Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-847/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-531/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y 744 saylı fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 777 manat 60 qəpik borcun silinməsi, eləcə də müdaxilə edilmiş sayğacın dəyəri olan 87 manat 08 qəpik məbləğində pulun ondan tələb edilməsinin əsassız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, sayğac əvvəlki mülkiyyətçinin adına rəsmiləşdirilmişdir. Lakin sözügedən fərdi yaşayış evi faktiki olaraq onun mülkiyyətindədir. İşin faktiki halı ondan ibarətdir ki, cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı təxminən 3 ay əvvəl dəyişdirilmiş və yeni sayğac qoyulmuşdur. Qeyd edir ki, sayğacın dəyişdirilməsinə səbəb istismar müddətinin keçməsi olmuşdur. Üzərindən bir müddət keçdikdən sonra cavabdeh tərəfindən bildiriş göndərilərək itirilmiş qaz sərfi ilə bağlı əsassız olaraq 777 manat 60 qəpik borcun və guya müdaxilə olunmuş sayğacın dəyəri olaraq 87 manat 08 qəpik pul tələb olunması barədə məlumat verilmişdir. Cavabdeh tərəfindən qaz sayğacına laboratoriyada baxış keçirildiyi və bu zaman sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plastmas borusu deşilib və sayğacın istismara yarasız olduğu bildirilmişdir. Qeyd edir ki, borc barəsində yenicə xəbər tutmuşlar. Belə ki, cavabdeh qeyd olunan məbləğdə qaz borcunun olduğunu qeyd etmişdir. Nəticədə itirilmiş qazın bərpası olaraq 777 manat 60 qəpik borc və guya müdaxilə edilmiş sayğacın dəyəri olaraq 87 manat 08 qəpik pul hesablanmışdır. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Bundan əlavə bildirmək istəyir ki, sözügedən evdə o, daimi yaşamır və arabir gedib-gəlir. Cavabdehin ondan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Qeyd etdiyi kimi sayğac mənzildən çöldə quraşdırılmışdır və məsuliyyəti o halda ona aid olardı ki, onun mənzilində quraşdırılasaydı. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi haldə isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. Bu səbəbdən də sayğaca istehlakçının iştirakı olmadan baxış keçirilməsi və bu cür nəticəyə gəlinməsini əsassız hesab edir. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Həmin borc köhnə mülkiyyətçinin vaxtında olmuş borcdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşma bağları, “Sintez” B/Y744 saylı evinə quraşdırılmış köhnə sayğaca onun tərəfindən hər hansı müdaxilə olmamışdır. Qeyd edilən ünvandakı evi, xx.xx.2023-cü il tarixində satın almışdır. Azəriqaz İB-nin əməkdaşları isə təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktı isə xx.xx.2023-cü il tarixində tərtib etmişlər. Faktiki olaraq, evə cəmi 2 ay sahiblik etdiyi halda, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ondan hesabat müddəti 90 gün qəbul edilməklə pul tələb edilir. Hesab edir ki, bu Azəriqaz İB-nin qanunsuz və əsassız fəaliyyətinin nəticəsidir. Sayğacın dəyişdirilməsinin səbəbi istismar müddətinin keçməsidir. O, yay aylarında həmin evdə yaşamamışdır. Necə ola bilər ki, yay aylarında hələ yaşayışa başlamadığı evdə sayğaca müdaxilə etsin. Aydındır ki, sayğacda müəyyən edilmiş problem, onun qeyd edilən evə sahibliyi müddətində yaranmamışdır, sayğaca müdaxiləyə görə məsuliyyət evin əvvəlki sahibi ilə qeyd edilən əraziyə nəzarət edən Azəriqaz İB-nin işçisinin üzərindədir. Sumqayıt Şəhər Məhkəməsi qərəzli qətnamə qəbul etməklə, AR MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Sayğacdakı nasazlıq olmasının səbəbi araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini iddiaçı sözügedən mənzili əvvəlki mülkiyyətçidən alqı-satqı yolu ilə əldə edərkən yüklü şəkildə qəbul etmiş və müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi borcun silinməsi barədədir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş AN-İ № ******* 22 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Sintez” B/Y 744 ünvanında yerləşən torpaq sahəsini X1, həmin müqavilənin 10-cu bəndinə əsasən alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Həmçinin qeyd etmək lazımdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul qaz sayğacının dəyəri abonentdən tələb edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinməsi və sayğacın dəyəri olan 87 (səksən yeddi) manat 08 (səkkiz) qəpik məbləğində pulun iddiaçıdan tələb edilməsi əsassız hesab edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan vaxtlarda Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Sintez” B/Y 744 saylı fərdi yaşayış evinə əsassız hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinsin və sayğacın dəyəri olan 87 (səksən yeddi) manat 08 (səkkiz) qəpik məbləğində pulun iddiaçıdan tələb edilməsi əsassız hesab edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-847/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-847/2024
01.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver