Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-812/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-9090/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-9090/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30, mənzil 40-a (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 20, M2, m1) 23.04.2018-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt əsasında hesablanmış 893 manat 60 qəpik məbləğində borcun əsassız olduğu üçün silinməsi qət edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.04.2018-ci il tarixli, ******* saylı akta əsasən abonent saldosunda göstərilən 893,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 30 saylı evin 40 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili 17.10.2021-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Nəcəfov Müstəcəb Qara oğlundan almışdır. Mənzilin keçmiş mülkiyyətçisinin Nəcəfov Müstəcəb Qara oğlu olmasını onun adına verilmiş 08.01.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış təsdiq edir. Cavabdeh tərəfindən tərtib edilən aktda və abonent saldosunda mənzilin keçmiş mülkiyyətçisi Nəcəfov Müstəcəb Qara oğlunun adı qeyd edilmişdir. Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 23.04.2018-ci ildə ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən 893,60 manat cərimə hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində o iştirak etməmiş və aktları imzalamamışdır. Bundan əlavə, cavabdeh tərəfindən quraşdırılmış smartkart tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Qaz sayğacı mənzilin blokunda yerləşir, sayğaca edilən hər hansı bir müdaxiləyə görə və qaz sayğacının sıradan çıxmasında o, günahkar deyildir. Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 23.04.2018-ci ildə tərtib olunmuş ******* saylı akta əsasən abonent saldosunda göstərilən 893,60 manat borc silinməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********00400 saylı abonent kodu verilmiş mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 23.04.2018-ci il tarixli akt tərtib olunmuşdur. Aktda sayğacda aşkar olunmuş nöqsan, yəni hesablayıcı mexanizminin qapağının sağ hissəsində az miqdarda sınıq olduğu qeyd edilmişdir. Metrologiya şöbəsi tərəfindən sayğacın yenisi ilə əvəz olunması barədə akt yazılmışdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 25.04.2018-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 25 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 6 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 174 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 2,25 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 6 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 174 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 893,60 manat hesablanmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30, 40 saylı mənzil (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 20, M2, m1) xüsusi mülkiyyət hüququ əsasında Nəcəfov Müstəcəb Qara oğlunun adına 08.01.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 17.10.2021-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanılaraq 4Ə-2526 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Nəcəfov Müstəcəb Qara oğlu Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 30, 40 saylı mənzili (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 20, M2, m1) İddiaçı 55000 manata satmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.04.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Nəcəfov Müstəcəb Qara oğluna məxsus olmuş Sumqayıt şəhəri, 5-ci mikrorayon, 30 saylı evin 40 saylı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablayıcı mexanizminin qapağının sağ hissəsində az miqdarda sınıq olduğu aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 25 aprel 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 30 saylı evin 40 saylı mənzili üzrə (abonent kodu **********00400) itirilmiş qazın sərfiyyatı 4468 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 30 saylı evin 40 saylı mənzili üzrə (abonent kodu **********00400) akta görə borc 893,60 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilın qaz sayğacı mənzildən kənarda, pilləkən meydançasında quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İdarəsinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğacın hesablayıcı mexanizminin qapağının sağ hissəsində az miqdarda sınıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilın qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-9090/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-812/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-812/2022
07.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver