Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-851/2025 12.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, üçüncü şəxslər X5, X7 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X15 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-225/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyeva) İddiaçı Cavabdeh1, Cavabdeh2 və X15 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasdan payın müəyyən edilməsi tələbinə dair iddiasının təmin olunmaması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2004-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X6 və X17 miras qalmış mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2004-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-İ-56 və 2V- İ-57 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X16 və X17 miras qalmış mirasdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Qımıl qışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayır. X6, anası isə X29r. X33 anası Zöhrə Fətəliyeva 06 aprel 1954-cü ildə Xaçmaz rayon Qımıl-qışlaq nümayəndəliyində nikaha girmişlər. Faktiki və birgə nikahdan onların 10 övladı anadan olmuşdur. Onlar xx.xx.1953-cü il təvəllüdlü X20, xx.xx.1955-ci il təvəlüldlü X21, xx.xx.1957-ci il təvəllüdlü X9, xx.xx.1959-cu il təvəllüdlü X25, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.1966-cı il təvəllüdlü X14, xx.xx.1971-ci il təvəllüdlü X26, X27, X28, X10r. X6 11 aprel 1988-ci ildə, anası isə 2001-ci ildə rəhmətə getmişdir. Xaçmaz rayonu Qımıl-qışlaq kəndində oğlunun adına 45 reyestr nörməli qeydiyyat vəsiqəsi verilmiş və texniki pasport işlənmiş fərdi yaşayış evi qeydə alınmışdır. X22 adına 0.30 ha torpaq sahəsinə verilmiş şəhadətnamə və 0.30 ha torpaq sahəsinə verilmiş JN-197 nömrəli dövlət aktı qeydə alınmışdır. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş qanun üzrə vərəsəlik haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən X6ndan miras qalmış 3 otaqlı torpaq sahəsi 31.31 kv metrdən ibarət ev qardaşı X1. Hesab edir ki, mirasın evin cavabdehin adına rəsmilləşdirilməsi tamamilə qanunsuz olmuşdur. Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən X6ndan miras qalmış 3 otaqlı torpaq sahəsi 31.31 kv metr ibarət ev qardaşı X4 zaman vərəsələr düzgün göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Bu yaxınlarda miras əmlakdan payının müəyyən etmək üçün notariusa müraciət etdiyi zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Ona görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlakdan payı müəyyən edilməlidir. X42 rəhmətə getmişdir. Onun vərəsələri həyat yoldaşı olmuş Cavabdeh1, Cavabdeh2, X19r. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən olunmuş sübutlar və faktlar əsasında yeni qətnamə qəbul edilməsi və iddia tələbinin tam təmin edilərək, miras üzrə payların yenidən düzgün qaydada bölüşdürülməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmədə tam şəkildə sübut etmişdir ki, mirasın ev və torpağın cavabdehin adına rəsmilləşdirilməsi tamamilə qanunsuz olmuşdur. Bu yaxınlarda miras əmlakdan payının müəyyən etmək üçün notariusa müraciət etdiyi zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Məhkəmə tərəfindən alınan notariat işindən tam aydın olur ki, qanun üzrə vərəsələr düzgün və tam göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Vərəsəliklə bağlı notariat işi ilə tanışlıqdan sonra ona tam məlum olmuşdur ki, vərəsəlik işi üzrə sənədləşmə saxta, həqiqətə uyğun olmayan sənədlərlə aparılmış, faktlar ört-basdır edilmişdir. Vərəsəlik işi zamanı yalan məzmunlu sənədlər əsasında vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. Qanun üzrə vərəsələrin imtina ərizəsi yoxdur. Vərəsələrin dairəsi barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən arayış alınaraq vərəsəlik işi aparılmalı olduğu halda notariat işinin materiallarında bu arayışa rast gəlinməməkdədir. Məhkəmə yazır ki, hazırkı mülki iş üzrə iddiaçı 1988-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, bu mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Onun tərəfindən həm atası öləndən sonra, həm də anası öləndən sonra miras qəbul edilmişdir. Rəhmətə getmiş X42 notariusa yalan məlumat verərək, saxta sənədlərlə digər vərəsələri onunla birgə vərəsəlikdən məhrum etmiş və bundan onun xəbəri olmamışdır. İşin mübahisəsiz halıdır ki, atası öləndən sonra, yəni 1988-ci ildən, hələ subay ikən o həmin evdə digər vərəsələrlə birgə yaşamış, iddiaçı olaraq miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktik qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. 