Məhkəmə qərarları › İş №2(105)-831/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-831/2024

16.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-831/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı əmək haqqı və digər pul ödənclərinin verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3916/2015 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli, 2(012)-3619/2015 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmək haqqı və digər pul ödənclərinin verilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim İlham Kərimli). İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli, 2(012)-3619/2015 saylı qərardadından xx.xx.2024-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli, 2(012)-3619/2015 saylı qərardadının ləğv edilməsini, şikayətə onun və Cavabdeh iştirakı ilə baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, xx.xx.2015-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun baş mühasibi Cavabdeh qarşı Abşeron Rayon Məhkəməsində “əmək haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia qaldırmış, üç iclasdan sonra işin icraatının dayandırılacağı elan edilmiş, lakin qərar ona göndərilməmişdir. Həmin qərarın surətinin ona göndərilməsi ilə bağlı müraciətlərinə Abşeron Rayon Məhkəməsinin sədri tərəfindən xx.xx.2024-cü il tarixli məktub ilə cavab verilmiş, məktuba əlavə edilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadının və həmin qərardadın guya 2015-ci ildə ona göndərilməsi barədə hakim İ.Kərimlinin xx.xx.2015-ci il tarixli məktubunun surətini xx.xx.2024-cü ildə almışdır. Məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadında məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına təkrar gəlməmələri və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmələri göstərilmişdir. Qərardadda daha sonra göstərilir ki, MPM-nin 185.4cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə halda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağa xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin məhkəmə qərardadında tərəflərin, yəni onun və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təkrar gəlmədiklərini göstərdiyi halda hansı tarixli məhkəmə bildirişləri ilə onlara məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edildikləri, həmin bildirişləri hansı tarixdə aldıqlarına baxmayaraq məhkəmə iclaslarına gəlmədikləri və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat vermədikləri əsaslandırmadan iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Halbuki o, dəvət edildiyi bütün məhkəmə iclaslarında iştirak etmiş, sənədlər təqdim etmiş, vəsatətlər vermişdir. Cavabdeh də məhkəmənin iki iclasında iştirak etmiş, məhkəmənin xx.xx.2015-ci il tarixli iclasında iddia ərizəsinə qarşı etiraz təqdim edərək onun iddiasının guya eyni predmet, eyni tərəflər və eyni əsasla bağlı kassasiya şikayətinin Ali Məhkəmənin icraatında olduğu üçün işin icraatına xitam verilməsini tələb etmiş, o da məhkəmənin xx.xx.2015-ci il tarixli iclasında etirazına mülahizələrini təqdim etməklə etirazının əsassız, qanunsuz olduğunu, sonrakı ərizəsində tərəfin eyni olmadığını sübut etmişdir. Məhkəmənin sonuncu iclasında hakim iddianın bir qismini ödəmək şərti ilə barışıq sazişi bağlamaq üçün Baş Prokurorluqla məsləhət edəcəyini, razı olmadıqları halda əvvəlki iddia ərizəsi üzrə şikayətinə Ali Məhkəmədə qərar qəbul edilənə qədər işin icraatının dayandırılacağını, işin icraatı təzələndikdə onlara məlumat veriləcəyini bildirdi. Lakin iş üzrə icraatın təzələnməsi barədə ona məlumat verilməmişdir. Bundan əlavə məhkəmənin qərardadında MPM-nin 260.2-ci maddəsinə əsasən işin baxılmasına mane olan halların necə aradan qaldırılmasını göstərməli halda göstərilməmiş və onların MPMnin 260.4-cü və 260.5-ci maddələrində nəzərdə tutulmuş hüquqları izah edilməmişdir. Abşeron Rayon Məhkəməsi sədrinin xx.xx.2024-cü il tarixli məktubu ilə həmin qərardadın təkrarən ona göndərildiyi göstərilmiş və qərardadın surətinin guya xx.xx.2015-ci il tarixində ona göndərilməsi barədə hakim İ.Kərimlinin xx.xx.2015-ci il tarixli məktubun surətini də göndərmişdir. Qeyd edir ki, məhkəmənin qeyd edilən qərardadının surəti hakim İ.Kərimlinin məktubunda göstərildiyi kimi ona xx.xx.2015-ci ildə deyil, məhkəmə sədri E.Kazımovun xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş, xx.xx.2024-cü ildə ona çatdırılmışdır. Qərardadın surətinin Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsi qaydasında ona verilməsini təsdiq edə biləcək sənədin işin materiallarında olması mümkün deyildir. Hakim İ.Kərimlinin həmin məktubunun işə tikilməsi isə qərardadın ona çatdırılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki qərardad ona göndərilməmiş, verilməmişdir, o vaxt verilmiş olsaydı, onu alması barədə müvafiq qəbzə imza edər və o zaman qərardaddan şikayət edər, indi onun surətini tələb etməzdi. İndi sənədin surətini tələb etməsi faktı da onu indiyə kimi almadığını təsdiq edir. Qeyd edir ki, qərardadın surəti vaxtında ona verilmədiyi üçün buna görə məsuliyyət daşımır və bu hal şikayət etmək hüququnu məhdudlaşdıra və ya ləğv edə bilməz. Belə ki, o, qeyd edilən qərardaddan şikayət vermə müddətini keçirməmişdir. Qərardad ona xx.xx.2024-cü ildə çatdırılıb. Ondan şikayət etmə müddəti 28 yanvar 2024-cü ildə başlayır, 06 fevral 2024-cü il sonuncu tarix olmaqla həmin gün 10 günlük şikayət etmə müddəti qurtarır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-3619/2015 saylı qərardadı əsassız, qanunsuz olduğuna görə ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3916/2015 nömrəli qərardadı ilə İddiaçı şikayəti qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürülməklə üzrlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmədiyinə və şikayətin verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilmədiyinə görə geri qaytarılmışdır (hakim Elman Məmmədov). Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Həmçinin şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə də müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-3916/2015 nömrəli qərardadından şikayət vermə müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, şikayət və ərizəyə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. İddiaçı həmçinin hakimə etiraz da təqdim edərək Abşeron Rayon Məhkəməsinin hakimi X1 şikayətinə baxılmasına etiraz etmiş, etiraza onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-3916/2015 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)- 3916/2015 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixində verdiyi şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3916/2015 nömrəli və xx.xx.2024-cü il tarixli 2(012)-3916/2015 nömrəli qərardadları ləğv edilməli və mülki iş qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı narazı qaldığı qərardadın mübahisələndirilməsinə dair şikayəti ilə yanaşı, buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və hakimə etiraz barədə ərizələr də təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin ərizələrə heç bir münasibət bildirmədən qərardaddan verilmiş şikayətə baxaraq işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki iddiaçı etiraz ərizəsində şikayətinə hakim Elman Məmmədov tərəfindən deyil, başqa hakim tərəfindən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 22.1-ci maddəsinə əsasən etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. Azərbaycan Respublikası MPM-nin 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə hüququna mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsində tərkibi müəyyən olunmuş işdə iştirak edən şəxslər malikdir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi etiraz məsələsini həll etmədən, şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3916/2015 nömrəli və xx.xx.2024-cü il tarixli 2(012)-3916/2015 nömrəli qərardadları ləğv edilməli və sonrakı prosessual hərəkətlər edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3916/2015 nömrəli və xx.xx.2024-cü il tarixli 2(012)-3916/2015 nömrəli qərardadları ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar