Məhkəmə qərarları › İş №2(105)-848/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-848/2024

23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-848/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı, cavabdeh Nümayəndə (eyni zamanda digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi), Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən payın ayrılması və naturada bölünməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-22/2024 nömrəli qətnaməsindən cavabdeh Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu Hacılar kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsindən payının müəyyən edilərək naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə 11,24 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehlərin adına verimiş birgə mülkiyyətdən onun payı müəyyən olunaraq naturada ayrılıb istifadəsinə verilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-22/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən Xaçmaz rayonunun Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsinin, 9,34 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə payının müəyyən edilməsi, İddiaçı birinci cizgi planında göstərilən 7,26 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələnmiş və ikinci cizgi planında göstərilən 2,08 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələnmiş hissələrın naturada ayrılaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən narazı qalan cavabdeh Nümayəndə apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-22/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin olunaraq ailəsinin ümumi istifadəsində olan torpaq sahəsindən ona düşən payın həmin torpaq sahəsinin 2.08 ha hissəsindən ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işə qeyri-obyektiv baxılmış, İddiaçı mənafeyi müdafiə olunmaqla qətnamə qəbul edilmişdir. Belə ki, o, iddiaçı ilə razılaşdığı kimi ailəsinin ümumi istifadəsində olan torpaq sahəsindən iddiaçıya düşən payın ayrılmasına etiraz etməmişdir. Lakin iddiaçıya həmin payın ailəsinin ümumi istifadəsində olan torpaq sahəsinin 2.08 ha hissəsindən ayrılmasına razı olduğunu bildirmişdir. Çünki ailəsinin ümumi istifadəsində olan torpaq sahəsinin digər hissəsində yəni, 7.26 hissəsində meyvə ağacları əkmiş və həm həmin ağacların əmələ gəlməsi, həm də ümumilikdə həmin torpaq sahəsinin münbitləşdirilməsi üçün uzun illər ərzində xeyli maddi vəsait xərcləmiş və fiziki olaraq zəhmət çəkmişdir. İddiaçı isə ailəsinə məxsus JN-0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən yaşadığıqları kəndin ərazisində yerləşən 11,24 ha torpaq sahəsinin 9,34 ha torpaq sahəsindən ona 5-də 1 hissədə payının ayrılmasını tələb etmişdir. Məhkəmə də, iddiaçının mənafeyini müdafiə etməklə, torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən yaşadıqları Xaçmaz rayonunun Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsinin, 9,34 ha torpaq sahəsindən iddiaçıya 5-də 1 hissədə, eləcə də, iddiaçıya 1-ci cizgi planında göstərilən 7.26 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələmiş və 2-ci cizgi planında göstərilən 2.08 ha torpaq sahəsindən şərti olaraq “A” hərfi ilə işarələnmiş hissələr naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir. O,bu bölgü ilə qətiyyən razılaşmır. O, iddiaçıya ailəsinə məxsus digər 2.08 ha torpaq sahəsindən ona düşən payın ayrılmasına razılıq versə də, məhkəmə buna əhəmiyyət verməmiş və iddiaçının xeyrinə qətnamə çıxarmışdır. O, məhkəmədə yuxarıda qeyd olunan 11.24 ha torpaq sahəsinin 7.26 ha hissəsinin təmizlənməsində, münbit və yararlı hala gətirilməsində xeyli vəsait sərf etməklə uzun illər əziyyət çəkdiyini bildirsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Bu səbəbdən də, həmin qətnamə ilə razılaşmayıb apellyasiya şikayəti vermək qərarına gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Nümayəndə öz adından, eyni zamanda nümayəndəsi olduğu cavabdeh X4 adından apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, 7,26 ha torpaq sahəsi daha münbit torpaq sahəsi olduğu üçün orada meyvə ağacları əkmişdir. Buna görə də iddiaçıya düşən 1/5 hissədə payın Xaçmaz rayonunun Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsinin ikinci cizgi planında göstərilən 2,08 ha torpaq sahəsindən ayrılaraq verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını və Xaçmaz rayonunun Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsinin birinci cizgi planında göstərilən 7,26 ha torpaq sahəsindən və ikinci cizgi planında göstərilən 2,08 ha torpaq sahəsindən naturada ayrılaraq 1/5 hissədə payının müəyyən edilməsini, bununla əlaqədar apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarı ilə X1, Cavabdeh2, X2, Nümayəndə və İddiaçı mülkiyyətinə 11,24 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/470 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN0041 saylı 30210028 kodlu dövlət aktına əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsindən, 9,34 ha torpaq sahəsini İddiaçı 1/5 hissədə payının naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış hallarına əsasən müəyyən olundu ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarına əsasən verilmiş torpağa mülkiyyət hüququna dair JN-0041 saylı 30210028 kodlu dövlət aktında göstərilən ümumilikdə 11,24 ha olan torpaq sahələri Xaçmaz rayonunun Hacılar kəndində yerləşməklə bitişik deyil, üç müxtəlif ərazidə yerləşir. Belə ki, iş materiallarına əlavə olunmuş mütəxəssis rəyində də qeyd olunur ki, JN-0041 saylı 30210028 kodlu dövlət aktında 11.24 ha torpaq sahəsi üç konturdan ibarətdir: 1.80 ha şəhidin adına verilmiş torpaq sahəsi, 7,26 ha torpaq sahəsi və 2,08 ha torpaq sahəsi. Tərəflər məhkəmə kollegiyasının iclasında şəhidin adına ayrılmış torpaq sahəsinə dair hissədə paylarının ayrılmasını ümumiyyətlə mübahisələndirmədiklərini bildirdilər. Tərəflərin mübahisələndirdikəri hissə məhz 7,26 ha və 2,08 ha torpaq sahələrindən paylarının ayrılması ilə əlaqədardır. Yuxarıda qeyd olunduğu kimi məhkəmə kollegiyasının iclasında cavabdeh Nümayəndə 7,26 ha torpaq sahəsi daha münbit torpaq sahəsi olduğu üçün orada meyvə ağacları əkdiyindən iddiaçıya düşən 1/5 hissədə payın Xaçmaz rayonunun Hacılar kəndində yerləşən 11,24 ha torpaq sahəsinin ikinci cizgi planında göstərilən 2,08 ha torpaq sahəsindən ayrılaraq verilməsini istəmiş, bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən tərəflərə barışıq sazişi bağlanması təklif edilsə də, İddiaçı bununla razılaşmamış və hər iki cizgi planda olan torpaq sahələrindən onun paylarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, 11,24 ha torpaq sahəsinin bölgüsü mübahisələndirilən 7,26 ha torpaq sahəsi münbit torpaq, digər 2,08 ha hissəsi isə ona nisbətən daha az münbit torpaq kimi müəyyən edilməklə bir-birindən fərqləndirilir. Buna görə də iddiaçının hər iki torpaq sahəsindən də eyni dərəcədə istifadə etmək hüququ olduğundan yalnız bir cizgi plana uyğun torpaq sahəsindən ayrılmaqla ona pay verilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-22/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar