Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-811/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-123/2025 nömrəli qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2006-cı il tarixli, 17/4-39 saylı Qusar rayon Bələdiyyəsi tərəfindən verilmiş “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərarın ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Qusar rayon Bələdiyyəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə 800 kv/metr sahəsi olan torpaq sahəsini satın almışdır. Bu barədə ona Qusar rayon Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərarı təqdim olunmuşdur. Həmin qərarda onun adı səhvən Aydəmirov “Şafik” Mirzə oğlu kimi yazılmışdır. Halbuki, ona məxsus bütün sənədlərdə adı “Safik” qeyd edilmişdir. Sözü gedən Bələdiyyə qərarında adının səhv yazılması ilə əlaqədar Qusar rayon Bələdiyyəsinin arayışı ilə birlikdə yuxarıda qeyd olunan uyğunsuzların aradan qaldırılması üçün onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, həmin müraciətə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda Qusar rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14/4-39 nömrəli qərarında adı X1 qeyd edildiyindən onun adına çıxarış verilməsindən imtina edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəyə əlavə edilmiş ona məxsus sənədlərdən və Qusar rayon Bələdiyyəsinin arayışından görünür ki, 25 yanvar 2006-cı il tarixli “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında qərarı ona aiddir. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-123/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) ərizə təmin edilmiş, 25 yanvar 2006-cı il tarixli, 17/4-39 saylı Qusar rayon Bələdiyyəsi tərəfindən verilmiş “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərarın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-123/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin Qusar rayon Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 17/4-39 saylı qərarı ilə verildiyi qeyd edilmişdir. Belə olan halda tərəf kimi həmin qurumun hüquqi varisi Qusar rayon Bələdiyyəsi cəlb edilməlidir. Lakin məhkəmə bu işlə bağlı iddia predmeti olan torpaq sahəsinə dair sənədi tərtib etmiş qurumu cəlb etmədən və onun mövqeyini nəzərə almadan əsasısız olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qərar qəbul edilmişdir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd İddia ərizəsinə əlavə edilməlidir. İddiaçının məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətinə müraciəti ilə bağlı cavab məktubu iddia ərizəsinə əlavə edilməmişdir. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə biməyəcəyini, buna görə də işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)- 123/2025 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259-cu maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdən görünür ki, ərizəçi Qusar rayon Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərarındakı səhvin aradan qaldırılması (düzəldildilməsi) ilə bağlı Bələdiyyəyə müraciət etməsi, Bələdiyyə tərəfindən isə sənəddə olan səhvlərin aradan qaldırılması (düzəldilməsi) ilə bağlı imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının bildirilməsi barədə sübutları təqdim etməmişdir. Ərizəçi iddia ərizəsində bələdiyyənin arayışına istinad etsə də iş materiallarında bələdiyyənin buna dair hər hansı bir arayışının olması da müəyyən edilməməkdədir. İş materiallarına yalnız Qusar Rayon İcra Hakimiyyətinin Çəxur kənd İƏDÜ Nümayəndəliyinin yaşayış və ailə tərkibi haqqında arayışları əlavə edilmişdir. Eyni zamanda qeyd edilən sübutların təqdim edilməsi, əks təqdirdə işin Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılacağı barədə ərizəçiyə xx.xx.2025-ci il tarixli məktubla məlumat ünvanlansa da ərizəçi qeyd edilən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı ilk öncə hüquqmüəyyənedici sənədləri verən Qusar rayon Bələdiyyəsinə müraciət etməli idi. Bələdiyyə tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılmasından imtina edildiyi və ya sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməsi halında məhkəməyə müraciət etməkdə haqlı hesab oluna bilərdi. Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-123/2025 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.1, 384, 387, 402, 402-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-123/2025 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-811/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-811/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver