Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-848/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(060)-887/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, onun yaşadığı (abonent kodu **********03150) Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Fariz 99 firmasının inzibati binasına Cavabdeh tərəfindən hesablanmış 3253,50 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qubadlı rayonundan məcburi köçkün düşməklə ailə üzvləri ilə yuxarıda göstərilən ünvanda yaşayır. Həmin ünvana xidmət göstərən qaz sayğacı üzrə abonent kodu **********03150 olmaqla anası N.Bayramovanın adınadır. Anası xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin evə qaz sayğacı çöl tərəfdə quraşdırılmış və cavabdeh təşkilatın nümayəndələri 2023-cü ilin yayında həmin sayğacı çıxarmaqla aparmış və yeni sayğac quraşdırmışlar. Tərəfindən ödəmələr aparılmış, lakin həmin ödəmələr artıq silinmişdir. O da bunun səbəbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, cavabdeh sayğacı dəyişdikdən sonra yaşadıqları evə əlavə 2023-cü ilin iyul ayına qaz sərfiyyatına görə 3253,50 manat vəsait hesablamış və tərəfindən hər dəfə ödənişlər olanda həmin ödənişdən qeyd olunan əsassız məbləğ üzrə qismən silinmələr aparılmış və buna görə də hesaba yüklənən vəsait tez qurtarmışdır. Cavabdeh orqana müraciət edərək qeyd olunan ünvanda məcburi köçkün ailəsinin yaşadığını və onlara dövlət tərəfindən limit təyin olunduğunu və qazdan istifadə ilə bağlı sərfiyyatın onlardan tutulmalı olmadığını və qeyd olunan məbləğdə qazdan istifadə olunduğunu təsdiqləyən sübutlarını təqdim etmələrini bildirmişdir. Lakin cavabdeh orqan buna əhəmiyyət verməmiş və əsassız yazılan borcu da silməmişdir. Belə hesab edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış borc silinməlidir. Həmin borcun məbləği 3253,50 manat təşkil etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(060)-887/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 3253 (üç min iki yüz əlli üç) manat, 50 (əlli) qəpik borcun **********03150 saylı abunə hesabından silinməsi, Cavabdehndən 52 (əlli iki) manat, 53 (əlli üç) qəpik dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(060)-887/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri 76-cı məhəllə, Fariz 99 firmasının inzibati binası (məcburi köçkün) ünvanında 2023-cü ilin iyul ayından abonent saldosunda 3253.50 manat debitor borcu öz əksini tapmışdır. Göstərilən tarixdən indiyə kimi, yəni xx.xx.2025-ci il tarixinədək vətəndaş İddiaçı abonent saldosundan göründüyü kimi hər ay qaz sərfinə görə ödənişləri edir. xx.xx.2022-ci il tarixində abonent Niyar Bayramovanın G-4 markalı 1702AZ**********70 nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş ******* saylı akta məhz İddiaçı imza etmişdir. Bu o deməkdir ki, abonent İddiaçı debitor borcu olması barədə məlumatlıdır. X2 adına rəsmiləşdirilmişdir. Ümumiyyətlə İddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” heç bir akt tərtib olunmamışdır. Birinci instansiya məhkəməsinin hakiminə proses zamanı dəfələrlə mübahisələndirilən 3253.50 manat borcun debitor olması barədə fikri və sübutları təqdim etsə də, buna heç bir əhəmiyyət verməmiş işə cox səthi yanaşaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçı istifadə etdiyi qazın pulunu ödəməsin deyə səsləndirdiyi hər bir fikri məhkəmə sübut kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi göstərilən məbləğin debitor borc olması barədə protokolda və qətnamədə heç bir qeyd aparmamışdır. Abonent İddiaçı abonent koduna hesablanmış 3253.50 (üç min yüz iki yüz əlli üç manat əlli qəpik) manat istifadə etdiyi qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən cavabdeh tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edəən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən 10 avqust 2022-ci il tarixdə tərtib olunmuş ******* saylı “Qaz sayağacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı ünvan 2 ünvanında təbii qazdan istifadəyə görə akt üzrə 2023-cü il tarixinə 3253,50 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. 18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan aydın olur ki, X4 adına Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 315 saylı evdə qazdan istifadəyə görə **********03150 saylı kod açılmışdır. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Xanlıq kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 25 noyabr 2024-cü il tarixli arayışında İddiaçı X4 övladı olması, X4 xx.xx.2020-ci ildə vəfat etməsi və hal-hazırda İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, Fariz-99 firmasının inzibati binasında müvəqqəti məskunlaşdığı qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan ünvanda yerləşən mənzildən istifadə etməklə hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İddiaçı Cavabdeh İB tərəfindən qeyd olunan ünvana qaz sərfinə görə hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2023-cü il tarixinə abonentə 3253,50 manat məbləğində borc yazılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd edilən borc məbləğinin 2017-2022-ci illəri əhatə etdiyini, sayğacın “Smart-kart” tipli qaz sayğacı olduğunu, elektron hissəsinin işləmədiyini, lakin mexaniki hissəsinin qaz sərfini qeydə aldığını, nəticədə həmin məbləğdə borc yarandığını, sayğacın yeni sayğacla əvəz edildiyi zaman köhnə sayğacın qaz borcunun yeni sayğaca köçürüldüyünü bildirmişdir. İş materiallarına əlavə edilən sənədlərlə və eyni zamanda cavabdehin izahatı ilə borcun yarandığı iddia edilən dövrlərdə, yəni 2017-2022-ci il tarixlərində iddiaçının istifadəsində olan ünvana quraşdırılmış qaz sayğacı “Smart-kart” tipli qaz sayğacı olmuşdur. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu növ qaz sayğacı ilə təmin edilmiş istehlakçı əvvəlcədən karta müvafiq məbləğ yükləməklə həmin vəsaitə uyğun qazdan istifadə edir. Cavabdeh 2017-2022-ci illərdə iddiaçı tərəfindən karta pul vəsaitinin yüklənib yüklənməməsindən asılı olmayaraq, ünvana qaz sərfiyatının davam etdiyini bildirmişdir. Lakin o, qeyd olunan qaz sayğacı nasaz olduğu halda buna görə məsuliyyətin niyə məhz iddiaçının üzərinə düşməsinin, eyni zamanda qeyd olunan uzun müddət ərzində, yəni 2017-2022-ci illər ərzində həmin sayğaca tərəflərindən nəyə görə baxış keçirilməməsinin, baxış keçirilmişdirsə sayğacda nəyə görə həmin qüsurların aşkar edilmədiyinin ağlabatan izahını verə bilməmiş, eyni zamanda qeyd olunan halın, yəni sayğacın müvafiq karta pul vəsaiti ödənilmədiyi halda sərfiyyatın davam etməsinin məhz istehlakçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa sözügedən “Smart-kart” tipli qaz sayğacında qeyd olunan nasazlığın olması cavabdeh tərəfindən hər hansı bir aktla rəsmiləşdirilməmişdir. Cavabdeh məhkəmə iclasında izahatında karta yüklənmiş müvafiq vəsaitdən əlavə qaz sərfinin olmasını sayğacın mexaniki hissəsinin qapağının açıq qalması ilə əlaqələndirmişdir. Lakin bu halın məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və mübahisə ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində müqavilənin şərtlərinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməli olmasını qeyd etsə də, işin hallarına əsasən müəyyən edilir ki, abonentə verilmiş qaz sayğacında olan qüsurlar ondan asılı olmayan səbəblərdən yaranmış, həmçinin onun artıq qaz sərf etdiyindən məlumatı olmamışdır. Belə olan halda məsuliyyətin məhz məcburi köçkün olan iddiaçının üzərində olması ədalətli deyildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbinə əsasən həmin dəlillər iddia tələbinin təmin edilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(060)-887/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-848/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-848/2025
12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver