Məhkəmə qərarları › İş №2(105)-801/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-801/2022

05.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-801/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(029)-762/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(029)-762/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 23 oktyabr 2013-cü il tarixdə Qusar Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, 1980-ci ildən ünvan 1 ünvanında yaşamışdır. X9 13 sentyabr 2012-ci il tarixdə, anası X4 isə 28 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra Cavabdeh2nə ərizə ilə müraciət etmiş, valideynlərindən miras qalan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və evə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 18 may 2021-ci il tarixli, **********13 saylı məktubla bildirmişdir ki, mərhum X9na məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Qusar rayon Notariat kontorunun 23.10.2013-cü il tarixli, 2V-302 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh2nə müraciət edib notariat işi ilə tanış olduqda aşkar olmuşdur ki, atası vəfat etdikdən sonra Qusar RİHB-nın Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi arayış vermiş, həmin arayışda X15 vəfatından sonra vərəsələri göstərilmişdir. Həmin arayışda onun adı qeyd edilməmiş, bu isə qanunsuz və əsassız vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə nəticələnmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə verilən iddanı absurd, əsassız və qanunsuz əsaslandırmaları ilə rədd etmişdir. Azərbaycan Respublikası MM-nin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Cavabdeh1 digər vərəsə kimi onun axtarılması üçün hər hansı bir tədbir görməmiş, əksinə Qusar Notariat ofisinə onun olmasını gizlədən ərizə təqdim etmişdir. Bu isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiaya iddia müddətini tətbiq edib iddianı rədd etmişdir. İddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş müddətə deyilir. Məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Onun valideynləri X21 və X4 1972-ci ildən evli olmuş, evi onların birgə nikahları dövründə əldə olunmasına baxmayaraq məhkəmə Qusar şəhəri, Q.Məhəmməd küçəsi, 52B sayı evin yalnız X21 oğluna məxsus olmasını göstərmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2007-ci ildə ailə həyatı qurub Bakı şəhərinə köçmüş, 2008-ci ildən sonra Qusar şəhərinə gəlib-getmiş, mübahisəli evə gələndə ona üz göstərilmədiyindən gah qayınanasıgildə, gah da dostunun evində qalmışdır. Atası vəfat edən zaman o, Bakı şəhərində olmuş və bu barədə ona məlumat verilməmişdir. Ona görə də, atasının dəfn mərasimində iştirak edə bilməmiş, sonradan ancaq üç mərasimində iştirak etmişdir. X19 isə 28.09.2020-ci il tarixdə vəfat etmiş, həmin vaxt bu barədə ona məlumat verilmiş və o, Qusar şəhərinə gələrək anasının dəfn mərasimində iştirak etmişdir. Atası vəfat etdikdən sonra vərəsəliklə bağlı notariusa müraciət etməmişdir. Anası vəfat etdikdən sonra isə Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən notariat orqanına müraciət etdikdə, ona vərəsəliklə bağlı Qusar rayonu notariat ofisinə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra o, Qusar şəhərinə gəlmiş, Cavabdeh2nə ərizə vermiş və məlum olmuşdur ki, ev artıq Cavabdeh1 məxsusdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 da eyni məzmunlu izahat verdi. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, qardaşı İddiaçı 2007-ci ildə ailə qurub Bakı şəhərinə köçərək orada yaşayır, hansı ünvanda yaşamasını bilmir. Həmin vaxtdan İddiaçı onların yaşadığı Qusar şəhəri, Q.Məhəmməd küçəsi, 52B saylı evə gəlib-getməmişdir. Atası vəfat edəndə qardaşına bu barədə məlumat verilmiş, lakin İddiaçı atasının dəfn mərasimində iştirak etməmiş, ancaq üçünə gəlmişdir. Anası vəfat edəndə qohumları zəng edib bu barədə İddiaçı məlumat vermiş, İlqar gələrək anasının dəfnində iştirak etmişdir. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri Q.Məhəmməd küçəsi, 52B saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0654 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X15 adına 17.09.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 13.09.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar RİHB-nin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.01.2013-cü il tarixli, 748 saylı arayışdan görünür ki, 13.09.2012-ci ildə vəfat etmiş X21 vəfat etdiyi günədək Qusar şəhəri, Q.Məhəmməd küçəsi 52B saylı evdə yaşamış və vəfatından sonra vərəsələri X5, Cavabdeh1, X13, X16 və X18 qalmışlar. İş materiallarında olan Qusar rayon Dövlət notariat kontoru tərəfindən 23.10.2013cü il tarixdə verilərək 2V-302 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 13.09.2012-ci ildə vəfat etmiş X15 vərəsəsi oğlu Cavabdeh1dur, şəhadətnamə verilən miras əmlak DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 17.09.2013-cü il tarixdə verimiş, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0654 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 89.6 kv.metr olan fərdi yaşayış evidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18.05.2021-ci il tarixli, **********13 saylı məktubdan görünür ki, mərhum X9na məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Qusar rayonu Notariat kontorunun 23.10.2013-cü il tarixli, 2V-302 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan X2, X7, X8 və X10 Qusar rayon Notariat Kontoruna ünvanladıqları ərizələrindən görünür ki, 13.09.2012-ci ildə vəfat etmiş mərhum X14 miras qalmış əmlaklardan onlara çatan paydan Cavabdeh1 xeyrinə imtina etmişlər, gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəklər. İş materiallarında olan İddiaçı notariat ofisinə ünvanladığı 12.12.2020-ci il tarixli ərizəsindən görünür ki, 28.09.2020-ci il tarixdə ölmüş anası X1 qalmış mirası qəbul etmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, X21 ilə X2 birgə nikahından İddiaçı, Cavabdeh1, X13, X16 və X18 anadan olmuşlar. X21 13.09.2012-ci il tarixdə ölmüş, ölümündən sonra qanun üzrə vərəsələri kimi arvadı X5, uşaqları İddiaçı, Cavabdeh1, X13, X16 və X18 qalmışlar. X2, X7, X8 və X10 Qusar rayon notariat kontoruna verdikləri ərizələrindən görünür ki, 13.09.2012-ci ildə vəfat etmiş mərhum X14 miras qalmış əmlaklardan onlara çatan paydan Cavabdeh1 xeyrinə imtina etmişlər, gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəklər. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). İşdən görünür ki, iddiaçı İddiaçı atasından miras qalmış əmlakı qəbul etməsinə dair notariat ofisinə ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Həmçinin İddiaçı atasının vəfatından 9 ilə yaxın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18.05.2021-ci il tarixli, **********13 saylı məktubunu aldıqdan 3 aydan artıq müddət keçdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmadığından həmin hüququnu itirmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində mübahisəli fərdi yaşayış evinin valideynləri X21 və X3 birgə nikahları dövründə əldə olunmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu halı təsdiq edən hər hansı bir sübutu məhkəyə təqdim etməmişdir. X4 özü də sağlığında, eləcə də əri X21 vəfat edərkən fərdi yaşayış evinin birgə nikahları dövründə əldə olunmasını iddia etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(029)-762/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar