Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-847/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4728/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 186482 saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 295.02 manat borc məbləğinin mənzilin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 22 saylı mənzil xx xxxxxx 2020 ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən alınmışdır. Həmin mənzil alqı-satqı müqaviləsinin bağlandığı tarixdən təxminən iki ay sonra əvvəlki mülkiyyətçisi tərəfindən ona təqdim olunmuş və cari ilin may ayının əvvəlindən orada kiçik təmir işləri aparıldıqdan sonra iyul ayından mənzildə yaşamağa başlamışdır. Mənzil alqı-satqı olunarkən onun elektrik, qaz və su təchizatına görə hər hansı borc olmamış, onun tərəfindən qeyd olunan kommunal xidmətlərdən, o cümlədən elektrik enerjisindən sayğac əsasında istifadə olunmuş və ona təqdim edilən sərfiyyat göstəricilərinə dair qəbzlər əsasında istehlak etdiyi xidmətlərin dəyəri tərəfindən vaxtı-xatında ödənilmişdir. xx xxxx 2020-ci il tarixdə cavabdehin işçiləri tərəfindən ona məxsus evin pilləkən meydançasında quraşdırılmış sayğacı köhnəldiyindən onun dəyişdirilməsi üçün akt tərtib ediləcəyi bildirilmişlər. Həmin vaxt oğlu anasına baş çəkməyə gələrkən tələsik boş bir sənədə imza çəkərək çıxıb getmişdir. Avqust ayının əvəllərində o, mobil telefonundakı mobil tətbiq vasitəsi ilə mənzilin kommunal xidmətlərə olan borclarının ödənilməsi üçün baxış keçirərkən elektrik enerjisinə görə 295.02 manat borc görsənmişdir. O, mənzildə bu qədər elektrik enerjisi sərf edilməsinin mümkün olmadığını düşündüyündən məsələnin araşdırılması üçün “xxxx” ASC-nin Sumqayıt elektrik şəbəkəsinə müraciət etmişdir. Orada onlara bildirmişlər ki, guya enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən mənzildə sayğacdan kənar xətlə elektrik enerjisindən istifadə edilməsi müəyyən olunmuş və buna görə xx.xx.2020-ci il tarixli, 186482 saylı akt tərtib edilərək həmin akta əsasən onlara 6 ay müddətinə yenidən hesablaşma aparılaraq 295,02 manat əlavə borc hesablanmışdır. Təkidlə tələbindən sonra müəssisənin əməkdaşı qeyd olunan aktın surətini anasına təqdim etmişlər. Həmin aktda qeyd edilmişdir ki, guya “Elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, pilləkən meydançasını işıqlandıran xətdən kənar xətt götürülmüş, kənar xətt bir başa mənzilə daxil olur. Onlar pilləkən meydançasının mənzilin elektrik şəbəkəsindən yəni sayğacdan keçən xətlə işıqlandırıldığını, aktda göstərilənlərin həqiqətə uyğun olmadığını onlara bildirərək aktın ləğv olunmasını və borcun silinməsini tələb etsələr də, elektrik şəbəkəsinin əməkdaşları borc məbləğinin 1 ay müddətində ödənilməyəcəyi təqdirdə enerji təchizatı dayandırılacağını bidirmişlər. Buna görə də, bir istehlakçı kimi hüquqlarının müdafiəsinin və bərpa olunmasının yalnız məhkəmə yolu ilə mümkün olacağı qənaətinə gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçı tərəfindən mənzilə kənat xətt çəkilməməsini qeyd etsə də, iddiasının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən əsassız borc yazıldığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 186482 saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 295.02 manat borc məbləğinin mənzilin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı mənzilə kənar xətt çəkilməməsi barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-847/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-847/2021
07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver