Məhkəmə qərarları › İş №2(105)-821/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-821/2022

11.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-821/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh2, cavabdehin vəkili X14 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Qusar rayon Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(029)-899/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddianın təmin edilməsi, Qusar Rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı1, X1 və X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərindən hər birinin 1/5 hissədə paylarının müəyyən olunması, Qusar Rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli çıxarış əsasında isə 0.63 ha torpaq sahələrindən X1 və X5 hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılması və bu barədə Qusar rayon Notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi, 24.06.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********18- 10301 Reyestr nömrəli çıxarışa əsasən Qusar rayonu Köhnə Xudat kəndində tikilmiş 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsindən İddiaçı1 ümumi birgə mülkiyyətçi kimi 1/3 hissədə öz payı, 0.31 ha torpaq sahəsindən X1 və X5 hər birinə çatacaq 1/3 hissədə miras əmlaklarından isə onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılması və bu barədə Qusar rayon Notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlaklara dair vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Cavabdehlər Günəş və Cavabdeh3lar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Qusar rayon Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras əmlaklarına vərəsəlik hüququnun tanınaraq həmin əmlaklardan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri olan İddiaçı1, X1 və X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərindən 1/5 hissədə paylarının müəyyən olunması; Qusar Rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrindən X1 və X5 hər birinə çatacaq 1/5 hissədə miras əmlaklarından onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılması və bu barədə Qusar rayon Notarat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi; 24.06.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli Çıxarışa əsasən Qusar rayonu Köhnə Xudat kəndində tikilmiş 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsindən İddiaçı1 ümumi birgə mülkiyyətçi kimi 1/3 hissədə öz payı, 0.31 ha torpaq sahəsindən X1 və X5 hər birinə çatacaq 1/3 hissədə miras əmlaklarından isə onların vərəsələri İddiaçı1 və İddiaçı2 hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilərək ayrılması və bu barədə Qusar rayon Notarat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi; cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlaklara dair vərəsəlik hüquqlarının tanınmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Köhnə Xudat kəndində tikilmiş, 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 24.06.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli çıxarışa əsasən 0,31 ha torpaq sahəsində yerləşmişdir. Həmin 0,31 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla İddiaçı1, onun mərhum atası X10 və mərhumə anası X5 mülkiyyətindədir. Bundan başqa, Qusar rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələri mövcuddur. Həmin torpaq sahələri yenə də İddiaçı1, onun mərhum atası X10, mərhumə anası X5, bacısı İddiaçı2 və İddiaçı2 əri İddiaçı3 ümumi birgə mülkiyyətlərindədir. X15 12.09.2003-cü ildə, X8 17.08.2020-ci il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində ölmüşlər. İddiaçı2 və İddiaçı1 hər iki valideynlərinin dəfnində iştirak edərək dəfn xərclərini özləri çəkmişlər. X2 xərçəng xəstəsi olmuş, ölən günə kimi onun qulluğunda durmuşlar, müayinəsini, müalicə və kimya terapiyasını öz vəsaitləri hesabına etdirmişlər. Anaları öldükdən sonra isə el adəti üzrə dəfn edərək yas mərasimini təşkil etmişlər. X1 və X5 birgə nikahlarından İddiaçı2 və İddiaçı1 başqa xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 və 16.02.1976-cı il təvəllüdlü Cavabdeh3 adında iki oğlan övladları da doğulmuşdur. Cavabdeh2 Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olaraq elə həmin kənddə özünə məxsus fərdi yaşayış evində ayrıca təsərrüfat olmaqla yaşayır. Cavabdeh3 dayısı X6 qızı Rəhimxanova (Muradxanova) Laura Eynulla qızı ilə ailə hayatı qurmuş, özü Rusiya Federasiyasının Dağıstan Respublikasında işləyir. Lakin, arvadı Laura və uşaqları Qusar rayonu Köhnə Xudat kəndində ayrıca təsərrüfatda yaşayırlar. X3 və X8 ölən günlərinə kimi Qusar rayonu Köhnə Xudat kəndində 127,4 kvadrat metr yaşayış sahəsi olan, 0.31 ha həyətyanı torpaq sahəsindən ibarət fərdi yaşayış evində yaşamışlar və orada da vəfat etmişlər. Bundan başqa, mərhum X10 və X5 Qusar rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0.666 ha və 0.63 ha torpaq sahələri iddiaçılar ilə birlikdə onların ümumi birgə mülkiyyətlərindədir. Həmin torpaqlardan mərhumlara çatası əmlak miras olaraq qalmış və hal hazırda iddiaçıların istifadəsindədir. Həmin miras əmlaklarına vərəsələrin payları müəyyən edilməmişdir. Bundan başqa, həmin torpaq sahələri ümumi birgə mülkiyyətdə olduğundan mülkiyyətçilərin də payları müəyyən edilməmişdir. Ümumi Birgə Mülkiyyətçilər arasında hər hansı bir razılaşma olmamışdır. Ona görə də, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə paylar müəyyən edilməli, eyni zamanda ümumi birgə mülkiyyətçilərdən X15 və X8 öldükləri üçün onlardan miras qalan əmlakdan vərəsələrinin payları da müəyyən edilməklə bölgü aparılmalıdır. Həmin miras əmlakı iddiaçılar faktiki olaraq qəbul etmişlər və idarə edirlər. Digər vərəsələr xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 və 16.02.1976-cı il təvəllüdlü Cavabdeh3 vərəsəlik ilə bağlı notariat kontoruna müraciət etməmişlər və bu günə kimi susmuşlar. Ona görə də hesab edirlər ki, 24.06.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********18-10301 Reyestr nömrəli çıxarışa əsasən Qusar rayonu Köhnə Xudat kəndində tikilmiş 127,4 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,31 ha torpaq sahəsindən İddiaçı1 ümumi birgə mülkiyyətçi kimi öz payının, 0.31 ha torpaq sahəsindən X3na və X7 çatacaq miras əmlakından isə onların vərəsələri İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılması; Qusar Rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrindən X3na və X7 çatacaq miras əmlakından onların vərəsələri İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilərək ayrılması və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair; cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən buraxdıqlarına görə onların həmin miras əmlaklarına vərəsəlik hüquqlarının tanınmaması; Qusar rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 Reyestr nömrəli Çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65 Reyestr nömrəli Çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri İddiaçı1, X1 və X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə xitam verilərək onların paylarının müəyyən olunması barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Qusar Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Qusar rayonunun Köhnə Xudat kəndində yerləşməklə müvafiq olaraq 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarışa və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışa əsasən 12 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X12, 17 avqust 2020-ci il tarixdə vəfat etmiş X7, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus sahələri 0,666 ha və 0,63 ha olan kənd təsərrüfat təyinatlı torpaq sahələrindən mərhum X10 və mərhum X5 malik olduqları 1/5 hissədə paylarından onların birinci növbədə vərəsələri, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hərəsinin 1/4 hissədə vərəsəlik hüquqlarının tanınmasına, Qusar rayonunun Köhnə Xudat kəndində yerləşməklə 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışa əsasən 12 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X12, 17 avqust 2020-ci il tarixdə vəfat etmiş X7, iş üzrə İddiaçı1 məxsus 0,31 ha həyətyanı torpaq sahəsindən mərhum X10 və mərhum X5 malik olduqları 1/3 hissədə paylarından onların birinci növbədə vərəsələri, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hərəsinin 1/4 hissədə vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar Qusar Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(029)-899/2021 saylı qətnaməsinə əsasən həmin torpaq sahələrindən ümumi birgə mülkiyyətçilərin paylarının yuxarıda qeyd edilmiş qaydada müəyyənləşdirilməsi ilə razıdırlar. Lakin həmin qətnaməyə əsasən bütün yuxarıda qeyd edilmiş torpaq sahələrində mərhum X10 və X5 malik olduqları paylarından onların digər birinci növbədə vərəsələri, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqlarının tanınmaması ilə razı deyillər. Hesab edirlər ki, bütün yuxarıda qeyd edilmiş torpaq sahələrində mərhum X10 və X5 malik olduqları paylarından onların digər birinci növbədə vərəsələri, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 də vərəsəlik hüquqları tanınmalı, miras əmlakda 4 nəfər birinci növbədə vərəsələr cavabdehlər Cavabdeh2, Cavabdeh3, iddiaçılar İddiaçı1 və İddiaçı2 hərəsinin ¼ hissədə vərəsəlik hüquqları tanınmalıdır. Qusar Rayon Məhkəməsi 15 dekabr 2021-ci il tarixli, 2(029)-899/2021 saylı qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin tələblərini pozmuşdur. Qusar Rayon Məhkəməsi 15 dekabr 2021-ci il tarixli, 2(029)-899/2021 saylı qətnaməsini qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, mərhum X9 və mərhum X4 miras qalmış əmlakların cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktiki qəbul edilməsini təsdiq edən çoxsaylı sübutları araşdırmamış, həmin əmlakların yalnız iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki qəbul edilməsi barədə səhv nəticəyə gəlmişdir. Qusar Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini pozaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxaraq qanunsuz qətnamə qəbul etmişdir. İşə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxıldığı üçün çəkişmə prinsipi pozulmuş, onların hüquqları pozulmuş, onlar yuxarıda qeyd edilmiş Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi və Qusar rayonu X22 tərəfindən verilmiş arayışları, qaz, işıq və digər kommunal xidmətlərin ödənilməsinə dair ödəniş qəbzlərini, torpaq və əmlak vergisinin ödənilməsi barədə qəbzləri məhkəməyə təqdim edə bilməmişlər ki, son nəticədə bu, qanunsuz və ədalətsiz qətnamənin qəbulu ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili X20 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddiaçılar İddiaçı1 və İddiaçı2 Qusar Rayonu Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən təyinatı kənd təssərüfatı təyinatlı torpaqlar olan 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarış əsasında 0.666 ha və 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarış əsasında isə 0.63 ha torpaq sahələrinin X3 və X8 ilə birlikdə birgə mülkiyyətçiləri olmaqla mərhum şəxslər vəfat etdikdən sonra onların qanuni sahibliklərində və istifadələrində olması, bununla da, həmin şəxslərin mərhum valideynlərinin mirasına dair müvafiq notariat orqanına vaxtında mirasın qəbulu ilə bağlı ərizə verməsələr də, həmin mirasa sahiblənməklə öz hərəkətləri ilə mirası faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirmələri ilə əsaslandırmışdır. Cavabdehlər Günəş və Cavabdeh3 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmamaları olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onların iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehlərin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən kənd təsərrüfatlı 0.63 ha və 0,666 ha torpaq sahələri xüsusi mülkiyyət (ümumi birgə) hüququ üzrə İddiaçı1, X10, X5, İddiaçı2 və İddiaçı3, Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi isə İddiaçı1, X10 və X5 adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşdən göründüyü kimi mərhum Şair və X13 rayon Köhnə Xudat kəndinin inzibati ərazi dairəsində yerləşən kənd təssərüfatı təyinatlı 0.666 ha və 0.63 ha torpaq sahələri (ümumi birgə mülkiyyətdə olmaqla) hər birinin 1/5 pay hissəsi, Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazidə isə hər birinin 1/3 pay hissəsi miras qalmış və sonuncuların hazırda dörd vərəsəsi qalmışdır. Həmçinin işdən görünür ki, valideynlərinin vəfatından sonra iddiaçılarla bərabər hazırkı iş üzrə cavabdehlər Zaur və Cavabdeh2lar mərhum Şair və Gülarə Rəhimxanovlardan miras qalmış əmlakları qanun üzrə vərəsəlik qaydasında qəbul etmişlər. Bu hal cavabdehlərin apellyasiya şikayətinə əlavə etdikləri arayış və ödəniş qəbzləri ilə bir daha öz təsdiqini tapmışdır. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243.1., 1243.2., 1243.3-cü maddələri). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə k.çməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özünunukü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bü hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağrılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılarla yanaşı cavabdehlər də valideynlərindən miras qalan əmlakı qəbul edərək ondan faktiki istifadə etdiklərindən və bunu şəksiz nümayiş etdirdiklərindən, həmin miras əmlaklar vərəsələr kimi onlar arasında bərabər bölünməlidir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1159, 1246 və 1255-ci maddələrinin tələbləri baxımından hesab edir ki, mərhum X15 və X7 Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən 0,666 ha və 0,63 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrində malik olduqları 1/5 hissədə paylarından onların birinci növbəli vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/4 hissədə, Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsindən X10 və X5 malik olduqları 1/3 hissədəki paylarından onların birinci növbəli vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/4 hissədə vərəsəlik qaydasında payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin miras əmlaklara payların ayrılması, vərəsəlik şəhadətnaməsinin verilməsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 həmin miras əmlaklara dair vərəsəlik hüquqlarının tanınmaması hissəsində iddia tələbinə gəldikdə isə hesab edir ki, iddia tələbləri bu hissədə əsassız olduğundan, təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən X12 və X7 0,666 ha və 0,63 ha olan kənd təsərrüfat təyinatlı torpaq sahələrindəki hər birinin 1/5 pay hissəsindəki paylarına İddiaçı1 ¼ pay, İddiaçı2 ¼ pay, Cavabdeh2 ¼ pay, Cavabdeh3 ¼ pay hissədə qanun üzrə vərəsəlik qaydasında payları müəyyən edilsin. Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən X12 və X7 məxsus 0,31 ha həyətyanı torpaq sahəsindəki hər birinin 1/3 hissədəki paylarına İddiaçı1 ¼ pay, İddiaçı2 ¼ pay, Cavabdeh2 ¼ pay və Cavabdeh3 ¼ hissədə vərəsəlik qaydasında payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar