Məhkəmə qərarları › İş №2(105)-805/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-805/2022

06.05.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-805/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Abşeron rayon 2 saylı Notariat Kontoruna və "xxxx" MMC-yə (üçüncü şəxs X5) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(012)-3919/2021 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(012)-3919/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim M.Abbasova) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(012)-3919/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Abşeron Rayon 2 saylı Notariat Kontoru və "xxxx" MMC-yə (üçüncü şəxs: X5) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə bağlanmış 19.05.2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin müqaviləyə edilmiş 05.08.2016-cı il tarixli 1 saylı əlavə sazişin ləğv olunması barədə X5 və digərləri arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə bağlanmış 19.05.2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin və həmin müqaviləyə edilmiş 05.08.2016-cı il tarixli 1 saylı əlavə sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ASC cavabdehlər - "xxxx" MMC, İddiaçı və N.Ə.Ramazanovaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin 19 may 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsi və ona 05.08.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən Cavabdeh1 ASC-yə olan ******* ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh "P.H.D” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə cavabdeh N.Ə.Ramazanovaya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisənin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 15 yanvar 2018-ci il tarixdə iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Göstərilən əmlakın idarə olunması məqsədi ilə R.Abbasov adlı şəxs ona verilən Baş etibarnamədən istifadə edib 19 may 2015-ci il tarixdə bir tərəfdən Cavabdeh1 ASC-nin müştəri xidmətləri Departamentinin direktoru Fərid Aslanın şəxsində, digər tərəfdən isə N.Ə.Ramazanovanın adından əmlakı "xxxx" MMCnin direktoru C.K.Həsənov adlı şəxsin bankdan nağd şəkildə 1.200.000 ABŞ dolları məbləğində kredit alması üçün ipoteka qoymuşdur. R.Abbasov bildirir ki, o, yuxarıda göstərilən müqaviləni imzalayıb-imzalamamasını xatırlamasa da, dəqiq olaraq bilir ki, belə bir müqavilənin Abşeron Rayonu 2 saylı Notariat Kontorunda rəsmiləşməsində iştirak etməmişdir. İş üzrə cavabdeh N.Ə.Ramazanovanın Bakı Apelyasiya Məhkəməsində 28 oktyabr 2020-ci il tarixdə apelyasiya şikayətinə baxılarkən məhkəmə tərəfindən 2 saylı Notariat Kontorundan sorğu ilə tələb edilmiş jurnalına baxış keçirilən zaman (göstərilən jurnala məhkəmə prosesində baxışın keçirilməsi 28 oktyabr 2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin N.Ə.Ramazanovanın apelyasiya şikayəti üzrə qəbul edilmiş qətnaməsində də öz əksini tapmışdır) jurnaldakı imzalardan məlum oldu ki, yuxarıda göstərilən 19 may 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin Bankın müştəri Xidməti Departamentinin direktoru Fərid Aslan adlı şəxs tərəfindən imzalanması göstərilsə də, o, həmin müqavilənin bağlanmasında, rəsmiləşdirilməsində Abşeron Rayon 2 saylı Notariat Kontorunda iştirak etməmişdir. Bu müqavilənin bağlanması X12 adlı başqa şəxs tərəfindən həyata keçirilmişdir. Qeyd edilən 19 may 2015-ci il tarixli 01 saylı mübahisəli ipoteka müqaviləsini imzalayan Fərid Aslanın özü bilavasitə 2 saylı Abşeron Rayon Dövlət Notariat Kontorunda qeydiyyatdan keçirilməsində iştirak etməmişdir. Beləliklə, hər hansı əqdin, o cümlədən ipoteka müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisə predmeti olan 19.05.2015-ci il tarixli ipoteka müqaviləsi notariat orqanından kənarda ola bilər ki, həqiqətən də, səlahiyyətli nümayəndəsi (direktoru) tərəfindən imzalansın. Bununla belə müqavilənin təsdiq olunması prosesində bilavasitə Fərid Aslanlının özü iştirak etməmiş, notarius tərəfindən müqavilə layihəsinin mənası və əhəmiyyəti ona izah edilməmiş, bu layihənin məzmununun bankın nümayəndəsinin həqiqi niyyətinə uyğun olub-olmaması yoxlanılmamışdır. Bundan başqa, notariat orqanında müqavilənin notariat qaydasında təsdiq edilməsi prosedurunda iştirak etmiş X12 adlı şəxsi həmin ipoteka müqaviləsinin bağlanmasında və təsdiq edilməsində səlahiyyətinin olubolmaması və hətta olsa da, ona belə səlahiyyətin kim tərəfindən, yəni buna səlahiyyəti olan şəxsinmi (şəxslər) tərəfindən verilməsi cavabdeh 2 saylı Abşeron Rayon Dövlət Notariat Kontoru tərəfindən mövcud qanunların tələblərinə zidd olaraq tamamilə araşdırılmamışdır. Belə olan halda yuxarıda göstərilən ipoteka müqaviləsi qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmaqla bağlandığından etibarsızdır. Bundan başqa, ipoteka müqaviləsinin etibarsızlığı barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Bununla belə, yuxarıda qeyd olunan hallar, yəni 2 saylı Abşeron Dövlət Notariat Kontorunda 19 may 2015-ci il tarixli məlum müqavilə bağlanarkən Departamentin direktoru Fərid Aslan yox, tamam başqa şəxs tərəfindən imzalanmış 28 oktyabr 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsində N.Ə.Ramazanovanın apelyasiya şikayətinə baxılarkən məlum olduğundan, prosessual müddət ötürülməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayəti iddia ərizəsi ilə təxminən eyni məzmun daşıyır. Apellyasiya şikayəti iddiaçı qeyd edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki Cavabdeh1 ASC cavabdehlər - "xxxx" MMC, iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin 19 may 2015-ci il tarixli, 01 saylı ipoteka müqaviləsi və ona 05.08.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən Cavabdeh1 ASC-yə olan ******* ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh "P.H.D” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə cavabdeh N.Ə.Ramazanovaya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisənin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 15 yanvar 2018-ci il tarixdə iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Araşdırma nəticəsində göstərilən əmlakın idarə olunması məqsədi ilə R.Abbasov adlı şəxs ona verilən Baş etibarnamədən istifadə edib 19 may 2015-ci il tarixdə bir tərəfdən Cavabdeh1 ASC-nin müştəri xidmətləri Departamentinin direktoru Fərid Aslanın şəxsində, digər tərəfdən isə N.Ə.Ramazanovanın adından əmlakı "xxxx" MMC-nin direktoru C.K.Həsənov adlı şəxsin bankdan nağd şəkildə 1.200.000 ABŞ dolları məbləğində kredit alması üçün ipoteka qoymuşdur. R.Abbasov bildirir ki, o, yuxarıda göstərilən müqaviləni imzalayıbimzalamamasını xatırlamasa da, dəqiq olaraq bilir ki, belə bir müqavilənin Abşeron Rayonu 2 saylı Notariat Kontorunda rəsmiləşməsində iştirak etməmişdir. N.Ə.Ramazanovanın Bakı Apelyasiya Məhkəməsində 28 oktyabr 2020-ci il tarixdə apelyasiya şikayətinə baxılarkən məhkəmə tərəfindən 2 saylı Notariat Kontorundan sorğu ilə tələb edilmiş jurnalına baxış keçirilən zaman (göstərilən jurnala məhkəmə prosesində baxışın keçirilməsi 28 oktyabr 2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin N.Ə.Ramazanovanın apelyasiya şikayəti üzrə qəbul edilmiş qətnaməsində də öz əksini tapmışdır) jurnaldakı imzalardan məlum oldu ki, yuxarıda göstərilən 19 may 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin Bankın müştəri Xidməti Departamentinin direktoru Fərid Aslan adlı şəxs tərəfindən imzalanması göstərilsə də, o, həmin müqavilənin bağlanmasında, rəsmiləşdirilməsində Abşeron Rayon 2 saylı Notariat Kontorunda iştirak etməmişdir. Bu müqavilənin bağlanması X12 adlı başqa şəxs tərəfindən həyata keçirilmişdir. Qeyd edilən 19 may 2015-ci il tarixli 01 saylı mübahisəli ipoteka müqaviləsini imzalayan Fərid Aslanın özü bilavasitə 2 saylı Abşeron Rayon Dövlət Notariat Kontorunda qeydiyyatdan keçirilməsində iştirak etməmişdir. Qeyd olunan nəzərə alınsa iddia tələbi təmin edilməli idi. Lakin məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlər nəzərə alınmaqla, şikayət təmin edilməli, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Abşeron rayon 2 saylı Notariat Kontoru və "xxxx" MMC, üçüncü şəxs X5 məhkəmə ilasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 873163 №-li nikah haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X6 arasında nikah 08.04.2003-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 192 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ramazanova soyadı verilmişdir. Yenə iş materiallarından olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsi və üzərində yerləşən 15047.0 kv.m ümumi sahəsindən ibarət olan Əmlak kompleksi kimi müəssisə X1 adına 03.12.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Yenə də iş materiallarında olan 19 may 2015-ci il tarixli 01 №-li ipoteka müqaviləsindən müəyyən edilir ki, 19 may 2015-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 ASC "xxxx" MMC-yə dövriyyə vəsaiti olaraq 24 ay müddətinə nağd şəklində istifadə olunmaqla, 1,200,000.00 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində və ya miqdarda ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit verir. Cavabdeh1 ASC ilə borcalan arasında bağlanmış 15 may 2015-ci il tarixli, 02 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələr ilə əlaqədar olaraq, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək ipoteka qoyan, AR ƏMDK yanında DƏDRX-nin 3 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində 03.12.2013-cü il tarixdə (reyestr nömrəsi **********07-12301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmiş, Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 m2 olan əmlak kompleksi kimi müəssisəni torpaq sahəsi ilə birlikdə 3,000,000.00 (üç milyon) manat dəyərində ipoteka qoyur. İpoteka predmeti "xxxx" MMC-nin ekspertləri tərəfindən baxış keçirilmiş və banka təqdim edilən ekspert rəyinə əsasən 3,000,000.00 (üç milyon) manat dəyərində qiymətləndirilmişdir. Həmin ipoteka müqaviləsini ipoteka qoyan X1 adından 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilən 394503 №-li, 03.12.2013-cü il tarixli etibarnamə ilə X7 imzalamışdır. İş materiallarına əlavə edilmiş 19 may 2015-ci il tarixli, 01 №-li ipoteka müqaviləsinə 01 №-li əlavədən müəyyən edilir ki, 19 may 2015-ci il tarixli, 02 saylı kredit müqaviləsinə və bu müqaviləyə edilmiş 05 avqust 2016-cı il tarixli, 01 saylı Əlavəyə əsasən, Cavabdeh1 ASC "xxxx" MMC-yə dövriyyə vəsaiti olaraq 19 may 2018-ci il tarixinədək 1,100,000.00 ABŞ dolları məbləğində kredit verir. Bankın bu əlavədən irəli gələn tələb və hüquqları borcalan və ipoteka qoyan tərəfindən qeyd-şərtsiz qəbul edilir və tərəflərin imzaları ilə təsdiq olunur. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 03 dekabr 2013-cü il tarixli 394503 №-li etibarnamədən müəyyən edilir ki, X5 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri imzalamağı, habelə digər hərəkətlər etməyi X3 etibar etmişdir. Həmin etibarnamə 3 il müddətinə - 03.12.2016-cı ilədək qüvvədədir. Yenə iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 15.05.2015-ci il tarixli, 517865 №-li etibarnamədən müəyyən edilir ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri imzalamağı, habelə digər hərəkətlər etməyi X3 etibar etmişdir. Həmin etibarnamə 1 il müddətinə - 15.05.2016-cı ilədək qüvvədədir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 19.05.2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı əvəzinə X7 RX N-0304794 seriya nömrəli çıxarışa əsasən X1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mülkiyyətində olan 1.8693 ha torpaq sahəsi və üzərində yerləşən 15047.0 kv.m ümumi sahəsindən ibarət olan Əmlak kompleksi kimi müəssisənin ipotekaya qoyulmasına etiraz etmir. İpoteka (girov) ilə yüklü edilmiş əmlaka (girov predmetinə) tutma yönəldiyi halda öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı qeyd-şərtsiz tərk edəcək. X7 həmin ərizəni öz imzası ilə təsdiq etmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 18.03.2013-cü il tarixdə qeydiyyata alınmış Nizamnaməsindən görünür ki, Cəmiyyət yeganə təsisçisi X11 olmaqla sahibkarlıq fəlaiyyəti ilə məşğul olan hüquqi şəxsdir. Yenə iş materiallarına əlavə edilmiş məhkəmə qərar və qətnamələrindən məlum olur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı 15 yanvar 2018ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər-"xxxx" MMC, İddiaçı və X2 qarşı "xxxx" MMC-nin 19 may 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsi və ona 05.08.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən Cavabdeh1 ASC-yə olan ******* ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh "P.H.D” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə cavabdeh N.Ə.Ramazanovaya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisənin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamə bütün instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 19.05.2015-ci il tarixli, AR-İ 402251 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 ASC bankın adından notariat orqanlarında kredit müqavilələrinin təsdiq edilməsini X8 və X9 etibar etmişdir. Etibarnamə bir il müddətinə qüvvədədir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(012)- 3919/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ASC "xxxx" MMC-yə dövriyyə vəsaiti olaraq 24 ay müddətinə nağd şəklində istifadə olunmaqla, 1,200,000.00 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində kredit vermiş, həmin kreditin təminatı olaraq X1 Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 m2 olan əmlak kompleksi kimi müəssisə torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 3,000,000.00 (üç milyon) manat dəyərində qiymətləndirilmişdir. İpoteka müqaviləsi bağlanarkən bütün formallıqlara əməl olunmuş, müqavilə səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Hazırda iddiaçı tərəfindən həmin ipoteka müqaviləsi mübahisələndirilir. Əsas dəlil isə ondan ibarətdir ki, mübahisələndirilən 19 may 2015-ci il tarixli, 01 saylı ipoteka müqaviləsinin Bankın müştəri Xidməti Departamentinin direktoru Fərid Aslan adlı şəxs tərəfindən imzalanması göstərilsə də, o, həmin müqavilənin bağlanmasında, rəsmiləşdirilməsində Abşeron Rayon 2 saylı Notariat Kontorunda iştirak etməmişdir. Bu müqavilənin bağlanması X12 adlı başqa şəxs tərəfindən həyata keçirilmişdir. Qeyd edilən 19 may 2015-ci il tarixli, 01 saylı mübahisəli ipoteka müqaviləsini imzalayan Fərid Aslanın özü bilavasitə 2 saylı Abşeron Rayon Dövlət Notariat Kontorunda qeydiyyatdan keçirilməsində iştirak etməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, iddiaçının daha öncə qeyd edilən dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş 19.05.2015-ci il tarixli etibarnamədən məlum olur ki, Cavabdeh1 ASC bankın adından notariat orqanlarında kreditlə bağlı müqavilələrin təsdiq edilməsini X8 və X9 etibar etmişdir. Etibarnamə bir il müddətinə qüvvədədir. Mübahisələndirilən ipoteka müqaviləsi 19.05.2015-ci ildə bağlanmışdır. Başqa sözlə, qeyd edilən ipoteka müqaviləsini bankın adından imzalayan şəxs səlahiyyətli olmuşdur. Digər tərəfdən bank həmin müqaviləni bəyənmiş və müdafiə etmişdir. Müqavilənin bankın adından kimin tərəfindən imzalanmasının iddiaçı üçün nə əhəmiyyət daşıdığı, onun hansı hüququnun pozulduğu bəlli olmur. Yuxarıda qeyd edildiyi kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər - "xxxx" MMC-yə, İddiaçı və X2 qarşı "xxxx" MMC-nin 19 may 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsi və ona 05.08.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən Cavabdeh1 ASC-yə olan ******* ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh "P.H.D” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə cavabdeh N.Ə.Ramazanovaya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisəsinin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamə cavabdehlər tərəfindən mübahisələndirilsə də, yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə aktlarından məlum olur ki, İddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və hazırda etibarsızlığını tələb etdiyi ipoteka müqaviləsini mübahisələndirmiş, lakin şikayəti təmin edilməmişdir. Hazırda sadəcə mübahisə üzrə tərəflərin yeri dəyişilmişdir. AR MPM-nin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə mübahisələndirilən ipoteka müqaviləsinin qanuniliyi təsdiqini tapmışdır. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı rədd etmək üçün Mülki Məcəllənin müvafiq normalarına istinad etməkdə haqlı olmuşdur. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Qeyd edildyi kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə bağlanmış 19.05.2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin və həmin müqaviləyə edilmiş 05.08.2016-cı il tarixli 1 saylı əlavə sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun əsas dəlili bundan ibarətdir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə zidd şəkildə bağlandığından etibarsız hesab edilməlidir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Hazırkı halda, iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla belə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. Beləliklə, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır. Bundan başqa, işdən görünür ki, İddiaçı əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəyticəyə gəlmişdir. İş materiallarında məlum ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(012)- 3919/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar