Məhkəmə qərarları › İş №2(105)-872/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-872/2022

14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-872/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şabran Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi N.V.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın təmin edilməsi, "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 oktyabr 2021-ci il tarixli, 237827 nömrəli akta əsasən İddiaçı hesablanmış 819.89 (səkkiz yüz on doqquz manat, səksən doqquz qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq "xxxx" ASC tərəfindən 13 oktyabr 2021-ci il tarixli, 237827 nömrəli akta əsasən ona əsassız olaraq hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 89 (səksən doqquz) qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Şabran rayonu, Pirəmsən kəndində yaşayır və qeydiyyatdadır. O, hal-hazırda həmin evdə elektrik enerjisi istehlakçısıdır. Abonent kodu **********0152-dir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən 13 oktyabr 2021-ci il tarixli, 237827 nömrəli akt tərtib edilərək həmin aktda göstərilmişdir ki, EEİQ-na uyğun yoxlama zamanı məlum olmuşdur ki, abonent şəbəkədən birbaşa kənar xətt qoşaraq istifadə edir. O, akt əsassız olduğundan həmin aktı imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən ona 819.89 manat borc hesablanmışdır. "xxxx" ASC-nin nümayəndələri 13 oktyabr 2021-ci il tarixində yaşadığı ünvana gələrək ona yaşadığı evdə elektrik enerjisindən qeyri-qanuni istifadə etdiyinə görə qərəzli olaraq borc yazmışlar. Belə ki, satış müdiri Rasim müəllim onlardan buna görə rüşvət tələb etmiş və onunla razılaşmadıqlarına görə aktlaşdırılaraq borc yazılmışdır. Onun əlavə fazadan istifadə etməsinin səbəbi isə evinə gələn işığın 220 voltdan aşağı olması və məişət əşyalarının tez-tez sıradan çıxması olmuşdur. Bu barədə cavabdeh təşkilata müraciətlər olmuş, şəxsən Rasim müəllimə dəfələrlə bu barədə məlumat verilmiş, amma heç bir tədbir görülməmişdir. İşıq İdarəsinin əlavə fazadan istifadə etdiyindən xəbəri olmuşdur. Həmin borc məbləği rüşvət vermədiklərinə görə qərəzli şəkildə yazılmış bir borcdur, hansı qaydada hesablanması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, «Aşərişıq ASC» tərəfindən hesablanmış 819.89 manat məbləğində borc əsassızdır və silinməlidir. Ona görə də o, əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 13 oktyabr 2021-ci il tarixli, 237827 nömrəli akta əsasən ona əsassızolaraq hesablanmış 819.89 (səkkiz yüz on doqquz manat, səksən doqquz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nm7.11-ci bəndinə əsaslanaraq yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Yalnız məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı tərtib olunmuş akt EEİQ-8.32-ci bəndinə əsasən mənzildə elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi aktda sayğacın və ya üzərindəki plombların bütövlüyündən söz getmir və mənzildə sayğacdan kənar xətdən istifadə iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu haldada enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi həmin qaydaların 8.32 və 8.33-cü bəndlərinə istinad edərək aktın tərtibatı zamanı hal şahidinin iştirak etməməsini qeyd etmişdir. Bununla əlaqədar olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, hal şahidləri iştirak etməsə də aşkar olunmuş kənar xəttin video görüntüsü diskə (DVD-R) köçürülərək məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbinə dair tərəfimizdən təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin, həmin sayğaca elektrik enerji sərfiyyatmın azaldılması məqsədi ilə olunacaq hər-hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən isə qeyd olunanlara nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə tərəflərindən məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan və çıxarışdan görünür ki, 13.10.2021-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin uçot dəstinə baxış keçirilən zaman mənzilə 0,4 kv-luq şəbəkədən aliminium naqillə sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi halı aşkar edilmişdir. Aktın tərtibi iddiaçının iştirakı ilə aparılmış lakin, o, aktı imzalamaqdan imtina etmişdir ki, bu barədə də aktda müvafiq qeydlər aparılmışdır. Bundan əlavə, daha obyektiv yoxlama məqsədi ilə xətdən axan yük ölçülən zaman məlum olmuşdur ki, sayğac ümumiyyətlə xətdən axan yükü qeydə almır və sayğac dövriyyədən kənarlaşdırılıb. Bu hal bir daha sübut edir ki, mənzildə sayğacdan kənar elektrik enerjisindən istifadə olunub və həmin hal elektrik enerjisinin sərfiyyatınn azaldılması məqsədi ilə istehlakçı tərəfindən edilmişdir. Kənar xətdən axan yükün 2,68 kVt olduğu ampermaşa ilə müəyyən edilmişdir. Həmçinin, akt üzrə aşkar olunmuş halları təsdiq edən video çəkiliş DVD disk formatında məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən mənzildə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq isə iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Şabran Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(031)-1028/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uygun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi N.V.Əhmədovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə edilmiş 06 dekabr 2021-ci il tarixli aktdan görünür ki, cavabdeh "xxxx" ASCnin etiraza əlavə edilmiş sənədlər sırasında qeyd etdiyi 1 ədəd DVD diskini etiraza əlavə etməmişdir. Aktın doğruluğunu A.Məhərrəmov, Y.Hüseynov və D.Əsədullayeva öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 12 avqust 2020-ci il tarixli 237827 saylı aktdan görünür ki, yoxlama zamanı abonentin şəbəkədən birbaşa kənar xətt qoşaraq istifadə etdiyi müəyyən edilmişdir. Aktın doğruluğunu R.Həsənov, Z.Balaqadaşov və F.Əzizov öz imzaları ilə təsdiq etmişlər. Lakin, abonent həmin aktı imzalamaqdan imtina etmişdir. İşə əlavə edilmiş Abunə Haqqında məlumatdan görünür ki, Şabran rayonu Rəhimli kəndində yaşayan, abonent kodu **********0152 olan İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə 818,63 manat borcu yaranmışdır. İddiaçı 818,63 manat borcun silinməsini tələb etmiş, tələbini borcun qanunsuz və əsassız hesablanması ilə əsaslandırmışdır. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin uçot dəstinə baxış keçirilən zaman mənzildə quraşdırılmış elektrik hesabat sayğacının sıxaclarının əriməsi nəticəsində axan yükü qeyd etməməsi hakının aşkar olunması, sayğacın ümumiyyətlə xəttən axan yükü qeydə almaması və sayğacın dövriyyədən kənarlaşdırılmasının əsası ilə iddiaya etiraz etsə də, qeyd edilən qüsurların iddiaçının təqsirindən yaranması halının təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İş üzrə olan sübutlarla, iddiaçının abonenti olduğu mənzilə sayğacdan kənar elektrik enerjisindən istifadə olunması və həmin halın elektrik enerjisinin sərfiyyatının azaldılması məqsədi ilə istehlakçı tərəfindən edilməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə, qeyd edilənlərə əsasən borcun qanunsuz və əsassız hesablandığına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının abonenti olduğu ünvanda quraşdırılmış sayğacdakı qüsurların onun təqsirindən yaranması halı təsdiq edilmədiyindən, cavabdehin həmin hala görə iddiaçıya borc hesablaması qanunsuz olmuş və istehlakçıdan istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş alma xarakteri daşıyır. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 23 dekabr 2021-ci il tarixli 2(031)-1028/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar