Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-86/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3954/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1, mənzil 4, (Yeni qaydalarla: Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1 m14) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1, mənzil 4-də (Yeni qaydalarla: Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1 m14) qeydiyyatdadır.
3. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1, mənzil 4-də (Yeni qaydalarla: Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1 m14) yerləşən 1 otaqlı mənzillərin kirayə haqqı təmirli halda 200 manat, orta təmirli halda 170-180 manat, təmirsiz halda 150 manat, həmin ərazidə yerləşən 1 otaqlı mənzilin bazar qiyməti bazar qiyməti haqqı təmirli halda 40000 manat, orta təmirli halda 35000- 45000 manat, təmirsiz halda 30000-35000 manat təşkil edir.
4. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6009/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Cavabdeh, X3 və X4 cavabdehlər İddiaçı və 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat məbləğində kompensasiya verilməklə ünvan 1, 4 saylı mənzilə (Yeni Qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, Giriş 17, M1, m4) istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzil 4 (Yeni Qaydalarla Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1, m4) ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzil 30 aprel 1992-ci ildə order əsasında iddiaçıya verilib. Mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü ildə qeydiyyata alınıb. Mənzil 36.70 kv.m sahədən ibarətdir. Həmin mənzildə iddiaçı və Cavabdeh pasport qeydiyyatındadır. Cavabdeh iddiaçının oğludur. Hazırda cavabdehlə aralarında baş verən müəyyən mübahisə və narazılıqlara görə o, öz mənzilində yaşaya bilmir. Həmin mənzildə cavabdeh yaşayır. O, cavabdehin ucbatından mənzilinə daxil ola bilmir. Onların birgə yaşayışları mümkün deyildir. Hazırda başqa yerdə yaşamağa məcbur olmuş, öz mülkiyyətindən istifadə edə bilmir. Buna görə də cavabdehin mənzilə istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, cavabdehə 7200 manat kompensasiya verilməsi onun mənzilə istifadə hüququna xitam verilməsi üçün ədalətli kompensasiyadır. Bu məbləğ Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında müəyyən etdiyi əvəzləşdirməyə uyğundur. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3954/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia təmin edilmiş, Cavabdeh 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və onun ünvan 1, 4 saylı (Yeni Qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, Giriş 17, M1, m4) mənzildən çıxarılması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və Cavabdeh isə həmin mənzilə istifadə hüququ vardır. İddiaçı Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edib ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edib.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessul hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. İddiaçı ünvan 1, 4 saylı (Yeni Qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, Giriş 17, M1, m4) mənzil, 30 aprel 1992-ci il tarixli, 24/33 nömrəli order əsasında ailə üzvlərinin sayı nəzərə alınmaqla verilmişdir. Ailə üzvlərinin sayının nəzərə alınmasını həmin orderə əlavə edilən iş materiallarında olan siyahıdan da görmək olur. Orderə əlavə edilən siyahıda adları sadalanan şəxlərin hər birinin sözügedən mənzildə pay hüququ vardır. Belə olan halda İddiaçı cavabdehə kompensasiya verməklə onun iradəsinə zidd şəkildə onu həmin mənzildən istifadə hüququndan məhrum edə bilməz. Lakin işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı kompensasiya olaraq hazırkı məzənnəyə uyğun olmayan məbləğ təklif edir. Hesab edir ki, iddiaçı şüurlu şəkildə, düşünərək belə aşağı qiymət təklif edir. 7200 manat məbləğində kompensasiya ilə hazırkı dövrdə Sumqayıt şəhərində normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməyi mümkün deyil. Bu məbləğlə qəti şəkildə razılaşmır. İddiaçının başqa yaşayış yeri var, onun isə heç bir yaşayış yeri yoxdur. Cavabdeh tərəfin qeyd etdiyi digər mənzildə onun əşyaları var. Özü isə mübahisəli mənzildə yaşayır. Əşyalarının olduğu mənzilin bu işə aidiyyəti yoxdur. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, kompensasiya məbləği çox aşağı həddədir. Həmin məbləğ hazırkı dövrə uyğun gəlmir. Bu məbləğ Sumqayıt şəhərindən daha kənar ərazilər üçün uyğundur. Qiymətləndirici tərəfindən məbləğ aşağı göstərilmişdir, məhkəmə tərəfindən də mötəbər sübut olaraq ekspertiza təyin edilməmişdir. Qeyd edir ki, kompensasiya məbləği ədalətli olmalıdır, həmin məbləğ isə ümumiyyətlə ədalətli hesab oluna bilməz. Bundan başqa, mübahisəli mənzil 2 otaqlı olmasına baxmayaraq, arayışda 1 otaqlı mənzillərə münasibətdə məlumat verilmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun atası, cavabdeh isə qardaşıdır. Cavabdehin qaldığı başqa ev var və həmin ev də iddiaçıya məxsusdur. Həmin ev də eyni binada yerləşir. Təklif edilən kompensasiya məbləği isə ədalətli və ağlabatandır. Cavabdeh hal-hazırda mübahisəsi gedən mənzildə yaşamır. Cavabdeh həm bu, mən də digər mənzildən yararlanmaq istəyir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı: Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Habelə, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3954/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Hazırkı işdən bəlli olur ki, ilk iddia tələbi cavabdehin mübahisəli mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və çıxarılması barədədir.
24. Baxılan işin mübahisə olunmayan hallarına görə ünvan 1 ünvanında (Yeni Qaydalarla ünvan 2 4 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğludur və həmin ünvanda yaşamaqla, ünvana istifadə hüququ əldə etmişdir.
25. İddiaçı cavabdehlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə 7200 manat kompensasiya verilməklə onun mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edir.
26. Cavabdeh tərəf ümumiyyətlə iddia tələbi ilə razılaşmır və bildirir ki, mübahisəli mənzildə onun pay hüququ vardır, onun hər hansı kompensasiya məbləği qarşılığında mənzildən istifadə hüququna xitam verilməsi onun konstitusion hüququnun pozulmasına səbəb olacaqdır.
27. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırda mübahisəli mənzildə yaşamır və buna səbəb kimi cavabdehin davranışlarını göstərir, eyni zamanda onunla birlikdə yaşamağın mümkünsüzlüyündə israrlıdır.
28. Araşdırılan iş üzrə həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehin iddiaçıya qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir.
29. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
30. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
31. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
32. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.
33. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.
34. Bundan əlavə, kollegiyanın araşdırması zamanı tərəflərin qarşılıqlı şəkildə izahatlarından məlum oldu ki, iş üzrə cavabdehin əşyaları iddiaçıya məxsus olan eyni binada digər mənzildə yerləşir və sonuncu istədiyi vaxt həmin mənzildən istədiyi kimi istifadə etmək (o cümlədən yaşamaq) iqtidarındadır. Araşdırma zamanı cavabdeh iddiaçı tərəfin bu arqumentlərini təkzib etməmiş, ona məxsus olan əşyaların göstərilən evdə olmasını etiraf etmiş, lakin həmin mənzilin bu mübahisəyə aidiyyətinin olmadığını bildirmişdir.
35. Sadalananları ümumiləşdirərək kollegiya qeyd edir ki, iddiaçının cavabdehə təklif edildiyi sonuncu məbləğ, yəni 7200 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
36. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri şəxsi mülahizələr hesab edən apellyasiya kollegiyası həmin dəlillərlə razılaşmır və hesab edir ki, hazırkı işin halları aşkardır. Belə ki, mülkiyyətçinin özü yaşlı olmaqla Sumqayıt şəhərində yerləşən yeganə mənzilinə görə oğluna kompensasiya təklif etməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Ona görə apellyasiya şikayətinin dəlilləri keçərli deyil.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
38. Şərh olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən təklif olunmuş kompensasiya məbləği özlüyündə işin hallarına uyğun olmuş və kollegiya da həmin məbləğlə razılaşmış, özü tərəfindən əlavə kompensasiya məbləğinin müəyyən edilməsinə zərurət görməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
40. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, e-2(060)-3954/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.