarixli 88 saylı Şamaxı Bələdiyəsinin arayışından görünür ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 13 B saylı evin həyətyanı torpaq sahəsinin əmlak və torpaq vergisi indiyədək İddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 01.03.2013-cü il tarixli, 36912369 saylı müqavilə ilə müəyyən olunur ki, İddiaçı müqavilə üzrə istehlakçı müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını ödəməyi öz üzərinə götürmüşdür. “Azəriqaz” İB-nə məxsus abonentin saldosunda da həmin ünvan üzrə abonent qismində İddiaçı göstərilmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin qətnamədən ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bundan başqa, Cavabdeh2 apellyasiya baxışı zamanı verdiyi izahatında həmin qətnamənin ləğv edilməli olduğunu bildirsə də, bununla bağlı heç bir sübut, dəlil təqdim etməmişdir. Cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin X8 məxsus olmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması ilə bağlı isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 07 fevral 2022-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın (bundan sonra – Siyahı) 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir. Xüsusilə vurğulanmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir (Siyahının 2.4-cü bəndi). Beləliklə, Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda ) texniki pasport çıxış edir. İş materiallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu X6 adınadır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin sənəd mülkiyyət hüququnu təsdiq edən sənəd olduğundan, cavabdehin istinad olunan dəlili əsassızdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402, 403, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(074)-935/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar