Məhkəmə qərarları › İş №2(105)-806/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-806/2021

03.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-806/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-256/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-256/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat pulun İddiaçı aid edilməsi və aparılmış ekspertiza tədqiqatına görə ondan 100 manat tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-256/2020 saylı qətnaməsininin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ona məxsus olan torpaq sahəsində fərdi yaşayış evi vardır. Onunla qonşu sərhəddə Cavabdeh fərdi yaşayış evi mövcuddur. Lakin cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarını pozmaqla 1 sot torpaq ərazidə satış məqsədi ilə iki fərdi yaşayış evi tikmişdir. Cavabdeh fərdi yaşayış evinin birini onun həyətyanı torpaq sahəsinin hasasına birləşdirmişdir. Fərdi yaşayış sahəsinin tikintisi aparılarkən ara divarlar arasında nəzərdə tutulan məsafələr saxlanılmamış və tkinti normaları və qaydaları ciddi şəkildə pozulmuşdur. Eyni zamanda fərdin yaşayış sahəsinin pəncərələri onun həyətinə baxır. Bu barədə cavabdehə və aidiyyəti qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamış və aidiyyəti orqanlar tərəfindən hüquqi tədbir görülməmişdir. Cavabdehin inşa etdiyi fərdi yaşayış evi qanunun tələblərinə ziddir və onun maraqlarına toxunur. Ona görə də, Cavabdeh onun torpaq sahəsinin hasarına bitişik inşa etdiyi yaşayış sahəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 32261 nömrəli rəyindən görünür ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində yerləşən, iş üzrə İddiaçı torpaq sahəsini əhatə edən daş hasara tikilməkdə olan Cavabdeh məxsus fərdi yaşayış evinin, ara məsafəsi baxımından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1 maddəsinin tələbinə uyğun inşa olunmadığı müəyyən edilir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, yaşayış məntəqələrinin torpaqlarına aid 0.06 ha ölçüdə həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə xx xxxxxx 2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq y/massivi ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaqlarına aid 0.06 ha ölçüdə torpaq sahəsi üzərindəki 298.8 kv.m ölçüdə daşınmaz əmlakla birlikdə xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxx 2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq y/massivi ünvanında ünvanında yerləşən İddiaçı məxsus evin texniki pasportu xx xxxxxx 2019-cu il tarixdə tərtib olunaraq təsdiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, yaşayış məntəqələrinin torpaqlarına aid 0.03 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaqlarına aid 0.03 ha ölçüdə torpaq sahəsi üzərindəki 94.40 kv.m ölçüdə daşınmaz əmlakla birlikdə xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxx 2019-cu il il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus evin texniki pasportu xx xxxxxx 2019-cu il tarixdə tərtib olunaraq təsdiq edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2019-cu il tarixli 862-T nömrəli məlumatlandırma icraatından görünür ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********65 reyestr nömrəli çıxarışı ilə Xırdalan şəhəri ərazisində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş 2 ədəd birmərtəbəli fərdi yaşayış evinin (55 kv.m) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində planlaşdırılır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın; tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun; tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin; qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa, mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxx 2020-ci il tarixli 32261 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində yerləşən, iş üzrə İddiaçı torpaq sahəsini əhatə edən daş hasara tikilməkdə olan Cavabdeh məxsus fərdi yaşayış evinin, ara məsafəsi baxımından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Cavabdeh məxsus fərdi yaşayış evinin qonşusu İddiaçı həyətinə baxan hissədə evin ikinci mərtəbəsinə pəncərələrin qoyulması ilə bağlı hər hansı tələblər (normalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri ilə tənzimlənmir. İddia ərizəsini təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tikinti məqsədləri üçün ayrılan, mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsində lazımi icazə almaqla, müəyyən edilmiş eskiz, tikinti layihələri əsasında fərdi yaşayış evini tikmişdir, evin texniki pasportu tərtib olunaraq təsdiq edilməklə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisələndirilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu halda, ev qanunsuz tikili hesab olunaraq sökülə bilməz, müvafiq sənədlər əsasında tikilərək istifadəyə verilmiş və mülkiyyət hüququ əsasında qeydə alınmış evin sökülməsi barədə iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddiaçının təmin olunmasına dair başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-256/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar