Məhkəmə qərarları › İş №2(105)-801/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-801/2023

06.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-801/2023 06.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdeh Quba “ASAN xidmət” mərkəzində notariat ofisi, notarius S.N.Məmmədova qarşı “valideynlərin birgə nikahları dövründə əldə edilmiş dükandan atasının payının tanınması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(027)-1304/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba “ASAN xidmət” mərkəzində notariat ofisi, notarius S.N.Məmmədova qarşı “valideynlərin birgə nikahları dövründə əldə edilmiş dükandan atasının payının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərinin birgə nikahları dövründə əldə edilmiş Quba Bələdiyyəsinin 09 sentyabr 2002-ci il tarixli, 81 nömrəli sərəncamı ilə anası X5 adına verilmiş torpaqda X2 tərəfindən inşa edilmiş anası X5 adına Quba şəhəri, 4-cü məhəllədə, xüsusi mülkiyyət təyinatlı, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış binası üçün Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 may 2016-cı il tarixli, 895 nömrəli fərmanına əsasən verilmiş 22 oktyabr 2016-cı il tarixli, RX, № ******* nömrəli çıxarışı üzrə olan əmlakdan X2nun pay hissəsinin olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba Regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə valideynlərinin birgə nikahları dövründə əldə etdikləri Quba şəhəri, 4-cü məhəllədə, xüsusi mülkiyyət təyinatlı, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış binası (dükan) üçün, qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. Notarius ona şəhadətnamə verməyərək əvəzində 11 aprel 2022-ci il tarixli, 1065 nömrəli etiraz məktubu vermişdir. Sözügedən, əmlak yalnız anası X8 aid əmlak deyildir və anası bu əmlakın ərsəyə gəlməsinə bir mismar belə vurmamışdır. Bu əmlakın ərsəyə gəlməsi üçün X2 pulunu, vaxtını, istirahətini və sağlamlığını sərf edərək həmin dükanı tikərək, ərsəyə gətirərək, işlətmişdir. Valideynlərinin birgə nikahları dövründə Quba Bələdiyyəsindən alınmış 40 kv.m. torpaq sahəsi üzərində X2 inşa etdiyi dükan üçün müəyyən səbəblər nəticəsində çıxarış əldə edə bilmədən vəfat etdiyindən o, atasının miras varisi olaraq atasının həmin dükan üzrə pozulmuş əmlak hüququnun bərpa olunmasından ötrü bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 öz xətti ilə dükan tikmək üçün torpaq sahəsinin ayrılmasından ötrü anası X5 adından 08 avqust 2002-ci il tarixdə ərizə yazaraq Quba Bələdiyyəsinə müraciət etmişdir. Ərizə ilə əlaqədar Quba Bələdiyyəsi işə baxaraq 06 sentyabr 2002-ci il tarixli, razılıq AKT-RƏY-ni və şəhərin baş planından torpağın ayrılacağı yerin xəritəsini təsdiq etmişdir. Quba Bələdiyyəsinin razılığından sonra X2 Quba Bələdiyyəsinin xəzinəsinə 06 sentyabr 2002-ci il tarixdə öz adından seriya BFİ № 001995 nömrəli qəbzlə 500.000 (beş yüz min) AZM məbləğində rüsum ödəmişdir. Quba Bələdiyyəsi 09 sentyabr 2002-ci il tarixli 81 nömrəli sərəncamı ilə anası X5 adına kənd təsərrüfatı məhsullarının satışından ötrü Quba şəhərinin 4-cü məhəlləsinin, Mövlud Qonaq küçəsindən 5,0m x 8,0 = 40,0 kvadrat metr torpaq sahəsi ayrılmışdır. X2 ilə anası X5 nikahı 30 may 1961-ci il tarixdən 24 dekabr 2011-ci tarixədək, yəni 50 il birgə nikahda olmuşlar. Həmin dükanı atası özü üçün tikmiş, 47 il ərzində Quba rayon maliyyə şöbəsində baş mühasib və xəzinə əməliyyatlarının uçotu sektorunun müdiri vəzifəsində işləyib təqaüdə çıxdıqdan sonra evdə oturmayaraq həmin dükanda işləmişdir. 2004-cü ildə, atası dükanın inşasını bitirərək dükanı işlətməyə başlamışdır. Dükan üçün anasının adına çıxarış almaqdan ötrü dəfələrlə Quba rayon İcra hakimiyyətinə müraciət etsə də, bu mümkün olmamış və Quba rayon İcra hakimiyyəti dükanın istismarına razılıq verməmişdir. 2004-cü ildən etibarən, dükan üçün mütəmadi olaraq atası hər ay anasının adından işıq və qaz rüsumlarını ödəmişdir. Atası anasının adına olan 40 kv.m. torpaq sahəsi üçün, 17 fevral 2010-cu il tarixli, Dövlət Torpaq və xəritəçəkmə komitəsinin Quba şöbəsindən torpaq sahəsinin planı və ölçüsü lahiyəsinin kadastr qaiməsini (sertifikatını) almışdır. Atası 2010cu il tarixdən 24 dekabr 2011-ci il tarixədək, infarkt və insult xəstəliyi ilə əlaqədar ağır yataq xəstəsi olmuşdur. X2 24 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. O, Quba Notariat kontorunda mərhum atasının mirasını qanun üzrə qəbul etmişdir. Quba Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(027)-1304/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Quba “ASAN xidmət mərkəzində notariat ofisi, notarius S.N.Məmmədova qarşı “valideynlərin birgə nikahları dövründə əldə edilmiş dükandan atasının payının tanınması” tələbinə dair iddiası təmin edilməmişdir (hakim İlqar Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(027)-1304/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılan zaman iddia ərizəsində göstərilən bir çox məsələlərə əhəmiyyət verilmədiyinə və işin qanuni həlli üçün əhəmiyyət kəsb edən mötəbər sübutlar araşdırılmadığına görə iş üzrə düzgün qətnamə qəbul edilməmişdir. İş üzrə atasının mülkiyyət hüququ pozulmaqla yanaşı, eyni zamanda atasının mirasını qanun üzrə qəbul etdiyi üçün onun da vərəsəlik hüququ pozulmuşdur. İş materiallarında olan Quba Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 81 nömrəli səracamına əsasən, anası X1 təsərrüfatı məhsullarının satışından ötrü mağaza tikintisi üçün Quba şəhərinin 4-cü məhəlləsindən Mövlud Qonaq küçəsindən 5 metr x 8 metr = 40,0 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi anası X8 verilmiş olsa belə, həmin torpaq verilən zaman anası X14 X2 ilə birgə nikahda olmuşlar və həmin torpaq valideynlərinin birgə nikahları dövründə əldə edilmişdir ki, əldə olunmuş torpağın yarısı yəni 50%-i X2na aiddir. X2 həmin torpaq sahəsini almaq üçün öz xətti ilə anasının adından ərizə yazaraq, öz adından torpağın hərrac rüsumu olan 500.000 AZM Quba Bələdiyyəsinin xəzinəsinə ödəmişdir. Birgə nikah dövründə əldə edilmiş 5 metr x 8 metr = 40,0 kvadrat metr torpaq sahəsində X2 dükan inşa etmişdir. X2 tərəfindən həmin dükan 2006-cı ildə tam hazır vəziyyətə gətirilmiş və atası tərəfindən də istifadə edilmişdir. X2 vaxtını, pulunu və əsəblərini sərf edərək 2006-cı ildə sözügedən dükanı tikərək başa çatdırmışdır. X2 tərəfindən inşa edilmiş həmin dükan üçün anası X5 adına ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarış almaqdan ötrü o zamanın tələbinə görə Quba rayon İcra hakimiyyətindən razılıq məktubunun olması lazım idi. Həmin məktubu əldə etmək üçün atası dəfələrlə Quba rayon İcra hakimiyyətinə getsə belə, Quba rayon İcra hakimiyyətindən atasına razılıq məktubu vermədiyindən, ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarış almaq mümkün olmamışdır. Anasının adına Quba Bələdiyyəsi tərəfindən verilmiş 40 kv.m. torpaq üçün atası Dövlət Torpaq və xəritəçəkmə komitəsinin Quba rayon şöbəsindən 17 fevral 2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü lahiyəsinin kadastr qaiməsini (sertifikatını) almışdır. Həmin sənədə əsasən atası, sözügedən tikiliyə qaz və işıq xətləri çəkdirərək tikilini dükan olaraq istifadə edərək, dükanın qaz və işıq xərclərini ödəmişdir. Dükan üçün anasının adına çıxarış və ya qeydiyyat vəsiqəsinin əldə edilməməsi atasının təqsiri üzündən deyil, həmin dövrün əmlak qanununda olan boşluq üzündən olmuşdur. X2 24 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 may 2016-cı il tarixli, 895 nömrəli fərmanına əsasən, qanunvericilikdə mövcud olmuş boşluq bərpa olunduğundan dükan amnistiyaya düşərək, dükan üçün çıxarış ala bilmək imkanı yaranır. Anası atasının vəsaiti və zəhməti ilə inşa edilmiş dükan üçün atasının vəfatından sonra öz adına ƏMDKsi yanında DƏDRX-nin 5 nömrəli Xaçmaz Ərazi İdarəsindən, Quba şəhəri, 4-cü məhəllədə, Xüsusi mülkiyyət təyinatlı, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış binası üçün 22 oktyabr 2016-cı il tarixli, Seriya RX, № ******* nömrəli çıxarış almışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının 08 iyun 2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Quba “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusuna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, həmin notarius məhkəməyə məktub ünvanlayaraq, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba bələdiyyəsi sədrinin xx.xx.2002-ci il tarixli sərəncamına əsasən Quba şəhər sakini X1 təsərrüfatı məhsullarının satışından ötrü mağaza tikintisi üçün Quba şəhərinin 4-cü məhəlləsindən, M.Qonaq küçəsindən 5,0 x 8,0 = 40,0 (qırx) kvadrat metr torpaq sahəsi ayırılmışdır. İş materiallarında olan Quba Rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş AZ-İ seriyalı, 710359 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X14 arasında xx.xx.1961-ci il tarixində Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 52 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Quba Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 502504 nömrəli ölüm haqqında şəhadətnamənin elektron surətindən məlum olur ki, X15 xx.xx.2011-ci ildə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 02 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Quba Rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş AZ-İ seriyalı, 986412 nömrəli ölüm haqqında şəhadətnamənin elektron surətindən məlum olur ki, X14 xx.xx.2019-ci ildə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-ci il tarixdə 23 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Quba Regional «ASAN Xidmət» mərkəzi notariat ofisinin xx.xx.2022-ci il tarixli 1066 nömrəli məktubundan görünür ki, Quba rayonu notariat ofisi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2V-156, 157 reyestr-nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2011-ci ildə vəfat etmiş X7 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********868 reyestr nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri 4-cü məhəlləsində yerləşən 0.004 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ ilə X5 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəmınin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4977/2021 nömrəli qərarından görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X14 tərəfindən X11 verilmiş və Quba rayonu notariat kontorunda təsdiq edilmiş 26/11 /2016-cı il tarixli 18658 reyestr nömrəli etibarnamənin, reyesrdə qeydin ləğv edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış binasına dair reyestrdə edilmiş 29 noyabr 2016-cı il tarixli, 4Ə-1828 nömrəli qeydin ləğv edilməsi, 29 noyabr 2016-cı il tarixli AN-İ seriyalı, ******* nömrəli X16 ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış binasının X4 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin 5 nömrəli Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2016 qeydiyyat tarixli, **********8-06301 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış binasında İddiaçı valideynlərinin birgə nikah dövründə inşa etdirdikləri dükan üzərində miras payının təmin edilərək, vərəsəlik hüququnun tam pay üzrə tanınması, Quba notariat ofisi tərəfindən İddiaçı həmin dükan üçün qanun üzrə mülkiyyət hüququ haqqında vərəsəlik şəhadətnaməsinin verilməsi, cavabdehlər X17 (və azyaşlı qızları X19 və X20), X21, X6 bu dükan üzrə miras varisliyindən azad edilmələri və miras əmlakı qəsdən olaraq öz mənafeləri üçün miras kütləsindən çıxartdıqlarına görə ləyaqətsiz vərəsə hesab olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(27)-1553/2020 nömrəli qətnaməsilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(105)-1553/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)-1076/2021 qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(105)-1553/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4977/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)-1076/2021 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, iddiaçının X2 ilə anası X14 arasında xx.xx.1961-ci il tarixdə rəsmi nikah bağlanmış və həmin nikahdan xx.xx.1963-cü il tarixdə İddiaçı anadan olmuşdur. İddiaçının atası ilə anası birgə nikahda olduqları dövrdə anası X14 08 avqust 2002-ci il tarixdə X23 bələdiyyəsinə ərizə ilə müraciət edərək yaşadığı evin qarşısında yerləşən 40 kv.m. sahənin kənd təsərrüfatı məhsullarının satışı üçün mağaza tikilməsinə razılıq verilməsini xahiş etmiş və Quba Bələdiyyəsi sədrinin xx.xx.2002-ci il tarixli sərəncamı ilə Quba şəhər sakini X1 təsərrüfatı məhsullarının satışından ötrü mağaza tikikintisi üçün Quba şəhərinin 4-cü məhəlləsindən, M.Qonaq küçəsindən 5,0 x 8,0 = 40,0 (qırx) kvadrat metr torpaq sahəsi ayırmışdır. Daha sonra həmin 40,0 (qırx) kvadrat metr torpaq sahəsində 29,7 kv.m. qeyriyaşayış binası (mağaza) tikilmişdir. İddiaçının X2 xx.xx.2011-ci il tarixdə, anası X14 isə xx.xx.2019-cu ildə tarixdə vəfat etmişlər və Quba rayonu notariat ofisi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2V-156, 157 reyestr-nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2011-ci ildə vəfat etmiş X7 qanun üzrə vərəsəsi sırasına daxil edilmişdir. İş materiallarına əsasən həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadəşəldirilməsi haqqında” 19 may 2016-cı il tarixli, 895 saylı Fərmanına əsasən Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən 29,7 kv.m. qeyri-yaşayış binasına dair X9 adına mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 22 oktyabr 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırda İddiaçı cavabdeh Quba “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərinin birgə nikahları dövründə əldə edikləri anası X5 adına Quba şəhəri, 4-cü məhəllədə, xüsusi mülkiyyət təyinatlı, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış sahəsindən X2nun pay hissəsinin olması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Quba “ASAN xidmət” mərkəzinin notariat ofisi iddiaçının iddiasına cavab verməli olan orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar MPM-nin 50.3). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinin məzmunundan da aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman “tərəf” ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarını bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onların iştirak etdikləri hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Bəzi hallarda isə cavabdeh özü iddiaçının hüquq və maraqlarına toxunan heç bir hərəkət etməsə də, mübahisəli hüquq münasibətinin subyekti olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarından görünür ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Hazırki işdən görünür ki, cavabdeh Quba “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisi iddiaçının iddiasına cavab verməli olan orqan olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı atası ilə anasının birgə nikah dövründə əldə etdikləri Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m. qeyri-yaşayış binasına dair atasının vərəsəsi kimi pay hissəsinin olması barədə iddia ərizəsi ilə Quba “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı deyil, mərhum X14 tərəfindən sağlığında iddiaçının mərhum atasından miras qalmış mağazaya aid payının satılması təsdiq olunacağı təqdirdə, X5 hüquqi varislərinə qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən qanunvericiliyin tələblərinə uyğun düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(027)-1304/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar