Məhkəmə qərarları › İş №2(105)-851/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-851/2023

10.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-851/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlunun və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evə quraşdırılmış qaz sayğacı dəyişdirilmək üçün çıxarılarkən sayğacın göstəricisi 33.280 kub.metr olmuşdur.

2. Abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında (abonent kodu **********14750) abonentin borcu oktyabr 2021-ci il tarixinə 5399,50 manat, noyabr 2021-ci il tarixinə 5199,50 manat hesablanmışdır.

3. Abonent saldosundan müəyyən edilir ki, iddiaçının evinə quraşdırılmış sayğac üzrə oktyabr 2021-ci il tarixinə istifadə olunmuş təbii qaza görə 5399,50 manat, noyabr 2021-ci il tarixinə 5199,50 manat ödənilməmiş borc hesablanmışdır.

4. Abonent saldosundan görünür ki, İddiaçı 2015-ci ildən sonra təbii qazdan istifadəyə görə ödəniş etməmişdir.

5. İddiaçı iddia ərizəsində Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını göstərmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 5339,90 manat məbləğində borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evində 2021-ci ilin sentyabr ayında 734 kub.metr, 2021-ci ilin oktyabr ayında isə 764 kub.metr qazdan istifadə etmişdir. Lakin, oktyabr ayında iddiaçıya əlavə olaraq 21480 kub.metr qaz həcmi yüklənmiş və 5339,9 manat əlavə borc yazılmışdır. İddiaçının şifahi müraciətlərinə yaranan borcu ödəməsi tələb olunmuş, bununla bağlı ona izah verilməmişdir. Sayğac vasitəsilə 1498 kubmetr qazdan istifadə etmiş, əlavə xətti olmamış, sayğaca müdaxilə edilməmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 6-cı bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13 və 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “X3”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 5.5, 6.7-ci bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 106.1, 217.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçının adına olan sayğac 22 sentyabr 2021-ci il tarixdə quraşdırılmışdır. Cavabdeh tərəfindən təqdim edilən 04 iyun 2021-ci il tarixli ******* saylı Akta əsasən ünvan 2 ünvanında sayğac dəyişdirilmək üçün çıxarılarkən sayğacın göstəricisinin 33280 kub.metr olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbində ona hesablanmış 5339,9 manat məbləğində borcun silinməsini xahiş etsə də, bunun əsassız borc olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1240/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, İddiaçı 2015-ci ildən sonra təbii qazdan istifadəyə görə ödəniş etməmişdir. Halbuki İddiaçı iddia ərizəsində Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşadığını göstərmişdir.

13. Kassasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1240/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(102)- 492/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)- 1240/2022 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci apellyasiya icraatı zaman iddia tələbi təmin edilməsə də, Ali Məhkəmə tərəfindən ləğv edilərək, yenidən araşdırılması məqsədilə apellyasiya məhkəməsinə göndərilmişdir. İddiaçı demək olar ilin çox hissəsini Rusiyada olur, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Birdən-birə sayağac dəyişdirilir, səbəb kimi də sayğacın istismar müddətinin bitməsi ilə bağlı olmuşdur. Sayac dəyişdirildikdən bir müddət sonra birdən-birə bu qədər məbləğ yazılır. Sayğaca heç bir müdaxilə olmamışdır. Saldoda göstərilmiş 191 manat sərf olunmuş sərfiyyatdır. Hesab edir ki, hesablanmış borc tam əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəfin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Kollegiya, cavabdeh tərəfin üzrlü səbəb barədə sənəd təqdim etməməsini, həmçinin işin kifayət qədər məhkəmə icraatında olmasını nəzərə alaraq Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

20. 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator iddiaçı Quliyev X2 Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

28. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirir.

29. Öyrənilən iş materiallarında Abonentin saldosu adlı sənəddən görünür ki, 2018-ci ilin iyun ayından 2021-ci ilin avqust ayınadək olan dövrdə iddiaçıya məxsus evdə quraşdırılmış sayğac üzrə təbii qaz sərfiyyatı qeydə alınmamış, yalnız 2021-ci ilin sentyabr ayında 73,40 manat dəyərində 734 kub.metr qaz sərf olunmuşdur. 2021-ci ilin oktyabr ayı üçün isə 22244 kub.metr təbii qaz sərfi göstərilmiş, buna əsasən 191 manat “Qazın sərfi” qrafasında, 2148 manat “Qalıq və aktlar” qrafasında, 3087 manat “Yeni tarifə keçid” qrafasında borc hesablanmışdır.

30. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 04 iyun 2021-ci il tarixli aktda sayğacın göstəricisi 33280 kub.metr olmuş, iddiaçı borcun əsassız olmasına dair sübutları təqdim edə bilməmişdir.

31. Göründüyü kimi, işin faktiki hallarını araşdıran birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə sübutetmə vəzifəsini iddiaçının üzərinə qoymaqla, Mülki Prosessual Məcəllənin 77.2- ci maddəsinin tələblərini pozmuşlar. Həmin maddəyə görə isə borcun hesablanmasına əsas olan aktı cavabdeh Cəmiyyət qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür.

32. Göründüyü kimi, 2021-ci oktyabr ayı üçün hesablanmış borcun yalnız 191 manat hissəsi cari sərf olunmuş qazın dəyəri olmuşdur. Qalan borc isə başqa əsaslarla hesablanmışdır ki, bunun düzgünlüyünün sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. O cümlədən borcun 2148 manat hissəsi hər hansı akt əsasında hesablandığı halda, həmin sənəd onu tərtib etmiş ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir.

33. Kollegiya həmçinin 2015-ci ildən sonra iddiaçının qazdan istifadə etməsinə görə ödəniş etməməsi əsası ilə iddianın rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

34. Belə ki, qanunvericiliyin tələbinə əsasən abonent yalnız istifadə etdiyi qaza görə ödəniş etmək öhdəliyini daşıyır. Abonent saldosundan görünür ki, 2015-ci ildə sonrakı dövrdə sayğac üzrə qaz sərfiyyatı qeydə alınmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir

35. Hazırki işdə göstərilən dövrdə iddiaçının evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə cavabdeh təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamış və birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma aparmamaqla yanaşı, qeyd olunanlara diqqət yetirməmişdir.

36. Kollegiyanın qənaətinə görə 04 iyun 2021-ci il tarixli aktla çıxarılan sayğacın göstəricisinin 33280 kub.metr göstərilməsi özü-özlüyündə borcun əsaslı olmasının sübutu kimi qiymətləndirilə bilməz.

37. Belə ki, sayğacda bu göstərici olduğu halda, cavabdeh tərəfindən elə həmin tarixdə iddiaçıya göstəriciyə uyğun hesabat verilməli idi. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçının silinməsini tələb etdiyi borcun əhəmiyyətli hissəsi cari sərfə görə deyil, “Qalıq və aktlar” və “Yeni tarifə keçid” əsası ilə hesablanmışdır.

38. Beləliklə, müəyyən olunur ki, işə baxmış birinci instansiya məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

40. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı)

43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

44. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)- 816/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan 5148.9 manat (5339.9-191=5148.9) hissəsində ləğv edilməli həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia bu hissədə təmin edilməlidir. Qətnamə 191 manata münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(012)-816/2022 nömrəli qətnaməsi qismən, yəni “iddianın təmin olunmayan 5148.9 (5339.9-191=5148.9) manat”hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 5148.9 manat məbləğində borc əsassız hesab edilərək silinsin. Qətnamə qalan hissədə (191 manata münasibətdə) dəyişdirilmədən saxlanılsın.

Qətnamədən, cavabdeh tərəf, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar