Məhkəmə qərarları › İş №2(105)-809/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-809/2025

03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-809/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X2 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Xaçmaz Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-408/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda “qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olundu” rəyi verilmişdir.

2. 31.01.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə 4151.06 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında yazılmış 4151.16 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, kommunal xərclər onun adına gəlir. Guya ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu və nəticədə təbii qaz itkisi yarandığı barədə Azəriqazın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt yazılaraq onu cəmi 4151.16 manat cərimə ediblər. Hansıki, onun sayğacı bayırda yerləşir, heç nədən xəbəri olmayıb və əlavə olaraq hər hansı bir müdaxilə olunmayıb. Bunu qaz idarəsinin nəzarətçiləri də bilir. Sayğacda göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-yə müraciət etmiş, hər dəfə bir bəhanə gətirərək yayınmışlar. Ona haqsız yerə qanunsuz yazılan cəriməni silməkdən boyun qaçırıblar. Hətta küçənin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. Hər ay istifadə etdiyi qaz sərfiyyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəldi ki, onun “Azərqaz” İB-və 4151.16 manat borcu var. Halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini həmin sayğaca heç nə qoşulmadığını və va hər hansı əlavə xəttdən istifadə olunmadığını sübut edə bilər. Heç bir əlavə istifadə olunmayıb. Ekspertiziya təyin olunsa bunlar hamısı sübut olunacaqdır. Bu borcla bağlı Cavabdeh İB X11 İstismar İdarəsinə müraciət etsə də, hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan xx.xx.2023-cü il tarixdə nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və onun üçün əsassız borc hesablanmışdır. Halbuki, o hər ay nəzarətçinin ona dediyi borcu vaxtı-vaxtında ödəmişdir, qəbzləri var. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin onun sayğacını açıb götürəndə bunların heç biri olmayıb. Yaxud da qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb.

5. Cavabdeh İtehsalat Birliyi yazılı etirazında qeyd etmişdir ki, abonentin qaz xətlərinə və qaz sayğacına 05 yanvar 2023-cü il tarixində Xaçmaz RQİİ-nin Xaçmaz XSnin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı abonent İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk və fotoşəkillərin surəti etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 05 yanvar 2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 34560 kub metr və ya 4151,16 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli. 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın iyirmi dörd saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa, “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması göstərilmişdir. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqısatqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki. iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

6. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Azəriqazın əməkdaşları tərəfindən güya qeyri-qanuni qaz xəttindən istifadə olunması ilə əlaqədar onu 4151,16 manat cərimə ediblər. Cavabdeh tərəfin Vüqar adlı əməkdaşları onunla qərəzli olaraq sayğacda qeyri-qanuni kənar xətt olması barədə gecə saat 01-də video-çəkiliş edib. Video-çəkiliş edilən zaman o dəvət olunmamış, iştirakını təmin etməmişlər. Sayğac küçədə yerləşir və onun heç nədən xəbəri olmayıb, sayğaca müdaxilə etməmişdir. Kənar xəttdən də istifadə etməmişdir. Ona qarşı qərəzli olaraq akt tərtib olunmuşdur. Xaçmaz şəhərində də evi var, həmin evdə də yaşayır.

7. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, abonentin qaz xətlərinə və qaz sayğacına 05 yanvar 2023-cü il tarixində Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı abonent İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

8. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X7 izahatında göstərmişdir ki, iş üzrə video-materialları Cavabdeh İB-dən əldə edib baxmışdır. İstehlakçının sayğacdan əvvəl qoşularaq istifadə etməsi müəyyən olunur. Əvvəlki dövrün qaydaları və hazırkı qaydalarla ziyan məbləğinin hesablanması fərqlənir. 2021-ci ildə ziyan məbləği fərqli hesablanır.

9. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Xaçmaz Filialının xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X12 İstismar İdarəsinin nümayəndələri tərəfindən ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə sayğacın nominal buraxma qabiliyyəti yəni 4 m3 günün 24 saatı 365 gün olmaqla hesabat aparılaraq 4147.20 manat məbləğində borc (34560 m3) abonentin hesabına daxil edilmişdir. Belə ki, Cavabdeh İB Xaçmaz RQİİ tərəfindən təqdim olunan materiallardan məlum olur ki, həmin dövrdə abonentin istismarda olan 10599379 qanuni qoşulmaqla qazdan istifadə olunmuşdur. Həmin dövrdə Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “Qazdan istifadə Qaydaları”nda (bundan sonra Qaydalar) dəymiş ziyanın hesablanmasına dair bəndlər mövcud olmamışdır. Lakin həmin dövrdə də qüvvədə olan “Qaz təchizatı haqqında” qanunun (bundan sonra Qanun) 13-cü maddə, 8-1 bəndinin (8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı iiə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.) tələbləri pozulmuşdur. Bununla da, dəymiş ziyan hesablanan zaman hesabat aparılarkən Qanunun tələbləri pozularaq ilin mövsümü, abonentin əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğularının xüsusiyyətləri nəzərə alınmayıb.

10. Məhkəmə iclasında audio-video diskə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanına onun iştirakı ilə baxış keçirilmiş, kənar xətt aşkar edilmişdir.

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçının istifadəsində olan ünvan 2i ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı qeyri qanuni qazdan istifadə etdiyi aşkar olunması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçıya borc kimi 4151.16 manat hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır.

12. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-408/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №-li akt (31 yanvar 2023-cü il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 4151.16 manat borc məbləğinin 4099,76 manat hissəsi abonentin hesabından silinməsi, abonentin xx.xx.2023-cü il tarixli ******* №-li akt üzrə borcunun 51.84 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh İB-yə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya aid ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda, eyni zamanda audio-video diskdə nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı məhkəmə iclasında iddiaçı tərəfindən qismən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, “Azəriqaz İB” Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zaman hazırda qüvvədə olan Qaydaların 6.5-1.1-ci, 6.5-1.2-ci, 6.5-1.3-cü və 6.5-3-cü bəndləri nəzərə alınmamışdır. Beləliklə, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə qanunsuz qoşulmanın olması və bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 51.87 manat olması müəyyən edilmişdir ((4 gözlü qaz plitəsi) 1.2x4x90=432 kub metr, kub metrx0,12 manat (tarif)=51,87 manat). Belə ki, nəzərə alınsa ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay (3 ay) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Lakin həmin ünvana sonuncu baxışın nə vaxt keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmiş və abonentin hesabına yazılmış borc 365 gün üzrə 24 saatlıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin ünvan üzrə sonuncu baxış barədə məlumat olmadığından istifadə edilmiş qazın dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” 25 iyun 2023-cü il tarixli Qərarına əsasən qızdırıcı radiator soba üzrə 3 ay, 12 saat olmaqla, 4 gözlü qaz plitəsi üzrə 3 ay, 4 saat olmaqla hesablanmalıdır. Bu mənada mübahisəli 4151.16 manat borc məbləğinin qalan hissəsi, yəni 51.84 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla realdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən hesablanmış borcun tam silinməsi məqsədəmüvafiq deyildir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.6, 1096, 1097.1, 1108.1-ci maddələrinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.3, 13, 20, 21-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı sayğacdan kənar xəttlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı videoçəkilişlə müşayət olunmuşdur. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə video-disk, “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt və s. sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında mütəxəssis kimi iştirak edən Energetika Nazirliyinin Enerji X1 əməkdaşı X7 öz çıxışında abonentin sayğacdan kənar xətlə təbii qazdan istifadə etdiyini təsdiq etmişdir. Lakin birinci instansiya məhkəməsi nə əsasla, hansı məntiqlə iddianın təmin etdiyini qətnamədə əsaslandırmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istiladə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması. X5 evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin İddiaçı üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki-hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxs tərəfindən vurulmuş zərər tam həcmdə zərər vurulan şəxsə ödənilməlidir. Delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Quba Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olıunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, 1-ci instansiya məhkəməsi abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun silməsi heç bir məntiqə uyğun gəlmir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun ümumiyyətlə qeyri-qanuni qaz xəttindən istifadə etmədiyi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Göründüyü kimi 1-ci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış laktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir.Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi, işin laktiki hallarına qətiyyən uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Xaçmaz Filialının nümayəndəsi X7 iş üzrə qərarın qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh İB-yə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

23. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, İddiaçı Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nöməli akta əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 4151.06 manat məbləğin abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

35. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu yarımbəndinə görə bu Qaydaların 2.11-1ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;

36. Həmin Qaydaların 3.1.11-ci yarımbəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.

37. İş materiallarında olan Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının müfəttişi Polad Mövlamovun xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh İB Xaçmaz RQİİ tərəfindən təqdim olunan materiallardan məlum olur ki, həmin dövrdə abonentin istismarda olan 10599379 nömrəli qaz sayğacının giriş hissəsində olan qaz tənzimləyici açılaraq rezin boru vasitəsilə qeyri-qanuni qoşulmaqla qazdan istifadə olunmuşdur. Həmin dövrdə Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “Qazdan istifadə Qaydaları”nda (bundan sonra Qaydalar) dəymiş ziyanın hesablanmasına dair bəndlər mövcud olmamışdır. Lakin həmin dövrdə də qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun (bundan sonra Qanun) 13-cü maddə, 8-1 bəndinin (8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı iiə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.) tələbləri pozulmuşdur. Bununla da, dəymiş ziyan hesablanan zaman hesabat aparılarkən Qanunun tələbləri pozularaq ilin mövsümü, abonentin əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğularının xüsusiyyətləri nəzərə alınmayıb.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

39. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

40. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

41. Kollegiya qeyd edir ki, vurulmuş ziyanın cavabdeh tərəfindən abonentin qaz sayğacının nominal qaz sərfinə uyğun, 360 gün üzrə 24 saatlıq qaz sərfiyyatına uyğun hesablanması ağlabatan deyil. Həmin hesabatın 3 ay müddət üçün və istifadə olunan qaz cihazının qaz sərfinə uyğun aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir.

42. Belə olan halda, kollegiya sadalanan qanunvericilik aktları normalarına və iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin istifadə edilmiş qazın dəyərini evdə istifadə olunan 4 gözlü qaz plitəsi üzrə gündəlik 4 saat işləmə rejimini 3 ay müddətinə nəzərə almaqla apardığı hesablamanı (1,2x4x90=432 m3) və iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış 4151,16 manat borcun silinməsi barədə gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-408/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-408/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar