Məhkəmə qərarları › İş №2(105)-87/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-87/2022

16.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-87/2022 16.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin bağlanması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(012)-1531/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin təmin edilməsi, X7 ilə "xxxx" MMC-nin arasında Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat metr (qeyriyaşayış sahəsi 1200 kvadrat metr və zirzəmi 600 kvadrat metr) əmlakın alqı-satqısına dair bağlanmış 22 fevral 2011-ci il tarixli, OB- 013 saylı müqavilə qanun üzrə vərəsəlik hüququ əsasında dəyişdirilərək İddiaçı ilə bağlanması qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin bağlanması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum X4 ilə cavabdeh arasında bağlanmış 22 fevral 2011-ci il tarixli, OB-013 saylı müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat metr (qeyri-yaşayış sahəsi 1200 kvadrat metr və zirzəmi 600 kvadrat metr) əmlak üçün 22 fevral 2011-ci il tarixli, D/015 saylı maliyyə arayışı əsasında 540000 manat ödənilməsi və borc qalığının olmaması səbəbindən cavabdeh tərəfindən müqavilənin qanun üzrə vərəsəlik hüququ əsasında dəyişdirilərək iddiaçı ilə bağlanmasına dair məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə 18 oktyabr 1991-ci il tarixdə Ağdaş rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. X7 01 dekabr 2015-ci il tarixdə orqanizmin ümumi intoksikasiyası diaqnozu ilə ölmüşdür. X4 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22 fevral 2011-ci il tarixli OB-013 saylı müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi min səkkiz yüz kvadrat metr (qeyri-yaşayış sahəsi min iki yüz kvadrat metr və zirzəmi altı yüz kvadrat metr) əmlak üçün 22 fevral 2011-ci il tarixli, D/015 saylı maliyyə arayışı əsasında 540000 manat ödənilmişdir. Ərinin ölümündən sonra həmin sənədləri cavabdeh "xxxx" MMC-yə təqdim etmiş və məlum müqavilənin bir vərəsə olaraq onunla bağlanmasını ondan xahiş etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxs X3 məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına ərizə ünvanlayaraq qeyri-yaşayış sahəsini aldığını, müqaviləsinin qüvvədə olduğunu, həmin əmlakı icarəyə verməklə ödəniş əldə edərək faydalandığını, ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən ekspert Teymur Məmmədov verdiyi rəyi müdafiə edərək, iddiaçının təqdim etdiyi müqavilədəki qeyri-yaşayış sahəsinin ölçüləri faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə üst-üstə düşmədiyi, lakin üçüncü şəxs M.Şıxəliyevin adına olan müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin ölçüləri isə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə tam üst-üstə düşdüyünü bildirmişdir. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını, eksperti dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli qeyri– yaşayış sahələrinə dair hüquqların miras əmlaklar hesab olunması, digər vərəsə olan miras qoyanın qızı vərəsə olan iddiaçının xeyrinə payından imtina etməsi, miras əmlakın mövcudluğunun iddiaçıya 2019-cu ilin may ayında məlum olması və sonuncu bu barədə hüquqlarını rəsmiləşdirmək üçün aidiyyatı yerlərə müraciət etməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1151.1. maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarına istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnaməni mübahisələndirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbi müqavilənin dəyişdirilərək iddiaçı ilə bağlanması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçının mərhum əri S.Həmidovla "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat metr (qeyri-yaşayış sahəsi 1200 kvadrat metr və zirzəmi 600 kvadrat metr) əmlakın alqı-satqısına dair 22 fevral 2011-ci il tarixli OB-013 saylı müqavilə bağlanmış, 01.12.2018-ci il tarixdə S.Həmidov ölmüş, onun ölümündən sonra 18.10.1991ci ildən onunla rəsmi nikahda olan arvadı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, mövcud müqavilənin qanun üzrə vərəsəlik hüququ əsasında dəyişdirilərək onunla bağlanmasını xahiş edir. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. (Mülki Məcəllənin 390.1., 390.3. maddələri). Qeyd olunan maddədə mülki qanunvericiliyin əsas prinsiplərindən olan müqavilə azadlığı prinsipinin anlayışı və həyata keçirilməsi qaydaları müəyyən edilmişdir. Hüquqi və fiziki şəxslərin mülki hüquqlarının öz istədikləri kimi gerçəkləşdirmələrinin etibarlı hüquqi vasitəsi olan müqavilənin azadlıq prinsipinə əsaslanmasının böyük əhəmiyyəti var. Məhz müqavilə azadlığı istehsalçı ilə istehlakçı arasında işgüzar əlaqələrin yaranmasını, tələbin münasib təklifə yönəldilməsini təmin edən işlək bir hüquqi kateqoriyadır. Müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə Mülki Məcəllədə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Beləliklə, hər şeydən əvvəl müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunda birbaşa nəzərdə tutulmuş hüquqdur. Mülki hüquq münasibətlərinin xüsusiyyəti ondadır ki, onlar bir-birindən heç bir asılılığı olmayan bərabər hüquqlu subyektlər arasında yaranır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Şəxsin müqavilə bağlamaq istəyi mücərrəd xarakter daşıya bilməz. Müqavilə bağlamaq iradəsini gerçəkləşdirmək üçün şəxs onun növünü də sərbəst olaraq özü müəyyən edir. Bundan sonra müqavilənin özünü gerçəkləşdirmək prosesi başlayır ki, bunu şəxs öz mənafeyinə müvafiq olaraq həyata keçirməyə çalışır. Belə ki, mülki qanunvericiliyin prinsiplərini müəyyən edən MM-in 6-cı maddəsində birbaşa nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir. Bundan sonra şəxs həmin tərəfdaşa (tərəfdaşlara) öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərin yaranma əsaslarından biri müqavilədir. Müqavilə iki tərəfin iradə ifadəsi ilə şərtləri müəyyən edilən və hər iki tərəfin iradə ifadəsini əks etdirən əqddir. Müqavilə onun tərəfləri üçün məcburi olsa da, onun dəyişdirilməsi və yaxud ləğv edilməsi istisna olunmur. Lakin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi tərəflərin özbaşına hərəkətləri ilə deyil, Mülki Məcəllədə müəyyən olunmuş əsaslarla və qaydada mümkündür. Mülki qanunvericilikdə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarının və qaydalarının müəyyən olunması da müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər müqavilənin bağlanmasında olduğu kimi onun dəyişdirilməsi və ləğvində də azaddırlar. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud müqavilənin dəyişdirilərək onunla bağlanması barədə iddia qaldırmaqda haqlı olmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsinin 2064 kv.metr olmaqla Müşfiq Şıxəliyevə alqı-satqı müqaviləsi əsasında satılmaqla istifadə olunması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, yaranmış mübahisənin tam, hərtərəfli araşdırmaq məqsədilə Müşviq Şıxəliyev müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməklə tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə tikinti-texniki və xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli №4/888-5/684 rəyinə əsasən ekspertizaya təqdim edilmiş X5 adına olan 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin sonunda “S.Ə.Cavadov” yazılarının qarşısındakı imza və X5 adına olan 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışında “S.Ə.Cavadov” yazılarının qarşısındakı imza – X11 tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş ekspertizaya təqdim edilmiş X5 adına olan 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin əlyazma mətni və X5 adına olan 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışının əlyazma mətni – X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş “X5 adına 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin və 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışının blankları və çap mətni axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş X5 adına 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilədə və 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışda olan möhür əksləri, X1 adına 3 iyul 2011-ci il tarixli OB-017 nömrəli müqavilənin surətində olan möhür əksinin təsviri öz aralarında eynilik təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli №10/3182 rəyinə əsasən 22 fevral 2011-ci il tarixli, OB-013 saylı müqavilədə göstərilən sahəsi 1800 kv.m. olan (1200 kv.m. q/s, 600 kv.m. zirzəmi) əmlaka dair eskiz-layihə sənədi təqdim edilmədiyindən, müqavilədə göstərilən qeyri-yaşayış sahəsi ilə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçülərinin üst-üstə düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. 03 iyul 2011-ci il tarixli OB-017 saylı müqavilədə göstərilən sahəsi 2064 kv.m. olan (1376 kv.m. q/s, 688 kv.m. zirzəmi) əmlakın eskiz-planında göstərilən ölçülərlə ilə isə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçülərinin üstüstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı müqavilədə göstərdiyi 1800 kv.m. olan (1200 kv.m. q/s, 600 kv.m. zirzəmi) əmlaka dair eskiz layihə sənədi mövcud olmadığından, müqavilədə göstərilən qeyri-yaşayış sahəsi ilə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçülərinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmasa da, üçüncü şəxs M.Şıxəliyevin müqavilədə göstərilən 2064 kv.m. (1376 kv.m. q/s, 688 kv.m. zirzəmi) qeyriyaşayış sahəsinin eskiz-planında göstərilən ölçülərlə isə faktiki təqdim olunmuş qeyriyaşayış sahəsinin ölçüləri üst-üstə düşür. Bununla əlaqədar iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə kollegiyasının iclasında dindirilən iş üzrə rəy vermiş ekspert Teymur Məmmədov da iddiaçının təqdim etdiyi müqavilədəki qeyri-yaşayış sahəsinin ölçülərinin faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə üst-üstə düşmədiyi, lakin üçüncü şəxs M.Şıxəliyevin adına olan müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin ölçülərinin isə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə tam üst-üstə düşdüyünü bir daha təsdiq etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Odur ki, məhkəmə kollegiyası hesab ki, iddiaçı 22.02.2011-ci il tarixli müqavilədə göstərilən qeyri-yaşayış sahənin məhz faktiki olaraq təqdim edilmiş qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsini MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından da sübut edə bilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə tikinti-texniki və xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı ekspertiza xərci 250 (200+50=250) (iki yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin dəyişdirilərək onunla bağlanması barədə iddia tələbi rədd edilsin. İddiaçı məhkəmə tikinti-texniki və xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı ekspertiza xərci 250 (200+50=250) (iki yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar