Məhkəmə qərarları › İş №2(105)-868/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-868/2022

05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-868/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-304/2022 nömrəli, 06 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-304/2022 nömrəli, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4752 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim E.Abdullayev) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-304/2022 nömrəli, 06 yanvar 2022-ci il tarixli qətnaməsinin, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4752 saylı fərdi yaşayış evinə hesablanmış 1611 manat, 20 qəpik borcun və hazırkı tarixədək əlavə yaranmış borc məbləğinin silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4752 saylı evə əsassız olaraq yazılmış 1611 manat 20 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4752 saylı fərdi yaşayış evinin sahibidir. Cavabdehin **********23460 saylı kodu ilə abonentidir. Cavabdeh tərəfindən əsassız olaraq 1611 manat 20 qəpik borc yazılmışdır. 02.09.2020-ci ildə cavabdehin işçiləri tərəfindən iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Sonradan iddiaçıya 1611 manat 20 qəpik borc yazılmışdır. Həmin borc əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4752 saylı fərdi yaşayış evinə hazırda hesablanmış 1611 manat 20 qəpik borc əsassız olduğundan tam silinməlidir. Belə ki, məhkəmə qətnaməsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4752 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş akt əsasında hesablanmış 216 manat məbləğində borc silinmişdir, lakin iddia tələbinin qalan hissəsinə dair qətnamədə qeyd edilir ki, qalan borc sayğac əsasında yaranmış borcdur. O, qətnamənin belə əsaslandırması ilə razı deyil. Qətnamədən də göründüyü kimi onun bağ evində artıq 5 ildən artıqdır ki, əvvəlcədən ödənişli sayğac quraşdırılmışdır, yəni o sayğaca nə qədər pul yükləyirsə, o qədər də qazdan istifadə edə bilir. O, mexaniki sayğac işlətmir ki, qazdan istifadə edib, sonradan dəyərini ödəsin. Belə olan halda hansı sayğac göstəricilərinə əsasən və necə borcun necə yaranması müəmmalıdır. Bu hal məhkəmə tərəfindən araşdırılmayıbdır. Qətnamədə mövcud olan belə hal isə onun qanunvericliklə müəyyən edilmiş prosessual hüquqlarımın kobud surətdə pozulması deməkdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Əgər borc məbləği sayğacın yoxlanılmasından sonra yaranıbsa, bu da qanunsuzdur. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4752 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş aktın və həmin akt əsasında hesablanmış məbləğin qanunsuzluğu Sumqayıt şəhər Məhkəməsinin 2(060)-304/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə sübuta yetirilmişdir. İddiaçının evinə məxsus qaz sayğacı cavabdeh tərəfindən quraşdırılmış və yol kənarında yerləşir. Belə olan halda onun sayğaca cavabdehlik daşıması absurddur. Belə ki, sözügedən bağ sahəsi 30 ildir ki, alınıb, lakin orada daima yaşamamışdır, yaydanyaya yaşamışdır və 1394 manat 80 qəpik borc həqiqətə uyğun borc deyil. Bu məbləğlə bir neçə səbəbdən razı deyil. Belə ki, əvvəllər belə borc barəsində ona heç vaxt belə hesab faktura (məlumat) təqdim edilməyibdir. Sadalanan hallar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməli, iddia tam şəkildə təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X2 apellyasiya şikayəti ilə razılaşmadı və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, silinməsini tələb edilən borc məbləğinin onun sayğac əsasında yaranmış borcudur və onun silinməsi əsassızdır. Yaranmış borc məbləği real məbləğdir, yəni faktiki istifadə edilmiş qaza görə yaranmış borcdur. Belə ki, abonent saldosundan da görünür ki, iddiaçı çox cüzi ödəniş etmişdir. Cavabdehə məxsus ünvana quraşdırlmış sayğacın elektron hissəsi yaranmış nasazlıq səbəbilə işləməsə də, mexaniki hissəsi işləmiş və istifadə edilən qaz sərfiyyatını qeydə almışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 14.11.2009-cu il tarixli, seriya MA ******* №-li Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4752 ünvanında yerləşən bağ evi İddiaçı mülkiyyətindədir. Yenə işdə olan **********23460 saylı abonent saldosundan görünür ki, 2020-ci il üçün cavabdehə akt əsasında 216 manat borc hesablanmış, 2021-ci ilin sonuna qalıq borcu 1827,30 manat olmuşdur. Həmin saldodan görünür ki, 2020-ci il üçün abonent tərəfindən cəmi 54,70 manat ödəniş aparılmışdır. İşə əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 02.09.2020-ci il tarixli, ******* saylı aktdan məlum olur ki, həmin tarixdə iddiaçıya məxsus evin qaz sayğacı dövlət yoxlamasına aparılmışdır. Yenə işə əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.12.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 4752 saylı evin qaz sayğacı dövlət yoxlanılmasına aparılmış və müəyyən edilmişdir ki, 1202AQ**********0 nömrəli sayğacın klapanı işlək deyil. Aktda dəymiş ziyanın hesablanması qeyd edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30.12.2020ci il tarixdə iddiaçıya 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, iddiaçı isə iddianın təmin edilməmiş 1611,20 manat hisəsindən apellyasiya şikayəti verildiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPMnin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, hazırda qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apelyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-304/2022 nömrəli, 06 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac kənar müdaxilə nəticəsində istismara yararsız kimi qiymətləndirilmiş və yeni sayğacla əvəzlənmiş və akt əsasında 1827,30 manat borc hesablanmış, bundan 216 manat dəymiş ziyan, 1611,30 manat isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdur. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmış və müqavilə əsasında qaz paylayıcı tərəfindən istehlakçı təbii qazla təchiz edilmiş, lakin istehlakçı qazdan istifadə etsə də, aldığı qazın dəyərini tam ödəməmişdir. Belə ki, «Smart-kart» tipli qaz sayğacında yaranmış nasazlıq nəticəsində qazın dövriyyəsi elektron göstəricidə əksini tapmasa da, sayğacın mexaniki hissəsi istifadə edilən qazın sərfiyyatının qeydə almışdır. Bundan istifadə edən istehlakçı ödənişdən yayınmışdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-443.3 maddələnin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında öhdəliyi yaranmışdır. O, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də, onun apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə, iddiaçı məhkəməyə öz dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçı şikayətində silinməsini tələb etdiyi borcun sayğac əsasında yaranmadığını qeyd etsə də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-304/2022 nömrəli, 06 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar