Məhkəmə qərarları › İş №2(105)-852/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-852/2024

01.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-852/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-700/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində fərdi yaşayış evinə (abonent kodu: **********910000) baxış keçirilən zaman sayğacın mexaniki göstəricisi ilə elektron göstərici arasında 5383 m3 fərq yarandığı aşkar edilmişdir və sayğac əvəzlənmişdir.

2. İstehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində fərdi yaşayış evinə aid abonent kodu **********10000 olan Abonentin saldosundan görünür ki, 2023-cü ilin oktyabr ayında abonentə 1287,95 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 1287,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə 1985-ci ildən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Hazıradək istifadə etdiyi qazın müqabilində heç bir borcu olmamışdır. Quraşdırılan sayğaclara isə tərəfindən heç bir müdaxilə olunmamışdır. Sonuncu dəfə qaz sayğacı xx.xx.2017-ci il tarixdə yaşadığı evə quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə qaz idarəsinin əməkdaşı ona zəng edərək qazdan istifadəyə görə ödəniş etmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə qaz idarəsinin əməkdaşı sayğacının göstəricilərinə baxan zaman sayğacın nasaz olduğunu aşkar etmişdir. Həmin nasazlıq səbəbindən də sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında 5383 m3 fərq yaranmışdır. Nasaz olan sayğac qaz idarəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəz olunmuşdur. Nasaz olan sayğac isə müayinə olunması üçün aktlaşdırılaraq laboratoriyaya göndərilmişdir. Yeni sayğac quraşdırılsa da, aktiv edilmədiyindən qazdan istifadə edilməsi də mümkün olmur. Nasaz olan sayğacın müayinəsi yekunlaşmadan ondan borca görə 1287,95 manat məbləğində pul tələb olunmuşdur. Lakin həmin borca dair ona heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Sistemdə isə ümumiyyətlə heç bir borc məbləği görsənmir. Bu səbəbdən də hazırda onun adına yazılmış qanunsuz və əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəfindən hər ay smart kart vasitəsilə ödəniş edilməklə təbii qazdan istifadə edilmişdir. Təbii ki, kartla ödəniş olduğu üçün də hesabda olan vəsait bitdikdə avtomatik olaraq təbii qazın verilməsi də dayandırılır. Belə olan halda onun təbii qazdan kartsız istifadə etməyi mümkün də deyildir. Onun tərəfindən sayğacdan kənar istifadə olunmamışdır.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-700/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********10000 olan qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1287,95 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim Məlahət Abbasova).

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 1287,95 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5, 4.2, 6.7, 4.5, 4.7, 4.8, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-700/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Qeyd olunan 1287,95 manat məbləğində borc sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir. Belə ki, istehlakçının ünvanında quraşdırılmış elektron (əvvəlcədən ödənişli) qaz sayğacına xx.xx.2023-cü il tarixində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda texniki nasazlıq baş vermiş və bunun da nəticəsində sayğacın klapanı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir (iş materiallarına əlavə edilib). Tərtib edilmiş aktda sayğacın mənfiyə işlədiyi, həmin tarixə mexaniki göstəricisinin 22067 m3 qaz sərfiyyatı, elektron göstəricisinin 16684 m3 qaz sərfiyyatı olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilər arasındakı fərq 5383 m3-dir və həmin sərfiyyatın da dəyəri 1287.95 manat təşkil edir. Göründüyü kimi qeyd olunan məbləğ iddiaçı tərəfindən dəyəri ödənilmədən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

13. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

14. Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”

15. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

17. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-700/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir.

30. Hazırkı halda məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin tədqiq olunan halllarından görünür ki, iddiaçıya məxsus qaz sayğacında olan nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən 1287,95 manat məbləğində borc hesablanmışdır. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir əsası yoxdur.

33. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

34. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz Cavabdeh İB hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, tərtib olunmuş aktlara görə hesablayıb tələb etdiyi məbləğ baxımından Cavabdeh İB bunu sübut edə bilməmişdir. Həmin aktlar mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Cavabdeh İB tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********10000 olan qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1287,95 manat borcun silinməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-700/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar