Məhkəmə qərarları › İş №2(105)-825/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-825/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-825/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı4 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sərxan Səmədzadə) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh iddiaçılar tərəfindən 3000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən 16 saylı fərdi evdən istifadə hüququna 3000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən, 16 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında onlara və cavabdehə məxsusdur. Bunu 24.12.2020-ci ildə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış təsdiq edir. Fərdi yaşayış evi 0,04 ha torpaq sahəsində yerləşir, ümumi sahəsi 88,0 kv.m-dir. Cavabdeh 2004-cü ildən etibarən həmin fərdi yaşayış evində yaşamır. Onlar cavabdehə Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən 16 saylı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verməklə xitam vermək qərarına gəlmişlər. Bu məqsədlə cavabdehə 3000 manat təklif edirlər. Bu evdə hazırda onlar ailə üzvləri ilə birlikdə 6 nəfər olmaqla yaşayırlar. Yaşadıqları ərazidə 4 nəfərlik ailə üzvünün yaşaması üçün bir aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Bu yaşayış evi darısqaldır, ailə üzvlərinin normal yaşaması və istirahəti üçün tam əlverişsiz olub yaşayış normasına cavab vermir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd olunan əmlakda payının olmasına, yəni torpaq sahəsinin birgə mülkiyyətdə olmasına əhəmiyyət verməmiş, məhkəmə iclasında iştirakını təmin etməmiş, formal mülahizələr əsasında qərar çıxarmışdır. Qətnamədə göstərilir ki, "xxxx" Qiymətləndirmə MMC-nin 17.08.2021-ci il tarixli, 121 saylı mütəxəssis rəyinə görə ev köhnə təmirli olmaqla bazar qiyməti 27000 manat, likvid qiyməti isə 22000 manatdır. Halbuki qeyd olunan yaşayış evinin dəyəri hazırki bazar qiyməti ilə 230000-250000 manat civarındadır. Yaşayış evi tam təmirlidir, hər cür şəraiti vardır, həyətdə 3 ticarət obyekti mövcuddur. Onlardan biri gəlinlik salonu, biri dərzi və masaj salonu, digəri isə telefon obyektidir. Həmin əmlaklardan xeyli miqdarda gəlir götürülür, başqa sözlə, onun da mülkiyyətində olan torpaq sahəsindən iddiaçılar gəlir götürürlər. Müvəqqəti olaraq əmlakından istifadə etməməsi onu əmlakından və yaşayış yerindən məhrum etmək üçün əsas ola bilməz. Onun himayəsində iki övladı və həyat yoldaşı vardır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xudat şəhəri, M.F.Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına, həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı4, Cavabdeh və İddiaçı3 adlarına 24.12.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Qiymətləndirmə MMC-nin 17 avqust 2021-ci il tarixli, 121 saylı mütəxəssis rəyindən görünür ki, Xudat şəhəri, M.F.Axundov küçəsi 16 ünvanında yerləşən 1 mərtəbəli 88 kv.m köhnə təmirli evin daşınmaz əmlak bazarında 17.08.2021-ci il tarixə olan təxmini bazar qiyməti 27000 manat, likvid dəyəri 22000 manatdır. İş materiallarında olan "xxxx" Qiymətləndirmə MMC-nin 17 avqust 2021-ci il tarixli, 120 saylı mütəxəssis rəyindən görünür ki, Xudat şəhəri, M.F.Axundov küçəsi 16 ünvanında yerləşən 1 mərtəbəli 88 kv.m yaşayış evinin şəraitindən asılı olaraq kirayə dəyəri 100-120 manat təşkil edir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh ilə Mursayıbova Aynurə Xəyyam qızı 06.05.2004-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən və arayışlardan görünür ki, Cavabdeh ilə X3 nikahından 20.03.2004-cü il tarixdə X5, 27.01.2007-ci il tarixdə X4, 03.10.2009-cu il tarixdə X6 və 25.04.2011-ci il tarixdə X7 anadan olmuşlar. İş materiallarına əlavə olunmuş Xaçmaz rayonu Xudat bələdiyyəsinin 03 saylı, 15 fevral 2006-cı il tarixli qərarından görünür ki, Cavabdeh fərdi mənzil tikmək üçün 400 kv.metr torpaq sahəsi satılmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayonu Xudat bələdiyyəsinin 86 saylı, 18 aprel 2006-cı il tarixli məktubundan görünür ki, Cavabdeh adına Xudat bələdiyyəsində 400 kv.metr torpaq sahəsi qeydə alınmışdır, Cavabdeh hazırda həmin torpaq sahəsində ev tikmiş və orada yaşayır. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehə mübahisəli evdən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi üçün kifayət qədər faktiki əsaslar olmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında 3000 manat məbləğində kompensasiya ödənilməsinin mülkiyyətçinin hesabına cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təklif olunan 3000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə, yəni cavabdehə arvadı və 4 uşağı ilə birlikdə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Xudat şəhəri, M.F.Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh İddiaçı4 həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar