Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-878/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7266/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7266/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 03.04.2007-ci il tarixli KR07/36 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, 141,40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcu, 282,80 (iki yüz səksən iki manat, səksən qəpik) manat dəbbə pulu, bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat rüsum ümumilikdə 16934,90 manat borc və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi, 16934, 90 (on altı min doqquz yüz otuz dörd manat, doxsan qəpik) manat borcun Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “MUĞANBANK" ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməsi qət edilmişdir (hakim Elmir Hüsyenov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7266/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 03.04.2007ci il tarixli KR07/36 saylı Kredit müqaviləsinin ləğvi, Cavabdeh 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 141, 40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcunun, 282,80 (iki yüz səksən iki manat, səksən qəpik) manat dəbbə pulunun, bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat rüsumunun və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat doxsan qəpik) manatın tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “MUĞANBANK" ASC-yə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat, doxsan qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, evin məhkəmə tərəfindən təkrar qiymətləndirilməsi üçün müraciət etməmişdir. Fikrincə birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş ekspertiza əsasında müəyyən olunan qiymət evinin real bazar qiymətini əks etdirmir. Habelə, qət edilmiş əsas və faiz borcunun məbləği ilə də razı deyil. Bu səbəbdən hesab edir ki, iş üzrə icraat əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları təyin olunmalıdır. Əks təqdirdə apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7266/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7266/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 23 iyul 2021-ci il tarixli, M/03-5599 saylı arayışdan görünür ki, İddiaçı ASC və "xxxx" ASC arasında bağlanmış 21 fevral 2020-ci il tarixli xidmət müqaviləsinə əsasən Cavabdeh ipoteka krediti İddiaçı ASC-yə ötürülmüşdür. İş materiallarında olan 03.04.2007-ci il tarixli, KR07/36 saylı kredit müqaviləsindən görünür ki, TexnikabankASC ilə Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə illik 6% olmaqla 26000 manat kredit verilmişdir. İş materiallarında olan İP07/18 saylı, 03.04.2007-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11.06.2007-ci il tarixli X1 ilə Cavabdeh arasında Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsindən görünür ki, qeyd olunan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil alıcının mülkiyyətinə verildikdən sonra ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 15.11.2021-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinin likvid qiyməti 45000 manat müəyyən edilmişdir. İş materiallarında olan seriya MH ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 03.04.2007-ci il tarixində KR07/36 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə, illik 6 (altı)% olmaqla 26000 (iyirmi altı min) manat məbləğində kredit verilməsini, KR07/36 saylı Kredit müqaviləsinin təminatı kimi 03.04.2007-ci il tarixində İP07/18 saylı İpoteka müqaviləsi bağlanaraq, X1 tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ipoteka ilə yüklü edilməsini, 11.06.2007-ci il tarixində X1 ilə Cavabdeh arasında Daşınmaz Əmlakın alğı- satqı müqaviləsi bağlanmasını, qeyd olunan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili alıcının mülkiyyətinə verildikdən sonra ipotekanın əlavə qeydiyyatının aparılmasını, lakin KR07/36 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilməməsini, cavadbehin "xxxx" ASC-yə 16893,48 (on altı min səkkiz yüz doxsan üç manat, qırx səkkiz qəpik) manat, əsas borcu 16469,28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat, faiz borcu 141,40 (yüz qırx bir manat, qırx qəpik) manat, dəbbə pulu 282,80 (iki yüz səksən iki, səksən qəpik) manat borcunun yaranmasını müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 442, 448.1, 269,270, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33, 34,39.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, 141,40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcu, 282,80 (iki yüz səksən iki manat, səksən qəpik) manat dəbbə pulunun tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Çünki "xxxx" ASC ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə illik 6% olmaqla 26000 manat kredit verilmiş, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas və 141,40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcu olması da iş materiallarında olan maliyyə arayışı ilə təsdqini tapır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə əsas borca görə cərimə borcunun tutulması hissəsində gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən əsas borca görə 282,80 manat cərimə borcu tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq hesab edir ki, əsas borca görə 282,80 manat dəbbə pulu yüksək hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsaitin hesabına “MUĞANBANK" ASC-yə ödənilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İş materiallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil bank qarşısında girov qoyulmuşdur. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələbi həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 15.11.2021-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinin likvid qiyməti 45000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank tərəfindən bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manatın, məhkəməyə müraciət üçün ödənilmiş 30 manatın iddiaçı bankın xeyrinə, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddia tələbinin ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh və onunla birlikdə yaşayanların mənzildən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi hissəsinin təmin edilməməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddia tələbi əsaslı olduğundan şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Eyni zamanda cavabdeh borc məbləğinin müəyyən edilməsi və əmlakın yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etsə də, bunun əsaslandıra bilməmişdir. Həmçinin ipoteka predmeti olan əmlak ekspert tərəfindən qiymətləndirilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında apellyant mənzilin dəyərinin təxminən 45000 manat olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7266/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7266/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-878/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-878/2022
29.03.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver