Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-799/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış evindən çıxarılma, istifadə hüququna xitam, kompensasiya) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı X7, Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı «istifadə hüququna xitam verilməsi, yaşayış evindən çıxarılma» tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(029)- 105/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi, yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6000 manat məbləğində kompensasiya verilməklə onların ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin ona məxsus həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar şəhəri, Əzizbəyov küçəsi 32 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ev əvvəllər anası Roza Qədimovaya məxsus olmuş, sonradan anası həmin evi ona bağışlamış, aralarında 19 avqust 2017-ci il tarixli bağışlama müqaviləsi bağlanmış və həmin müqavilədən əmələ gələn mülkiyyət hüququ Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 onun qardaşı, Cavabdeh2 Həsrətəli qızı onun həyat yoldaşı, Ayaz və Cavabdeh4lar isə həmin şəxslərin övladlarıdır. Həmin şəxslər ona məxsus həmin evdə yaşayırlar. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(105)- 475/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququları tanınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2( 102)-4132/2019 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Halhazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızı, Cavabdeh3 və Cavabdeh4 onunla yola getmirlər, ona qarşı çoxsaylı iddialar irəli sürməklə onu bezdirib evdən çıxıb getməyini istəyirlər. Artıq uzun müddətdir ki, o, öz evində normal şəkildə yaşaya bilmir, evində heç bir qonaq qəbul edə bilmir, hətta evə onlardan gizli şəkildə gəlib-gedir ki, onunla mübahisə yaratmasınlar. Bununla da, cavabdehlər mütəmadi olaraq onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar, birgə yaşayış qaydalarına əməl etmirlər. Bu səbəbdən də o, özünün mülkiyyətində olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun müdafiə olunması, cavabdehlər tərəfindən mülkiyyətinə edilən qəsdə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlərlə onun arasında yuxarıda göstərilən evdən istifadə hüququna və həmin hüquqa xitam verilməsinə dair hər hansı razılaşma yoxdur, onunla hər hansı razılığa gəlmirlər. O, cavabdehlərə ona məxsus evdən çıxarılmaları üçün kompensasiya verilməsinə razıdır. Bu səbəbdən də onlara müvafiq kompensasiya verilməsi yolu ilə onun mülkiyyət hüququ müdafiə olunmaqla cavabdehlərin ona məxsus evə istifadə hüquqlarına xitam verilməli, həmin şəxslər həmin evdən çıxarılmalıdırlar. Ona məxsus fərdi yaşayış evi iki mərtəbəli olmaqla köhnə tikilidir. Evin birinci mərtəbəsində yaşayış sahəsi yoxdur, köməkçi hissələrdən ibarətdir. Evin ikinci mərtəbəsində 4 otaq yerləşir, orada cavabdehlər yaşayırlar, aralarında uzun müddətli mübahisə olduğundan o, ikinci mərtəbədə yaşaya bilmir, məcburən birinci mərtəbəsində olan köməkçi hissələrdə yaşayır. Evin yaşayış sahəsi ümumilikdə 87.2 kv.metr təşkil edir. Ev tam təmirsizdir, döşəmələr, tavanlar, qapılar, pəncərələr uzun müddət əvvəl quraşdırılmış, tam aşınmış vəziyyətdədirlər. Evin hansı şəraitdə olmasını iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərin surətləri ilə aydın şəkildə müşahidə etmək olar. Qusar şəhərində ona məxsus evlərin oxşar şəraiti evin kirayə haqqı təxminən 150-200 manat təşkil edir. Yəni, cavabdehlər ayda 150-200 manat ödəməklə onun evinə oxşar bir evdə indiki şəkildə yaşaya bilərlər. O, mülkiyyətçi kimi cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları üçün kirayədə yaşayacaqları evin 3 il müddətə kirayə haqqını, yəni 6000 manat məbləğində kompensasiya verilməsinə razıdır.
3. Məhkəmə iclasında iddiaçı tərəf məhkəmənin kompensasiya məbləğinin artırılması təklif məsələsinə müsbət yanaşaraq kompensasiya məbləğini artıraraq 6500 manat məbləğində təklif etmişdir.
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızı, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişlər ki, onlar iddianı qəbul etmirlər. İddiaçının mülkiyyətində olan yaşayış evi Oktayla Aydının anası Roza Qədimovaya məxsus olmuş, Oktay onların xəbəri olmadan, anasının qoca, xəstə, savadsız, olmasından istifadə edərək evi 19 avqust 2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında öz mülkiyyətinə almış və onlar bu barədə mərhum Roza Qədimovanın vəfatından sonra xəbər tutmuşlar. X17 Federasiyasının vətəndaşıdır, ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır. Qusara gələndə Oktay evin ikinci mərtəbəsindəki 3 otaqdan istifadə edir, onlar da evin ikinci mərtəbəsinin 1 otağında yaşayırlar. O, evdə onlar üçün dözülməz şərait yaratmaq məqsədilə onlar özlərinin şəxsi vəsaitləri hesabına aldıqları və illər boyu istifadələrində olan bütün əşyaları (stol, stul, divan, xalça, yorğan döşəklər, 2 ədəd televizor, 2 ədəd kompyuter, kompyuter stolu, paltar yuyan qab-qacaq və s. hər şeyi) evin birinci mərtəbəsinə daşımış, istifadə edə bilmədikləri üçün ikinci mərtəbədə heç nə saxlamamış, ikinci mərtəbənin elektrik, qaz, su xətlərini kəsmişdi, qonşulardan su daşıyırdılar, işıqları, qazı yox idi, onları 2017-ci ildən bu vəziyyətdə yaşamağa məcbur edərək, onlara zülm edib. Evin pis vəziyyətdə olması görünüşü yaratmaq üçün istilik sisteminin müəyyən hissəsini, su kranlarını söküb, evin qapılarının reykalarını, dəstəklərini çıxarıb. İddiaçı, özünə birinci mərtəbədə rahat şərait yaradaraq hər dəfə Rusiya Federasiyasından gələndə şərait yaratdığı birinci mərtəbədə yaşayır. Oktay onlara qarşı həmişə pis davranmış, onlara rahatlıq verməyərək evdən çıxarmağa çalışmışdır. Bu məqsədlə iddiaçı onlara qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən X4 onlara qarşı “ mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddiasının təmin edilməsi, X8 məxsus Qusar şəhəri Əzizbəyov (E.İbrahimova) küçəsi 32 saylı fərdi yaşayış evindən çıxarılmalarının, onların X8 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayl ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülməyə dair” qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 onlara qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, onların X8 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxslər Qusar rayon notariat kontoruna və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, onların X8 məxsus Qusar şəhəri, E.İbrahimov küçəsindəki 32 saylı evə istifadə hüquqlarının tanınması, Cavabdeh3 həmin evə köçürülməsi, qarşılıqlı iddianın qalan hissəsinin, yəni “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)- 4132/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Oktay Qədimov yaşayış sahəsindəki qazdan, sudan, elektrik enerjisindən, mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etməyə maneə törətdiyinə görə iddiaçıya qarşı iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin 2(029)- 252/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən yaşadıqları Qusar şəhəri E.İbrahimov küçəsi 32 saylı evdəki kommunal xidmətlərdən (qazdan, sudan, elektrik eneıjisindən), mətbəxdən, hamam- tualetdən, həyətdən istifadə etməklərinə cavabdeh X13 tərəfindən törədilən maneələrin aradan qaldırılması, onlara qarşı cavabdeh X4 maneə törətməsinə son qoyulması və evin ikinci mərtəbəsinin elektrik xətlərinin bərpa edilməsinin cavabdeh X8 həvalə edilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı bundan əvvəl onlara qarşı “ mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Oktaq Qədimov iddia tələbinə kompensasiya verməklə cümləsini əlavə edərək eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “BİLƏR” sözü imperativ norma deyil. Yəni istifadə hüququna xitam verilməyə də bilər. Hesab edirlər ki, Mülki Məcəllənin 228.2-ci maddəsi onlara münasibətdə tətbiq oluna bilməz. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, onlar evin əvvəlki mülkiyyətçisi olmuş X14 ilə ailə münasibətlərində olaraq bu evdə yaşayırlar. İddiaçı ilə aralarında yaşadıqları evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə heç bir yazılı razılaşma yoxdur, bu ev onların daimi və yeganə yaşayış yeridir. Cavabdeh1 uzun illərdir ki, «Kəskin meninqoensefalitkoqnitivfiıiksiyaların pozulması ilə Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində koqnitiv funksiyaların enməsi, Psixolotik pozuntu. Hipertonik angiopatiya (G04.F 07.8.1147)» diaqnozu ilə xəstədir, müalicəsi nəticə vermir, sağalmır. Onların yaşamağa başqa yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər.
5. xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi tam hissədə X9 və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 323.5kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam hissədə X8 məxsusdur.
6. 31 avqust 2018-ci il tarixli 2(029)-792/2018 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh QədimovOktay Nazim oğluna məxsus olan Qusar şəhəri Əzizbəyov (E.İbrahimova) küçəsi 32 saylı fərdi yaşayış evindən çıxarılmaları,ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 və üçüncü şəxslər Qusar rayon Notariat Kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməsi qət edilmişdir.
7. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(105)- 475/2019 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)- 792/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, və Cavabdeh3 qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının və Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Qusar rayon Notariat Kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının və Cavabdeh3 QədimovOktay Nazim oğluna məxsus Qusar şəhəri, E.İbrahimov (Əzizbəyov) küçəsindəki 32 saylı evə istifadə hüquqlarının tanınması, Cavabdeh3 Qusar şəhəri, E.İbrahimov (Əzizbəyov) küçəsindəki 32 saylı evə köçürülməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməsini qət etmişdir.
8. 20 iyun 2019-cu il tarixli 2(102)-4132/2019 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Qusar Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(029)-105/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6500 manat məbləğində kompensasiya verilməklə X8 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin iddiaçıya məxsus evdən çıxarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 153.1, 157.1, 157.2, 157.4, 228.1 və 228.2-cü maddələri, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Qusar Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(029)-105/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılaraq iddia təmin olunmuş, cavabdehlərə 6500 manat miqdarında kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının mənzilin mulkiyyətçisi olmasına, bununla əlaqədar mənzildə yaşayan digər ailə üzvlərinin istifadə hüquqlarına kompensasiya verməklə xitam verilməsi barədə tələb irəli sürə bilmək hüququnun olmasına istinad etmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin MM-nin 228-ci maddəsinin Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair qərarına görə 2000-ci ilin 01 sentyabrından qüvvəyə minmiş MM-nin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini ailə uzvləri və digər şəxslərlə mulkiyyətçi arasında bağlanan razılaşmanın notariat qaydasında təsdiq edilməsi ilə şərtləndirmişdir. Bununla bağlı mulkiyyətçinin mənzildən istifadə hüququ olan şəxslərə qarşı kompensasiya verməklə istifadə huquqlarına xitam verilməsi barədə tələb irəli sürmək hüquqlarını da muəyyən etmişdir. Lakin bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə isə “yaşayış evi mülkiyyətçisinin özunə məxsus evə köçürdüyü ailə uzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Kompensasiya verməklə istifadə hüququna xitam verilməsi Konstitusiya Məhkəməsinin həmin qərarına görə o şəxslərə şamil oluna bilər ki, həmin şəxslər 2000-ci ilin 01 sentyabrından sonrakı tarixlərdən mənzil mübahisəsi ilə əlaqədar yaranmış münasibətlərin subyekti olsunlar. Lakin işdən göründüyü kimi, istər iddiaçı, istərsə də cababdehlər anadan olduqları andan həmin mubahisəli mənzildə birlikdə yaşamış, iddiaçıdan əvvəl mənzilin mulkiyyətçisi olmuş anaları X6 ailə uzvləri kimi mənzildən mülkiyyətçi ilə bərabər istifadə hüququnu əldə etmişlər. Konstitusiya Məhkəməsinin həmin qərarının müddəaları və Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əlaqədar cavabdehlər həmin mənzilin ilkin mülkiyyətçisi olmuş X14 ilə bərabər mənzildən bərabər istifadə hüququnu əldə etmişdir. Qeyd olunanlarla əlaqədar cavabdehlərə qarşı kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsinə dair MM-nin 228.1 və 228.2-ci maddələrinin göstərişləri şamil oluna bilməzdi. Məhkəmə isə iddianı təmin edərkən, cavabdehlərin ailə üzvü kimi əvvəldən həmin mənzildən bərabər istifadə hüquqlarının olmasını nəzərə almamış, iddiaçının yalnız 2018-ci ildən sonrakı müddətdən mənzilin mülkiyyətçisi olmasına istinad etməklə onun cavabdehlərə qarşı belə bir tələb edə bilmə hüququnun olmasını muəyyən etmişdir. Digərlərinin isə istifadə hüquqlarına xitam verilməsinə dair əsassız qərar qəbul etmişdir. İşə baxılarkən mühüm əhəmiyyət kəsb edən sənəd və materiallar qanuni və normativ hüquqi aktların mübahisənin həllinə tətbiqi baxımından aydınlaşdırılmamışdır. Kompensasiya verməklə istifadə hüquqlarına xitam vermə barədə qərarı qəbul edərkən məhkəmə cavabdehlərin iddiaçıya qədər mənzildən mülkiyyətçi ilə bərabər istifadə hüquqlarının olması faktına qiymət verməmişdir. İs üçün xüsusi əhəmiyyət kəsb edə bilən işin bu faktiki halının nə dərəcədə iddianın təmin olunmasına əsas verməsi isə maddi hüquq normalarının tətbiqi baxımından sübut olunmamısdır. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin halları ilə ziddiyyət təşkil etmiş və faktiki hallara uyğun əsaslandırılmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. Digər cavabdehlər Cavabdeh2 Həsrətəli qızı, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Həmçinin bildirdilər ki, onların bu evdən başqa yaşayış yerləri yoxdur. Odur ki, heç bir kompensasiya müqabilində iddianı qəbul etmirlər.
16. İddiaçı X12 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
19. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçı Oktay Qədimova məxsusdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının, Cavabdeh3 həmin yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qətnaməsinə əsasən tanınmışdır. Cavabdehlər Cavabdeh1la Cavabdeh2 ərarvad olmaqla digər cavabdehlər Aydın və Cavabdeh4lar həmin şəxslərin övladıdırlar və cavabdehlər bir ailənin üzvləri kimi iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar. İddiaçı mülkiyyətində olan evdə cavabdehlərlə birlikdə yaşamasının mümkünsüz olduğunu bildirərək cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir.
25. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6500 manat məbləğində kompensasiya verilməklə X8 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin iddiaçıya məxsus evdən çıxarılması qət edilmişdir.
26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Oktay Qədimovun özünə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin istifadə hüquqlarına 6500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin şəxslərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayətdir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin ev təmirsiz evdir, yaşayış şəraiti aşağı səviyyədədir. Həmin halı Cavabdeh2 da özünün məhkəmə iclasında vermiş olduğu izahatında təsdiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının təklif etdiyi 6500 manat məbləğində kompensasiya müqabilində cavabdehlər bir ailə üzvü olaraq hazırda yaşadıqları evin şəraitinə oxşar şəraitli evdə davamlı olaraq yaşamalarını təmin edə bilərlər. Bundan başqa, Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 adına kommersiya obyektinin (çay evi) və torpaq sahəsinin olduğunu bildirmişdir ki, bu da iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləğinin cavabdehlərin istifadə hüquqlarına xitamının ədalətli əvəzləşdirilməsini təmin etdiyinə dəlalət edir. Çünki, Cavabdeh1 özünə məxsus həmin əmlakların hesabına özünü və ailə üzvlərini yaşayış sahəsi ilə təmin etməyə imkanı vardır. Odur ki, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini məqsədə müvafiq hesab etmişdir.
27. Lakin, Cavabdeh1 birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
30. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyası qeyd olunan huquq normalarının göstərişi, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:
32. İşin hallarından göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının, Cavabdeh3 mənzilə istifadə hüquqları tanınmış, mübahisəli mənzillə bağlı münasibətlərin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin qüvvədə olduğu vaxtda yaranmasına məhkəmə qətnaməsi ilə qiymət verilmişdir.
33. Şikayətin dəlillərindən görünür ki, apellyator 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində mulkiyyətçinin mənzildən istifadə hüququ olan şəxslərə qarşı kompensasiya verməklə istifadə huquqlarına xitam verilməsi barədə tələb irəli sürmək hüququnun muəyyən edilmədiyini, mənzilə münasibətdə iddiaçı ilə bərabər istifadə hüququnun olmasını mübahisələndirmişdir.
34. Kollegiya şikayətin dəlilini əsassız hesab edir.
35. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər».
36. Konstitusiya Məhkəməsi Plenumununun qərarlarında formalaşmış hüquqi mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, araşıdırılan mübahisə üzrə iddiaçı müvafiq subyektiv hüquqa malikdir.
37. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
38. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
39. Adı çəkilən Plenum qərarında qeyd edilmişdir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.»
40. Qərarda qeyd olunur ki, mülkiyyət hüququ Azəbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
41. Göründüyü kimi Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
42. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan mənzil yaşamaq üçün kifayət qədər yararlı olmamaqla, təmirə ehtiyac vardır.
43. İnternet səhifəsindən çıxarışlardan görünür k, Qusar şəhərində evlərin (70-90 kv.m fərdi yaşayış evləri) aylıq kirayə haqqı 50-90 manat civarındadır.
44. Göründüyü kimi mənzillə bağlı kirayə haqqı 50-90 manat təşkil edir, bu isə onu deməyə əsas verir ki, cavabdeh, iddiaçı tərəfindən təklif edilən 6500 manat kompensasiya məbləği ilə 6 ilə yaxın müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olur.
45. Kollegiya mənzilin yaşayış sahəsinin 87,2 kv.m olmasını, mənzilin 1977-ci ildə tikilməklə köhnəlmə vəziyyətini, həmin ərazidə hazırda oxşar şəraitli mənzillərin kirayə haqqının 50-90 manat həddində olmasını nəzərə alaraq hesab edir ki, istifadə hüququna xitam verilməsinin müqabilində təklif olunan 6500 manat məbləğində kompensasiya hazırki bazar qiymətinə uyğundur, kompensasiya istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə həmin mənzillə müqayisədə oxşar şəraitli mənzildə yaşamaq imkanı verir. Belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır.
46. Bu şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddianın təmin edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiyanın qənaətincə iddiaçının cavabdehə təklif etdiyi 6500 manat kompensasiya ədalətli və ağlabatan məbləğdir.
47. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(029)-105/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.