2001-ci ildə də anası rəhmətə getmişdir. Qardaşı Vüqarı 2003-cü ilin sonlarında evləndirdikdən sonra o, mübahisə predmeti olan evdən müvəqqəti çıxmış, qonşuluqda tikdiyi evə köçmüşdür. Mübahisə predmeti olan ev bu gündə faktiki onun sahibliyindədir, istifadəsindədir. Xaçmaz rayon Qımıl-qışlaq İƏD-i tərəfindən təsdiq edilmiş kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş aktdanda məlum olur ki, o və digər vərəsələr atası və anası öləndən sonra miras əmlakı qəbul etmiş, dəfn xərclərini, ev və təsərrüfatı saxlamaq bütün zəruri xərcləri çəkmişlər. Məhkəmə guya şahid ifadələrini ziddiyətli saymış və mötəbər sübut kimi qəbul etməmişdir. Dəvət etdiyi şahidlər hamısı onun xeyrinə ifadə vermiş və miras əmlakı qəbul etməyini təsdiq etmişlər. Məhkəmənin məncə öz qətnaməsi tənqididir. İşin faktiki hallarına düzgün qiymət vermək əvəzinə, işə aid olmayan hüquq normalarını qətnaməyə köçürməklə kifayətlənmişdir. Şahid ifadələri yenidən yuxarı məhkəmə tərəfindən video və səsyazıya baxılmaqla qiymət verilməlidir, onda bütün zəruri hallar məhkəməyə aydın olacaqdır. Hesab edir ki, X16 1988-ci ildə rəhmətə getdiyindən ona münasibətdə miras açıldığı vaxt, yəni 1964-cü ildən 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllə, rəhmətə getmiş Zöhrə Fətəliyevaya aid hissədə isə o, 2001-ci ildə rəhmətə getdiyindən miras açıldığı vaxt qüvvədə olan 01 sentyabr 2000-ci ildən sonra rəhmətə getdiyindən miras açıldığı vaxt qüvvədə olan 01 sentyabr 2000-ci ildən sonra qüvvəyə minmiş Mülki Məcəllənin maddi hüquq normaları tətbiq edilməlidir. Bu hallar yuxarı məhkəmə tərəfindən yenidən araşdırılmalıdır. Dediyi faktlar yenidən araşdırma zamanı üzə çıxacaqdır. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcək və şikayətində göstərilən hallarla bağlı ədalətli araşdırma aparacaqdır. Onun hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada barəsində məhkəmə qərarı çıxarılmışdır. Məhkəmə qətnaməsi vərəsəlik hüququnun ümumi müddəlarına zidd çıxarılmışdır. Məhkəmə bu qətnamə ilə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş, mirasın tərəfindən tam qəbul edilməsi faktını əsasız olaraq nəzərə almamışdır. İşin bütün faktiki hallarından da tam aydın olur ki, miras o və digər vərəsələr tərəfindən qəbul edilmişdir. Məhkəmə bu halı düzgün qaydada təhlil edərək doğru nəticəyə gəlməmişdir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Bu halları tək iddiaçı olaraq o deyil, qətnamədən də tam aydın olur ki, məhkəmə özü də qəbul etmişdir. Lakin sübutlara düzgün qiymət verilməmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki, sübut etmişdir. Miras qəbulu üzrə faktlar düzgün təhlil edilməyərək, qeyri-obyektiv qərar çıxarılmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Faktlara düzgün qiymət verilməməklə qətnamənin qəbul edildiyi tam aydındır. Göründüyü kimi məhkəmə qətnaməsini qanuni deyildir. İddiaçı iddia tələbininin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir hissəsi düzgün deyildir. Qeyri-mötəbər, ziddiyətli qətnamə məhkəmə yazmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, mübahisəli evdə 10 uşaq böyümüşlər, kənddə sayılıb-seçilən ailə olmuşlar. Mərhum Vüqar onun kiçik qardaşıdır. Onlar adət üzrə ata evinin kiçik qardaşı Vüqara qalmasını istəmişlər. O, ata evindən 1986-cı ilin dekabr ayında çıxmış, elə həmin ildən ata evi ilə qonşuluqda yaşayır. Evləri arasında təxminən 60 metr məsafə var. Mərhum qardaşı Vüqar sağ olsaydı, hazırda belə bir iddia ilə məhkəməyə müraciət etməzdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X14 izahatında bildirmişdir ki, o, 1995-ci ildə evlənmiş, mübahisəli evdən 1999-cu ildən çıxmışdır. Toyu olandan sonra 1999-cu ilədək ata evində qalmış, 1999-cu ildən sonra evə gediş-gəlişi olsa da daimi olaraq öz evində yaşamışdır. Onlar el adətinə görə ata evinin kiçik qardaşı Vüqara qalmasını istəmiş, buna etiraz etməmişlər. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X3 izahatında bildirmişdir ki, mübahisəli ev 30 sot torpaqda yerləşir. İndi ev bağlıdır, orada heç kim yaşamır. Lakin evin açarları da qardaşı arvadı Aygündədir. Oğlu hərbi xidmətdə olduğuna görə mərhum qardaşının arvadı Aygün atasının evində qalır. O, 1990-cı ildə evlənmişdir. Atası öləndə 7 uşaq evdə olmuş, 3 qardaşı evdən ayrılmışdır. El adəti üzrə ata evinin kiçik qardaşı Vüqara qalmasını istəmiş, buna etiraz etməmişdir. Həmçinin bildirmişdir ki, cavabdehlər onun mərhum qardaşı Vüqarı sağlığında çox incitmişlər, qardaşı sağ olsaydı aralarında belə mübahisə yaranmazdı. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini hazırkı mülki iş üzrə iddiaçının 1988-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməməsi, bu mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməməsi, həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməməsi, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməməsi ilə əsaslandırmış və bu nəticə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının X6nun 11 aprel 1988-ci ildə, anası Zöhrə Fətəliyeva isə 2001-ci ildə vəfat etmələri və sonuncunun adına 0.30 ha torpaq sahəsinə verilmiş şəhadətnamə və 0.30 ha torpaq sahəsinə verilmiş JN-197 nömrəli dövlət aktının qeydə alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasdan payın müəyyən edilməsi barədədir. Mövcud tələblərlə bağlı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 1272, 1274-cü maddələri nəzərdən keçirilə bilər. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). İlk növbədə qeyd olunmalıdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi mirasdan payın müəyyən edilməsi tələbini özündən asılı etdiyindən, ilk öncə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı tələbə hüquqi qiymət verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla şəhadətnamənin etibarsızlığı ilə bağlı tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı şəhadətnamənin etibarsızlığın əsası kimi qardaşı mərhum Vüqar Fətəliyevin miras əmlaka şəhadətnamə əldə edərkən məlumatsız olmasına, eləcə də digər vərəsələrin olmasını notariusda gizlədilməsinə istinad etmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçının atası Şixkərim 1988, anası Zöhrə isə 2001-ci ildə vəfat etmiş, iddiaçı özü isə 2003-cü ildə evləndikdən özünə ayrıca ev tikərək, mübahisəli evi tərk etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və üçüncü şəxs qismində dindirilmiş iddiaçının bacı və qardaşları da izahatlarında evləndiklərindən sonra mübahisəli mənzili tərk etmələri, həmin mənzildə mərhum qardaşları Vüqarın ailə üzvləri ilə birlikdə yaşadığını, el adətlərinə görə mənzilin evin kiçik oğlunda qalmalı olduğunu düşünərək Vüqar Fətəliyevin həmin mənzildə yaşamasına etiraz etmədiklərini və hazırda sağ olsa idi belə mübahisənin olmayacağını bildirmişlər. Mübahisəli mənzilə gediş-gəlişləri olsa da, mənzildə faktiki olaraq Vüqar Fətəliyev vəfat edənə qədər onun ailə üzvləri ilə qalmasını, sonuncunun vəfatından sonra isə ailə üzvlərinin yaşamağa davam etdiyini, lakin hazırda həmin mənzildə heç kim yaşamasa da, mənzilin açarlarının cavabdehlərdə olduğunu bildirmişlər. Göründüyü kimi iddiaçının anasının vəfatından sonra mərhum qardaşı Vüqarın ailəsi ilə birlikdə həmin evdə yaşaması və onların buna etiraz etməməsi, sonuncunun ölümündən sonra qardaşı Vüqarın həyat yoldaşı ilə münasibətlərinin pozulmasından sonra mövcud tələblə məhkəməyə müraciət etməsi iddiaçının mübahisələndirilən şəhadətnamənin mövcudluğundan xəbərsiz olmasını istisna edir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının şəhadətnamənin mövcudluğundan miras əmlakda payının müəyyən edilməsi üçün müraciət edərkən məlumat əldə etməsi barədə ərizə və şikayətin dəlillərini inandırıcı hesab etmir. Əksinə İddiaçı qeyd etdiyi dəlillər müddətdən yayınmaq məqsədi daşıyır. Halbuki o, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının vaxtında alınmasına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının ərizə və şikayətində göstərdiyi bu dəlilləri əsaslı hesab etmir. Məlum olduğu kimi Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi iddiaçı mövcud iddianı xx.xx.2024-cü il tarixdə qaldırmaqla Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2004-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-İ-56 və 2V- İ-57 saylı şəhadətnamələrin etibarsızlığı barədə iddia tələbi təmin edilə bilməz. İddia tələbinin mirasda payın müəyyən edilməsi barədə hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2004-ci il tarixdə Xaçmaz rayon 1 saylı dövlət kontoru tərəfindən X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-İ-56 və 2V- İ-57 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X15 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və mirasdan payın müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-851/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-851/2025
12.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver