Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-832/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı " borcun silinməsi" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(027)-327/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz RQİİ-si tərəfindən tərtib edilmiş, aparılmış yoxlama nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2024-cü il tarixində ******* akt əsasında yazılmış 3784.32 manat cərimənin azaldılmasına və yazılmış dəymiş ziyana yenidən baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddia tələbinin dəqiqləşməsi barədə iddiaçının nümayəndəsi ərizə təqdim edərək 3784,32 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz regional qaz istismar idarəsinin nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixində onun mənzili olan küçədə yoxlama aparılan zaman qeyri-qanuni olaraq təbii qaz şəbəkəsinə qoşulduğu aşkar edilmişdir. ******* saylı xx.xx.2024- cü il tarixli qüsur aktına əsasən ünvanına 3784 manat 32 qəpik dəyərində dəymiş ziyan hesablanmışdır. Qeyd edir ki, aktda yazdıqları qaz cihazları onun mənzilində yoxdur. Akt yazılarkən onun xəbəri olmayıb. O, qaz xəttinə bu ilin yanvar ayının 20-si qeyri-qanuni olaraq qoşulmuşdur. Bunada səbəb olaraq onu göstərə bilər ki, ünvanına ödənişli smart tipli qaz sayğacı quraşdırıblar. Odur ki, karta ödəniş etməsə evdə qaz olmur. Amma hal-hazırda heç bir yerdə işləmir və ona görə də smart sayğaca ödəniş etməkdə çətinlik çəkir. O, övladlarının qarşısında qaz puluna görə aciz qalmaqdan utanır, odur ki, bu yola əl atmışdır. Yaşadığı ərazidə xx.xx.2024-cü il tarixində qaz təchizatı idarəsi tərəfindən profilaktik tədbirlər çərçivəsində dayandırılmışdır. O da həmin gün qaz xəttinə qeyri-qanuni qoşulmuş və evində kombi 24-lük istifadə etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii X6nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu " qeydi aparılmışdır.
6. Dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı adına olan **********01120 saylı abonent kodu üzrə 31536 m3 həcmində qaz itkisi hesablanmışdır.
7. Abonent saldosundan göründüyü kimi, Quba şəhəri, Vaqif küçəsində yerləşən mənzilə aid **********01120 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 3784 (üç min yeddi yüz səksən dörd) manat 32 (otuz iki) qəpik borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Quba Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(027)-327/2025 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli **********01120 saylı abonent kodu ilə bağlı tələbnaməsi üzrə hesablanmış 3784 (üç min yeddi yüz səksən dörd) manat 32 (otuz iki) qəpik məbləğin **********01120 kodlu abonent hesabından silinməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X6»nın 6.5-ci bəndi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1 və 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(027)-327/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonentin qaz xətlərinə və qaz sayğacına 21 fevral 2024-cü il tarixində Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış SMART tipli sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə müşayət olunmuşdur. Abonent barəsində “X6nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib olunmuş, İddiaçı akta imza etməkdən imtina etmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə video-disk, Təbii X6nın pozulması haqqında” ******* saylı xx.xx.2024-cü il tarixli Akt və s. sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı öz çıxışında sayğacdan kənar xətlə təbii qazdan istifadə etdiyini etiraf etmişdir. İddia ərizəsinin mətnində də iddiaçının tələbi hesablanmış ziyan məbləğinin tam şəkildə silinməsi deyil, məbləğin azaldılması və dəymiş ziyana yenidən baxilmasıdır. Lakin birinci instansiya məhkəməsi nə əsasla, hansı məntiqlə qanunsuz xətlə qazdan istifadə nəticəsində dəymiş ziyanın bütünlüklə silinməsi barədə qətnamə qəbul edilməsini Qətnamədə əsaslandırmamışdır. Abonent İddiaçı saldosuna nəzər yetirdikdə onun sayğacdan kənar xətlə təbii qazı taladığı aşkar surətdə müəyyən olunur. Belə də ki, abonent qanunsuz kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsini inkar etmir. “X6”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa ”Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin İddiaçı üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. Vətəndaşın mülki hüquq pozuntusu törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Quba rayon məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. 1-ci instansiya məhkəməsi abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun bütünlüklə silməsi heç bir məntiqə uyğun gəlmir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun heç bir yerdə işləməməsi, maddi vəziyyətinə görə qanunsuz qaz xətlə təbii qazdan istifadə etmək məcburiyyətində olmasıdır. İddiaçının maddi vəziyyəti və ya onun heç bir yerdə işləməməsi qaz şəbəkəsinə qanunsuz qoşulmasına əsas vermir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi 1-ci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
17. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “X6”: 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 3.1.10-cu bənd- bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdehin mənzilinə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii X6nın pozulması haqqında” akt və tərtib edilmişdir, 3784 (üç min yeddi yüz səksən dörd) manat 32 (otuz iki) qəpik ziyan məbləği hesablanmışdır.
22. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli **********01120 saylı abonent kodu ilə bağlı tələbnaməsi üzrə hesablanmış 3784 (üç min yeddi yüz səksən dörd) manat 32 (otuz iki) qəpik məbləğin **********01120 kodlu abonent hesabından silinməsi qət edilmişdir.
23. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə və görüntüyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd etmişdir ki, həmin aktın sübut əhəmiyyəti inzibati xəta üzrə və ya cinayət təqibi üzrə icraat zamanı kimi yoxlanıla bilər. Bu halda isə həmin akt iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə, Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 3784 (üç min yeddi yüz səksən dörd) manat 32 (otuz iki) qəpik məbləğində cərimə **********01120 saylı abonent hesabından silinməlidir. İddianın aktın ləğv olunması ilə bağlı hissəsinə dair məhkəmə qeyd etmişdir ki, qeyd edilən akt yalnız qazdan qeyri-qanuni istifadə faktının aşkar olunması ilə bağlı tərtib edildiyindən, iddia bu hissədə təmin edilə bilməz.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
25. Kollegiya apellyasiya şikayətinin dəlliləri üzrə qiymətləndirmə apararaq, şikayəti qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı aşağıda şərh olunanları göstərir:
26. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsirin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.
27. Lakin, əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.
28. Göründüyü kimi məhkəmə kollegiyası araşdırması zamanı izahat verən iddiaçının nümayəndəsi sayğacdan kənar qaz xəttindən istifadə etdiyini etiraf etdi. Eləcə də iddia ərizəsinin məzmunundan da qeyd olunan hal müəyyən edilir. Bu baxımdan kollegiya hesab edir ki, istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların olmaması iddianın rədd olunmasına əsas vermir. Odur ki, kollegiya şikayətin qeyd olunan xüsusat üzrə dəlilini əsaslı hesab edir.
29. İddia tələbinin məzmunundan görünür ki, iddiaçının mübahisələndirdiyi hal qaz cizazlarının növu, sayı və cərimənin hesablanması qaydası ilə bağlıdır.
30. Abonent saldosundan göründüyü kimi, Quba şəhəri, Vaqif küçəsində yerləşən mənzilə aid **********01120 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 3784 (üç min yeddi yüz səksən dörd) manat 32 (otuz iki) qəpik borc hesablanmışdır.
31. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “X6”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşka olunmuş, sayğacdan kənar qeyriqanuni qaz xətt ləğv edilmiş və PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.9 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, PQ-2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 28 kw-lik kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd dəmir sobasının maksimal saatlıq qaz sərfi 2x1.4=2.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir (0.9x12x360=3888, 0.6x12x360=2592, 3x12x360=12960, 2.8x12x360=12096-cəmi: 31536 m3).
32. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yaşadığı evə sayğacdan kənar qaz xəttinin qoşulması faktı iddiaçının öz etirafı və təqdim edilmiş sübutlarla (dəymiş ziyanın bərpasına dair tələbnamə və Aktla, videogörüntü ilə) öz təsdiqini tapır.
33. Bununla yanaşı, kollegiya vurulmuş zərərin hesablanması qaydası, qaz cihazlarının sayı, növü ilə razılaşmır.
34. Göründüyü kimi (bənd 33) qazpaylayıcı tərəfindən 28 kw-lik kombi, dəmir qaz sobası, PQ-3 və PQ-2 qaz cihazlarına görə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.
36. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
37. Kollegiya tərəfindən cavabdehin nümayəndəsinə abonentə məxsus yaşayış sahəsində qeydə alınmış qaz cihazları barədə subut təqdim edilməsi təklif edilmiş, nümayəndə tərəfindən «Müayinənin nəticəsinə dair» Akt təqdim edilmişdir.
38. Həmin Aktdan görünür ki, istehlaksı İddiaçı məxsus yaşayış sahəsində olan qaz qurğuları- Odun sobası, kombi, PQ-3 və PQ-2 qaz cihazlarından ibarətdir.
39. Sadalananlara əsasən kollegiya hesablaşma qaydası ilə razılaşmır və hesab edir ki, vurulmuş zərərin miqdarı hesablanarkən abonentə məxsus qaz qurğularının kombi, PQ-3 və PQ-2 qaz cihazlarından ibarət olması nəzərə alınmalıdır.
40. Eləcə də kollegiya “X6”nın 3.1.10-cu bəndindən çıxış edərək vurulmuş ziyanın müddətinin üç ay qəbul edilməsini qanuni və əsaslı hesab edir.
41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, vurulmuş zərərin miqdarı “X6”nın tələblərinə uyğun olaraq 90 gün üçün hesablanmalı, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş zərərin miqdarı 583,02 manat müəyyən edilməli, (PQ-3- 0.9x90x12=972, PQ-2-0.6x90x12=648, Kombi-3x90x12=3240; 4860m3x0,12=583,2) 583,2 manat abonentdən tutulmalı, 3201,12 (üç min iki yüz bir manat, on iki qəpik) abonentin hesabından silinməlidir.
42. Beləliklə, kollegiya şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, maddi və porsessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, silinməli borcun miqdarı 3201,12 (üç min iki yüz bir manat, on iki qəpik) manat məbləğində müəyyən edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(027)-327/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 3201,12 (üç min iki yüz bir manat, on iki qəpik) manat İddiaçı (abonent kodu-**********01120) abunə hesabından silinsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.