Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-839/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili Vəkil1, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan anbar sahəsinin çöl (yol) hissəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş özbaşına tikilinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddiaçının həyətinə gələn yolun, eyni zamanda, cavabdeh tərəfindən iddiaçının həyətinin bağlanmış giriş qapısının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MA seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır. Qonşusu olan Cavabdeh 2021-ci ildə iddiaçının mülkiyyətində olan anbarın küçəyə çıxış hissəsini qanunsuz olaraq bağlayaraq zəbt etdiyi ərazidə (yolda) özbaşına tikinti işləri aparmışdır. Nəticədə, iddiaçı mülkiyyətində olan anbar sahəsindən istifadə edə bilmir. Dəfələrlə, iddiaçı etirazını bildirsə də, cavabdeh bu iradlara məhəl qoymur. Həmçinin, mülkiyyətdə olan torpaq sahəsində və üzərindəki tikililərdə iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin və onun tərəfini tutan Fatmayı Bələdiyyəsinin sədri onun əmlakından yol tərəfə iddia olunan torpaq sahəsinə dair mülkiyyət, istifadə hüququnu verən sənəd (sərəncam, qərar, icarə müqaviləsi) cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan ərazi zəbt olunmuş ərazi hesab edilir. Cavabdeh qanunsuz olaraq iddiaçının daşınmaz əmlakının avtomobil yoluna baxan hissədə olan torpaq sahəsini zəbt etmiş, həmin torpağın bir hissəsində müvafiq icra hakimiyyətinin icazəsi olmadan qanunsuz olaraq qeyri-yaşayış sahəsi (mağaza) inşa etmişdir. Hazırkı işlə bağlı xx.xx.2022-ci ildə Fatmayi kəndi, N.Nərimanov küçəsi-1, ev 8 ünvanında yerləşən sözügedən qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olmuşdur ki, qeyri-yaşayış binasının (anbarın) tavanı uçmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 2014-cü ildən başlayaraq zəbt etdiyi ərazidə tikdiyi bina ara məsafəsi qoyulmadan iddiaçının anbarının divarına bitişdirilmiş, anbarın pəncərələrini və yola olan çıxış yolunu bağlamışdır. Məhkəməyə təqdim etdikləri 2011-ci il tarixdə verilmiş anbara aid olan çıxarışa əlavə edilmiş texniki pasportda anbarın situasiv planda yerləşdiyi yerdən görmək olur ki, anbarın avtomobil yoluna olan hissədəki torpaq ərazisində heç bir tikili olmamışdır. Bunun özü onu göstərir ki, cavabdehin bildirdiyi kimi, yəni sahibliyində olan özbaşına tikili 2000-ci ildən, hətta 90-cı illərdə deyil 2011-ci ildən sonra inşa olunmuşdur. İddiaçıya mülkiyyətində olan daşınmaz əmlakın yola tərəf olan hissədə yola çıxışın bağlanılması, anbarın hissəsi olan daş divara bitişik qanunsuz olaraq mağazanın tikilməsi iddiaçının maraqlarına toxunur, zəbt olunmuş ərazinin boşaldılması və mağazanın sökülməsi tələbi iddiaçının subyektiv hüququdur. Bundan başqa anbarın divarı hesab olunan tikili eyni zamanda anbarın altında olan torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar hesab olunur ki, cavabdehin qanunsuz tikilinin həmin hasara bitişik olması qeyd olunan maddədə tikililər arasında olan məsafəyə dair olan tələbi pozur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon Fatmayı Bələdiyyəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. İş materiallarında olan Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 2003-cü il may ayı tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən “A” nömrəli qeyri-yaşayış binası İddiaçı adına 01 saylı reyestr kitabında 430 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2003-cü il may ayı tarixli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən qeyri-yaşayış sahəsi olan anbar İddiaçı mülkiyyətində olmaqla, buna əsas Abşeron rayonu 2 nömrəli sovxozun Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.1999-cu il tarixli aktı olmuşdur. İş materiallarında olan 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AA № 027625 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05/05/9 saylı bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarından çıxarış və xx.xx.2011-ci il tarixli 690/11 saylı bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0453 ha məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 173 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəməyə təqdim olunmuş 4 ədəd fotoşəkillərdən görünür ki, ərazidə yarımtikili şəklində hasar mövcuddur və həmin hasarın arxa hissəsində tikili inşa edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Begiyev X3 rayonu Fatmayı kəndi N.Nərimanov küçəsi döngə 1, 8 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Fatmayı kəndində qeydiyyatdadır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə (anbar) dair texniki pasport iddiaçının adına 2003-cü ildə, həmin tikilinin yerləşdiyi torpaq sahəsi isə iddiaçının adına xx.xx.2011ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə də, sözügedən torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına, həmçinin, tikiliyə münasibətdə texniki pasportun verilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin tikili inşası başa çatdırılmamaqla, əksinə sökülmüş, hazırda, həmin ünvan üzrə sadəcə olaraq hasar və istinad divarlarının qalması iş üzrə yerli baxış zamanı da öz təsdiqini tapmışdır. İddiaçı həmin tikilinin ətrafında əsas yola açılan qapıların qoyulduğunu qeyd etsə də, onun cavabdehin istifadəsində olan tikilidən əvvəl qoyulduğunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə araşdırması zamanı sökülməsi tələb olunan tikilinin cavabdehin faktiki istifadəsində və sahibliyində olması öz təsdiqini tapsa da, həmin tikilinin cavabdehə məxsus olduğunu sübuta yetirəcək hüquqmüəyyənedici sənədin olmadığı təsdiqini tapmışdır. Beləliklə, iddia tələbindən göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindəki tikili ilə üzbəüz inşa edilmiş cavabdehə məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin sökülməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, həmin tikilinin həqiqətən də cavabdehə məxsus olduğunu sübuta yetirən hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, layihədə mübahisəli torpaq sahəsinin giriş-çıxışı nəzərdə tutulmasa da, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin layihəsindən göründüyü kimi, həmin sahənin yola tərəf giriş-çıxışı yoxdur, yalnız şimal-qərb tərəfdən müəyyən olunur. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsinə dair məhkəməyə mütəxəssis rəyi təqdim olunmuş, həmin mütəxəssis rəyi və məhkəmə iclasında dindirilmiş mütəxəssisin ifadəsi əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunmuş koordinatlar əsasında uyğunluq təşkil etdiyi müəyyən olunsa da, həmin torpaq sahəsindəki tikilinin damının söküldüyü, istifadəyə yararsız olduğu təsdiqini tapmış, həmçinin, sözügedən tikilinin şimal və qərb tərəfdən yol ilə, şərq tərəfdən cavabdehə məxsus qeyri-yaşayış binası, cənub tərəfdən isə torpaq sahəsi ilə sərhəd təşkil etməsi müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə mütəxəssis rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi dəyərləndirib nəzərə alır. Belə ki, iddiaçıya məxsus olan tikilinin əsas giriş-çıxış yolunun şimal və qərb tərəfdən həyətə doğru yolunun açılması həmçinin, üçüncü şəxs bələdiyyə sədrinin izahatı, yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bininci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan iddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)- 2495/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2023-cü il tarixli, 10/3649 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160№li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 2-ci maddəsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun olmadığı, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin inşa edilməsi ilə İddiaçı mülkiyyətində olan 0.0453 ha torpaq sahəsinə olan girişin bağlanmadığı, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdehin faktiki istifadəsində olan tikili(lər) sökülmədən iddiaçıya məxsus torpaq sahəsinə texniki pasporta əsasən giriş-çıxış qapısı qoyulmaqla iddiaçının asfalt yola çıxışının mümkün olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İşin araşdırılmış hallarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, yuxarıda qeyd olunan 0,0453 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri qeyri-yaşayış binası olan anbarı onun texniki pasportuna uyğun bərpa edib onun təyinatına uyğun istifadə etmək istəsə də, cavabdeh tərəfindən tikilmiş özbaşına tikili buna mane olur. İddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasına aid texniki pasporta, işdəki fotoşəkillərə və ekspert rəyinə əsasən müəyyən olunur ki, cavabdehin özbaşına zəbt etdiyi ərazidə özbaşına tikdiyi bina bir tərəfdən 0,4 metr (40sm), digər tərəfdən isə 0,1 metr (10 sm) olmaqla ara demək olar ki, iddiaçının qeyri-yaşayış sahəsinin divarına bitişik tikilmiş, bununla anbarın texniki pasportda qeyd olunan pəncərələri və piyada daxil olmaq üçün nəzərdə tutulan giriş-çıxış yolu bağlanmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5, 69.5.1, 69.5.2-1 və 69.5.3-cü bəndlərinə əsasən: 69.4.Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5.Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi 69.5.2-1.bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə-divar hündürlüyünün 0,3 hissəsi. 69.5.3. Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Bununla əlaqədar yuxarıda 14 avqust 2023-cü il tarixli, 10/3649№li ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh tərəfindən inşa olunmuş tikiliyə dair mülki iş materiallarında heç bir sənəd olmadığına, ekspert vəsatəti ilə zəruri sənədlər Mərkəzə təqdim olunmadığına görə, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160№li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 2-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olundu. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunan tikili ilə iddiaçı arasındakı sərhəd hasarına qədər məsafənin bir tərəfdən 0,4 metr, digər tərəfdən isə 0,1 metr olduğunu nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu (saxlanılan ara məsafəsi 4,5x0,25=1,125m). Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən sübutlara düzgün hüquqi qiymət verməyərək Mülki Məcəllənin yuxarıda qeyd olunan 150.1-ci maddəsinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair daşinmaz əmlakın qeydiyyatı ləğv olunmadığindan və həmin daşınmaz əmlakı bərpa etmək iddiaçının subyektiv hüququ olduğunu nəzərə almamış,nəticədə Mülki Məcəllənin180.4-cü maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, idiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etdiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan anbar sahəsinin çöl (yol) hissəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş özbaşına tikilinin onun öz hesabına sökülməsi barədə iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən A nömrəli qeyri-yaşayış binasının çöl hissəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikili sökülsün, həmin qeyriyaşayış sahəsinə gedən yol və bağlanmış giriş qapısı (yəni iddiaçıya məxsus qeyriyaşayış sahəsinə aid texniki pasportda göstərilən giriş-çıxış qapısı) cavabdeh tərəfindən açılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-839/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-839/2023
12.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver