Məhkəmə qərarları › İş №2(105)-844/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-844/2022

11.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-844/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin istismarının qadağan edilməsi, qanunsuz məhv etdiyi əmlakın bərpa edilməsi və qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(027)-1063/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan mağazanın dam örtüyünün 25m-lik hissəsi Cavabdeh hesabına sökülərək, əvvəlki vəziyyətə bərpa edilməsi, iddianın tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz tikilinin mağazanın istismarına qadağan edilməsi və cavabdehin öz hesabına sökülməsi, məhv etdiyi əmlakının öz hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 236.5 kv.m olan mağaza binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin (indiki halda DƏDRX) 246 nömrəli 29 avqust 2002-ci il tarixdə 1 nömrəli reyestr kitabının 62 səhifəsində onun adına qeydə alınmışdır. Qeyri yaşayış binasının texniki pasportu avqust 2002-ci il də işlənib. Cavabdehin istifadə etdiyi metal konstruksiyalardan quraşdırılmış mağzası ilə qonşudur. Mülkiyyətində olan mağaza ilə cavabdehin istifadə etdiyi mağaza arasında Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun təhlükəizliyin təmin edilməsi məqsədilə 60 sm-İik ara məsəfəsi olub. O, dəfələrlə cavabdehə istifadəsində olan mağzanın əvvəlki formada rekonstruksiya etməsini, mağazanın divarın istifadə etməsinə son qoyulmasını, həmçinin məhv etdiyi əmlakının bərpa etməsini tələb etsə də etirazlarını saymır, qanunsuz tikilinin istismarını davam etdirir. Ona görə də hüquqlarının məhkəmə qaydasında müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırkı Diskə baxışdan da görünür ki, cavabdeh onun tərəfinə keçib, cavabdehin təqsiri üzündən mağazanın damı damır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin qətnaməsi təmin olunmayan hissədə qanunsuz (maddi və prossesual hüququ normalarına ziddir) və əsasssızdır (iş materialları ilə təkzib edilir). Buna görə də, hazırki iddia ərizəsinin təmin edilməyən hissəsində mahiyyəti üzrə baxılmamış saxlanılmasıdır. Lakin işə mahiyyəti üzrə sübutlara əsasən baxılacağı halda hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Həmçinin cavabdeh iddianı bütövlükdə etiraf etmiş, lakin məhkəmə bu halı nəzərə almadan maddi hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində özbaşına tikinti işləri aparmaqla, iddiaçının mülkiyyət hüquqlarını pozması, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edir. İddia tələbi qanunsuz tikilinin istismarının qadağan edilməsi, qanunsuz məhv etdiyi əmlakın bərpa edilməsi və qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi qeyri-yaşayış binası olan mağazanın 25 metrlik hissəsinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi qənaətinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar