Məhkəmə qərarları › İş №2(105)-807/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-807/2021

03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-807/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, İddiaçı Mədəd qızının nümayəndəsi və vəkili X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsi ilə (hakim E.M.Kazımov) İddiaçı Mədəd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Mədəd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 borclu olduğu üçün borcunun təminatı olaraq ona xx xxx 2015ci il tarixli mülkiyyətində olan fərdi yaşayış evinə dair baş etibarnamə vermiş və borcunu bir ay müddətinə ödəyəcəyinə söz verdiyi üçün etibarnamə bir ay müddətinə qüvvədə olmuşdur. Həmin etibarnamə əsasında Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci tarixli, reyestrdə 4Ə-№ 1549 nömrə ilə qeyd edilən alıcı Cavabdeh2 ilə satıcı olaraq onun arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini sonuncunun adından imzalamışdır. Lakin, cavabdeh bu barədə ona heç bir məlumat verməmişdir. Cavabdeh1 ona olan borcunu ödəyə bilmədikdə onunla həmin evin 70.000 manata satmış, satdıqdan sonra borcu götürüb qalan pulu ona qaytaracağı barədə razılığa gəlmişlər. Həmin vaxtdan bu günə qədər ev onun faktiki istifadəsində olmuşdur. Sözügedən müqavilə Abşeron rayonu, Xırdalan şəhərində bağlanmışdır. O, Cavabdeh1 2012-ci ildə sələmə borc almış və faktiki olaraq ona borclu idi. Bu səbəbdən evi və sənədlərini ondan tələb edə bilməmişdir. Hətta Cavabdeh1 ona ev üçün verilən etibarnamənin müddətinin bitdiyini, evi sata bilmədiyini, bu səbəbdən borcun təminatı kimi notarial qaydada təsdiq edilmiş borc müqaviləsi imzalamağı təklif etmiş, o, da məcbur olaraq onunla xx xxxx 2015-ci il tarixində notarial qaydada təsdiq edilmiş formal şəkildə borc müqaviləsi imzalamışdır. Ötən il aralarında olan borca görə Cavabdeh1 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərəfədə cavabdeh Ç.A.İbayeva onun etibarından sui-istifadə edərək ona məxsus evin Cavabdeh2 dəyərindən qat-qat aşağı qiymətə, yəni 30.000 manata satması haqqında şifahi məlumat almışdır. Bununla bağlı o, Abşeron rayon 1 saylı notariat ofisinə sorğu ilə müraciət edərək müqavilənin və digər sənədlərin surətini əldə etmişdir. Sözügedən alqı-satqı müqaviləsi onun etibarından sui-istifadə edilərək bağlanmış, fərdi yaşayış evi real dəyərindən qat-qat ucuz qiymətə satılmışdır. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisəli evə dair etibarnamə verilərkən təmsil olunan təmsil edənə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsil edənin özünün maraqları daxilində deyil, təmsil olunana maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Cavabdeh ilə etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət etməmiş, onun deyil, öz maraqları çərçivəsində hərəkət etmişdir. Bu hal üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və s. tətbiq edilməlidir. Cavabdehin adına sözügedən etibarnaməni nəyə görə verilməsini, daşınmaz əmlaklara dair alqı-satqı müqavilələrinin nəyə görə təmsilçi kimi cavabdehin vasitəsi ilə bağlanmasını, alqı-satqı müqavilələri üzrə ödənilmiş pul vəsaitlərinin kimin tərəfindən, hansı qaydada ödənilməsini və alınmasını, etibarnamə üzrə təmsilçi kimi cavabdehin tapşırıq müqaviləsinin icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirib keçirməməsini, aldığı pul vəsaitlərini tam məbləğdə təyinatı üzrə xərcləyibxərcləməməsini, onun öz borcunu yerinə yetirib-yetirməməsini, alıcının vicdanlı alıcı olubolmamasını və sair hallardan görünür ki, Cavabdeh2 onun vəziyyətindən sui-istifadə edərək real dəyərindən qat-qat ucuz qiymətə daşınmaz əmlakını alqı-satqı ilə müqaviləsi əsasında əldə etmiş, digər Cavabdeh1 isə bunun müqabilində 30.000 manat pulu əldə edərək mənimsəmişdir. Ona görə də, Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci tarixli, reyestrdə 4Ə-№ 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı Cavabdeh2 və satıcı İddiaçı Mədəd qızı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və onun aldığı aldığı 30.000 manat maliyyə vəsaitinin Abşeron rayon 1 saylı notariat ofisinin depozit hesabına geri qaytarması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstiusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 337.1, 337.4, 337.5, 354.2, 359.1, 359.3, 362.1, 777.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mədəd qızının nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialarında olan Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu B.İslamov tərəfindən təsdiq edilmiş xx xxx 2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Mədəd qızı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı və digər hərəkətləri etməsinə dair baş etibarnamə vermişdir. Etibarnamə bir ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək qüvvədə olmuşdur. 1 saylı notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci tarixli, reyestrdə 4Ə 1549 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” İddiaçı Mədəd qızı nümayəndəsi Cavabdeh2, “Alıcı” Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,6 kv. metr, yaşayış sahəsi 33,4 kv. metr, yardımçı sahəsi 74,2 kv. metr olan fərdi yaşayış evini (107,6 kv. metr 2 otaq) 30000 (otuz min) manata satmışdır. Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu B.İslamov tərəfindən “xxxx” ASCnin Abşeron filialına verilmiş 639 saylı, xx xxx 2015-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənməli 30000 (otuz min) manat təsdiq edildikdən sonra Cavabdeh1 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 93 saylı ev və 0,018 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı Mədəd qızının adına qeydiyyata alınmışdır. Abşeron 1 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İbayeva X3 Səidə Mədəd qızına 19000 (on doqquz min) manat borc pul verməyi, İddiaçı Mədəd qızı həmin məbləği Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X5 xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3173/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Mədəd qızına qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı Mədəd qızından 19000 (on doqquz min) manat məbləğində borc pulun, 1000 manat məbləğində ziyanın, 20 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20.020 manat (iyirmi min iyirmi) manat məbləğində pulun alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4036/2019 saylı qətnaməsi ilə İddiaçı Mədəd qızının Cavabdeh1 qarşı qeyri-qanuni, əsassız və yalan bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, İddiaçı Mədəd qızı RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olmuş Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 93 saylı ev və 0,018 ha torpaq sahəsinə dair sərəncam vermək və satmaq da daxil olmaqla bir sıra hərəkətləri etməsinə dair xx xxx 2015-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 etibarnamə əsasında İddiaçı Mədəd qızı tərəfindən ona verilmiş hüquqlardan istifadə edərək, sonuncunun adından etibarnamə üzrə nümayəndəsi kimi digər Cavabdeh2 ilə xx xxx 2015-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və həmin alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmişdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.Təmsilcinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir.Həmin normaya əsasən, bir şəxsin ücüncü şəxslər qarşısında təmsilcilik ücün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hazırki mübahisə üzrə Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında çıxış edərək, alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı Mədəd qızı tərəfindən Cavabdeh1 Ağayar qızına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsinə verilmiş etibarnamədə həmin əmlakısatmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti xx xxxx 2015-ci il tarixədək müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni xx xxx 2015-ci il tarixdə etibarnamə qüvvəsində olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, İddiaçı Mədəd qızı alqı-satqı müqaviləsi bağlandıqdan sonra notariat orqanına müraciət edərək Cavabdeh1 verdiyi etibarnamədən imtina etməsi barədə ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi, Cavabdeh1 qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh2 nümayəndəsi, vəkili Sarıyev Əjdər Hakim oğlu məhkəməyə ərizə təqdim edərək, iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni Məcəllənin 373.1-ci və 372.2-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün hüququn məhkəmədə müdafiə olunmasının bəzi qaydaları, habelə iddia müddətlərinin tətbiqi məsələləri xüsusi əhəmiyyət kəsb etdiyinə görə aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2005-ci il tarixli, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2007-ci il tarixli, “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2011-ci il tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli qərarı). Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə qəbul etdiyi qərarlarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır (bax, Miragall Escolano and others v. Spain, no. 38366/97, 38688/97, 40777/98, 40843/98, 41015/98, 41400/98, 41445/98, 41484/98, 414487/xx xxx 41509/98, § 33, xx xxxxxx 2000-ci il) “Stanyo Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi müəyyən etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (bax, Affaire Stagno c. Belgique, no. 1062/07, § 26, xx xxxx 2009-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki halda qətnamənin təsviri hissəsində şərh edilmiş digər əsaslarla yanaşı, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar vermək üçün əsas mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, məhkəmə müdafiəsi yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. İddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 6 ildən çox vaxt keçməsinə baxmayaraq, bu dövrdə məhkəməyə müraciət etməməsini əsaslandıran üzrlü səbəblər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar