Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-823/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3744/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3744/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi edilməsi və borcun tutulması tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilərək, Cavabdeh 2175 manat əsas borc, 108.75 manat faiz borcu, 50 manat cərimə borcu, 1067 manat vurulmuş ziyan, 689 manat ödənilmiş cərimənin əvəzi olmaqla, cəmi 4089.75 manat və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3744/2020 saylı qətnaməsinin ləğv edilməsini iddia ərizəsinin əsas borc hissəsində təmin edilməklə qalan hissədə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən sonuncu İddiaçı ASC-dən “Lada Granta” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 48 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməlidir. Lakin Cavabdeh 2019-cu ilin oktyabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını künüllü olaraq ödəməkdən boyun qaçırmışdır. 2020-ci ilin mart ayında o, avtomobili qəzaya uğradaraq, xeyli ziyan vurmuşdur. Müqavilənin şərtlərinə əsasən lizinq alan avtomobili təmir edib, saz vəziyyətdə saxlamalı olduğu halda, cavabdeh müqavilənin şərtlərini pozaraq bunu etməmişdirı. Avtomobil geri götürülərək iddiaçının vəsaiti hesabına təmir edilir. xx xxxxx 2020-ci il tarixdə Cavabdeh 2175 manat əsas borcu vardır. Lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir.” Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 4,35x150 gün=652,50 manat cərimə ödəməlidir. xx xxxxx 2020-ci il tarixə olan vəziyyətə borc 2175 manatın illik 5 faizi həcmində hesablanmış 108,75 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icrasını gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. xx xxxxx 2020-ci il tarixədək Cavabdeh İddiaçı ASC-yə 2175 manat əsas, 108,75 manat faiz, 652,50 manat cərimə, vurulmuş ziyana görə isə 1067 manat, cəmi 4003,25 borcu vardır. Bundan əlavə Cavabdeh avtomobili istismar edərkən yol hərəkəti haqqında qanunun tələblərini pozaraq, dəfələrlə cərimə edilmişdir. Həmin cərimələrin məbləği isə 689 manat təşkil edir. Bu cəriməni İddiaçı ASC dövlət büdcəsinə ödəmişdir. Ona görə də, Cavabdeh 2175 manat əsas borc, 108.75 manat faiz borcu, 652,50 manat cərimə borcu, 1067 manat vurulmuş ziyanın əvəzi, 689 manat borcun reqres qaydasında əvəzi, olmaqla, cəmi 4692,25 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsini xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıdan lizinqə avtomobil almış və lizinq müqaviləsinin öhdəliklərini yerinə yetirmədiyi üçün avtomobil kənar şəxslər tərəfindən əlindən alınmışdır. Avtomobil onun əlindən dərhal alındığı üçün 150 gün ərzində faiz ödəməli deyildir. Bundan əlavə birinci instansiya məhkəməsi avtomobilin ondan nə vaxt alındığı və ödəniş olunmadığı müddətin nə qədər olması barədə heç bir araşdırma aparmamış, yalnız maraqlı tərəfin tərtib etdiyi maliyyə arayışına istinad edərək faizin həcmini və gecikmənin müddətini müəyyən etmişdir ki, bu halda məhkəmə qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. İddiaçı iddia edir ki, guya avtomobilə 1067 manat miqdarında ziyan dəymişdir. Bunu sübut etmək üçün ziyan aktını təqdim etmiş və məhkəmə də həmin aktı sübut kimi qəbul edib, həmin məbləği təmin etmişdir. Halbuki həmin avtomobil ondan alınarkən hər hansı bir təhviltəslim aktı tərtib edilməmiş və həmin aktla avtomobildə olan qüsurlar müəyyən edilib qeyd edilməmişdir. İddiaçı eləcə də guya avtomobilin cərimələrinə görə 689 manat məbləğində pul ödəməsini qeyd etmiş və məhkəmə bu hissədə də iddianı təmin edərkən əsassız olmuşdur. Avtomobil onun istifadəsində olan zaman avtomobilin həmin məbləğdə cəriməsi olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin əsas borc hissəsində təmin edilməklə qalan hissədə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ərizə təqdim edib göstərdi ki, İddiaçı ASC-nin 1067 manat vurulmuş zərər əvəzinin ödənilməsinə dair iddia tələbindən imtina etdiyinə görə o, da iddia tələbinin təmin olunmuş qalan hissəsi üzrə qətnamə ilə razılaşır və qətnamədən verdiyi apelyasiya şikayətindən imtina edir. Ona görə də, apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə etiraz edib, iddia tələbinin 1067 manat hissəsindən imtina edərək həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq təqdim edlmiş ərizələri nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən sonuncu İddiaçı ASC-dən “Lada Granta” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 48 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməli idi. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 2175 manat əsas, 108.75 manat faiz, 652.50 manat cərimə, 1067 manat vurulmuş ziyan olmaqla, cəmi 4003.25 manat məbləğində borcu vardır. xx.xx.2020-ci il tarixli, E/298 nömrəli ziyan aktından görünür ki, “Lada Granta” markalı, **-PD- *** dövlət nömrə nişanlı avtomobilə 1067 manat məbləğində ziyan dəymişdir. “A” formalı, xx.xx.2020-ci il tarixli, 120OPXO201252557 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən “Lada Granta” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilin inzibati cəriməsinə görə dövlət büdcəsinə 689 manat məbləğində cərimə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin faktiki hallarından görünür ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün Lizinq Şirkəti qarşısında borcu yaranmışdır. Bu borc işdə olan sübutlarla, eləcə də maliyyə arayışı ilə təsdiq olunur. Bu baxımdan iddiaçı yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı hər iki tərəf ümumi razılığa gələrək ərizə təqdim edib, İddiaçı ASC-nin nümayəndəsi İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxx 2019cu il tarixli lizinq müqavilə üzrə vurulmuş ziyana görə 1067 manat məbləğində pulun tələb edilməsindən imtina etdiyini bildirmiş, Cavabdeh isə qətnamənin qalan hissəsi ilə razılaşaraq apelyasiya şikayətindən imtina edir və bu səbəbdən də apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsinin xx xxxx 2019-cu il tarixli lizinq müqavilə üzrə iddia tələbinin vurulmuş ziyana görə 1067 manat məbləğində pulun tələb edilməsi hissəsindən imtina barədə ərizəsi qəbul edilərək iddia ərizəsinə həmin hissədə ayrıca qərardadla xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnmaəsini qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi edilməsi, Cavabdeh 2175 manat əsas borc, 108.75 manat faiz borcu, 50 manat cərimə borcu, 689 manat ödənilmiş cərimənin əvəzi və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun və iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanmalı, «Cavabdeh 1067 manat vurulmuş ziyan İddiaçı ASC-nin xeyrinə tutulsun» hissəsində iş üzrə ayrıca qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.4, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3744/2020 saylı qətnaməsi qismən - «Cavabdeh 1067 manat vurulmuş ziyan İddiaçı ASC-nin xeyrinə tutulsun» hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə ayrıca qərardad çıxarılsın. Qətnamə - «İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilsin, Cavabdeh 2175 manat əsas borc, 108.75 manat faiz borcu, 50 manat cərimə borcu, 689 manat ödənilmiş cərimənin əvəzi və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun və iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-823/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-823/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver