Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-853/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin hesab kodundan silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-598/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borc məbləğinin hesab kodundan silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi ünvanında (abonent kodu:**********07110) sayğacla bağlı 2023-cü ilin avqust ayında əsassız hesablanmış 586.25 manat borc məbləğin hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanında (abonent kodu: **********07110) sayğacla bağlı 2023-cü il avqust ayında 586.23 AZN borc hesablanmışdır. Cavabdeh işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmayıb. Plomb sayğacın üzərində olub. Sayğacda qüsur olmayıb. Cavabdeh tərəfindən 2023-cü il avqust ayında hesablanmış əsassız borc ləğv edilməlidir. Ona görə də göstərilənlərə əsasən, Cavabdeh tərəfindən ünvan 2 ünvandakı (abonent kodu: **********07110) sayğacla bağlı 2023-cü il avqust ayında 586.25 AZN hesablanmış borc məbləğin hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-598/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 546.25 (beş yüz qırx altı manat iyirmi beş qəpik) manat borcun abonent kodu **********07110 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-598/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus evə baxış keçirilərkən abonentin qaz sayğacının üzərində 586,25 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur. Belə olan halda isə iddiaçının sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 586,25 manat debitor borcu qalmışdır. Göründüyü kimi istehlakçı sayğacdan istifadə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və ona böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına onlar tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsassız olduğunu sübut edir. Həmçinin məhkəmə debitor borc məbləğini hesablayarkən də səhvə yol vermişdir. Belə ki, iddia ərizəsində qeyd olunan debitor borc məbləği (586,25 manat) onun tərəfindən 2023-cü ilin avqust ayında edilmiş 20 manat məbləğində ödəniş nəzərə alındıqdan sonra qalan borc məbləğidir və İddiaçı tərəfindən ödənilməlidir. Lakin məhkəmə hesablamada səhvə yol vermiş və 2023-cü ilin avqust ayında edilmiş 20 manat məbləğində ödənişi iddia ərizəsində qeyd olunan debitor borc məbləğindən təkrarən çıxmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin və ona etirazın dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abonent kodu **********00180 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 3 ünvanına xx.xx.2020-ci il tarixdə Natek enerji G- 4 mexanika tipli 40024857 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Samovar (1/1), Qızdırıcı radiator peçi (1/1). Abonent saldosuna görə abonentin 2020-ci ilin səkkizinci ayına olan borc 4.50 manat, 2021-ci ilin səkkizinci ayına olan borc 12.25 manat, 2022-ci ilin səkkizinci ayına olan borc 40.40 manat, 2023-cü ilin səkkizinci ayına olan borc isə 586.25 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, abonent saldosuna əsasən 2023-cü ilin səkkizinci ayına 586.25 manat borc hesablanmışdır. Abonent saldosundan görünür ki, abonentin 2020-ci ilin səkkizinci ayına olan borc 4.50 manat, 2021-ci ilin səkkizinci ayına olan borc 12.25 manat, 2022-ci ilin səkkizinci ayına olan borc 40.40 manat, 2023-cü ilin səkkizinci ayına olan borc isə 586.25 manat hesablanmışdır. Birinci instaniya məhkəməsi qeyd edir ki, əvvəlki illərdən fərqli olaraq 2023-cü ilin səkkizinci ayında, yəni yay ayında birdən-birə bu qədər qaz sərfiyyatının olması ağılabatan deyildir. Saldodan görünür ki, bu borc sırf sayğacın yazdığı sərfiyyatdır. Bu isə birinci instaniya məhkəməsində qaz istehlakını qeydə alan sayğacın düzgün işləməməsi inamını yaradır. Bu borcun göstərilən məbləğdə yay ayında olması da qeyri-mümkündür. Ona görə də, birinci instaniya məhkəməsi abonentə əvvəlki illərdə orta sərfiyyatla yazılmış məbləğləri nəzərə alaraq, hesab edir ki, 2023-cü ilin səkkizinci ayına olan borc (586.25-40=546.25) 40 manat hesablanmaqla 546.25 manat pul məbləği abonentin hesabından silinməlidir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. İş materiallarında olan abonent saldosundan görünür ki, abonentin 2023-cü ilin yanvar ayına 105,48 manat, fevral ayında 95,16 manat, mart ayına 91 manat, aprel ayına 19,8 manat, may ayına 18,8 manat, iyun ayına 23,8 manat, iyul ayına 33 manat borc hesablanmasına baxmayaraq, avqust ayında digər aylara nisbətən kəskin fərqlənən 586.25 manat borc hesablanmışdır. Buna görə əvvəlki aylardan fərqli olaraq 2023-cü ilin avqust ayında birdən-birə bu qədər qaz sərfiyyatının olması ağlabatan deyildir. Sayağaca heç bir müdaxilə edilmədiyindən borc sırf sayğacın yazdığı sərfiyyatdır. Ona görə də, birinci instaniya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, abonentə əvvəlki illərdə orta sərfiyyatla yazılmış məbləğlər nəzərə alınaraq 2023-cü ilin avqust ayına olan borc (586.25-40=546.25) 40 manat hesablanmaqla 546.25 manat pul məbləği abonentin hesabından silinməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-853/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-853/2024
23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver