Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-854/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı özbaşına tikintilərin sökülməsi tələbinə dair mülki iş üzrə (apellyasiya şikayətinin geri qaytarılması, ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş özbaşına tikintilərin sökülməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin mülki iş üzrə 01 mart 2024-cü il tarixli, 2(012)-2229/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı ara məsafəsi gözlənilmədən inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən xx.xx.2008-ci tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Görədil kəndində yerləşən mülkiyyətindəki fərdi yaşayış evinin sərhəddində ara məsafəsi gözlənilmədən cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2229/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Görədil kəndində yerləşən mülkiyyətindəki fərdi yaşayış evinin sərhəddində ara məsafəsi gözlənilmədən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, eyni zamanda şikayətinə prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2229/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.
4. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamənin surətini almadığından xx.xx.2024-cü il tarixdə şifahi olaraq məhkəməyə müraciət edərək həmin qətnamənin surətinin təqdim edilməsini xahiş etsə də, ona məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış təqdim edilmiş, həmin çıxarışda qətnamənin xx.xx.2024cü il tarixdə saat 20:04-də elektron kabinetə yerləşdirildiyi göstərilmişdir. Onun adına xx.xx.2021-ci il tarixdə açılmış şəxsi kabinetdən o, sonradan istifadə etmədiyindən qətnamənin həmin kabinetə yerləşdirilməsindən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə yeni ASAN imza alıb elektron kabinetə daxil olduqda həqiqətən də həmin qətnamənin xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirildiyi məlum olmuşdur. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2229/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəblərdən ötürülmüşdür. Buna görə də ərizə təmin olunmalıdır.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2229/2023 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2229/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmiş və qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2229/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını, prosesual müddətin bərpa edilərək qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2229/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2229/2023 saylı qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdən bir ay müddətində verməli olduğu halda, müddəti ötürməklə vermişdir. Belə ki, cavabdehin apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Göründüyü kimi, qətnamə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə alınsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, xx.xx.2024-cü il tarixədək apellyasiya şikayəti verilməli olduğu halda, bunu xx.xx.2024-cü ildə etmiş, müddəti 23 gün ötürmüşdür. Müddətin ötürülməsini isə elektron kabinetdən istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Bu dəlillər müddətin üzrlü səbəbdən ötürülməsinə əsas hesab edilə bilməz. Beləliklə məhkəmə prosessual müddətin Cavabdeh tərəfindən üzrlü səbəblərdən buraxılması barədə dəlilləri inandırıcı hesab etməmiş və ərizəni təmin etməmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.2, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
10. Şikayətin dəlilləri bundan ibarətdir ki, işə baxan məhkəmənin prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2229/2023 saylı qətnaməsinin surətini almadığından xx.xx.2024-cü il tarixdə şifahi olaraq məhkəməyə müraciət edərək həmin qətnamənin surətinin ona təqdim edilməsini xahiş etsə də, ona məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış təqdim edilmiş, həmin çıxarışda qətnamənin xx.xx.2024-cü il tarixdə saat 20:04-də elektron kabinetə yerləşdirildiyi göstərilmişdir. Onun adına xx.xx.2021-ci il tarixdə açılmış şəxsi kabinetdən sonradan istifadə etmədiyindən qətnamənin həmin kabinetə yerləşdirilməsindən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə yeni ASAN İmza alıb elektron kabinetə daxil olduqda həqiqətən də həmin qətnamənin xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirildiyi məlum olmuşdur. Məhz buna görə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2229/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəblərdən ötürülmüşdür. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Buna görə də şikayət təmin edilməli, müddətin bərpasından imtina edilməsi barədə qərardad ləğv edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;
128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2229/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2229/2023 saylı qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2229/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2229/2023 saylı qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda onun apellyasiya şikayəti verməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin axımı məhz həmin tarixdən hesablanmalıdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmiş, eyni zamanda şikayətə prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir.
18. Birinci instansiya məhkəməsinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin etməməklə gəlmiş olduğu nəticəni əsaslı hesab edən kollegiya öz mövqeyini bu cür əsaslandırır:
19. Cavabdehin hazırkı şikayətin dəlilləri apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin dəlilləri ilə analoji məzmunda tərtib olunmuşdur.
20. Əvvəla cavabdeh məhkəmə iclaslarından məlumatlı olmuş, iclaslarda şəxsən iştirak etmiş, habelə mövcud qətnamənin elan edilməsi zamanı məhkəmə iclasında olmuş, qətnamədən şikayət verilməsi müddəti və qaydası tərəf kimi ona izah olunmuşdur.
21. Digər tərəfdən cavabdeh vəsatətində xx.xx.2024-cü il tarixdə şifahi olaraq məhkəməyə müraciət edərək həmin qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş, ona məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış təqdim edildikdən sonra, xx.xx.2024-cü il tarixdə yeni ASAN imza alıb elektron kabinetə daxil olduğunu bildirsə də, yəni müddətin ötürülməsini elektron kabinetdən istifadə edə bilməməsi ilə əsaslandırsa da, bu barədə əsaslı sübutlarını (elektron kabinetdən çıxarışlar) məhkəməyə təqdim etmədiyindən həmin dəlillər müddətin üzrlü səbəbdən ötürülməsinə əsas hesab edilə bilməz.
22. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hal üzrlü hal hesab edilə və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2229/2023 saylı qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Çünki qeyd olunanlardan aydın olur ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti üzrlü səbəb olmadan buraxılmışdır.
23. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir.
24. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında apellyasiya şikayətinin verilməsinə dair tələblər ( o cümlədən də müddət tələbi), habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib.
25. Qeyd edilməlidir ki, şikayətlərin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi (dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, forma və məzmuna ciddi riayət olunmaması və s. hallar) apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.
26. Kollegiyanın qənaətinə görə müddətin bərpa edilməməsi və şikayətin qaytarılması məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».
28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2229/2023 saylı qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır, bu səbəbdən də sözügedən qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
29. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2229/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.