Məhkəmə qərarları › İş №2(105)-887/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-887/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-887/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(012)-1822/2023 saylı qərardadından iş üzrə Ərizəçi tərəfindən şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Fatmayı Bələdiyyəsinin 03/403 saylı qərarının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(012)-1822/2023 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmədə baxılmalı olmadığından Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilmişdir. (hakim Elçin Kazımov). Bu qərardaddan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və Ərizəçi (maraqlı şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi cəlb edilməklə) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(012)-1822/2023 saylı qərardadı ilə ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Ərizəçi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Fatmayı kəndində ərizəçiyə ayrılmış 0.08 ha torpaq sahəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə e-2- 1(118)-470/2023 saylı inzibati iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır və həmin iş üzrə zərurət yarandığından Abşeron Rayon Fatmayı Bələdiyyəsinin № 03/403 saylı qərarının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin məhkəmə kifayət qədər əsaslandırma aparmadan ərizənin icraata qəbul edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********10 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubdan görünür ki, Ərizəçi Abşeron rayon Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarı ilə ona satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı həmin idarəyə müraciət etmiş, torpaq sahəsinin satışı qanunamüvafiq qaydada həyata keçirilmədiyindən, bələdiyyənin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilmədiyindən və hüququ sahibinin X1 qeyd edildiyi halda, Abşeron rayon Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarına istinad olunduğu qeyd edilməklə ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi həmin məktuba istinad edərək mövqeyini bu cür əsaslandırmışdır ki, ərizəçi sözügedən torpaq sahəsinə dair alğı-satqının qanunamüvafiq qaydada həyata keçirilməsi, bələdiyyənin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməsi və Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarında düzəliş edilməsi ilə əlaqədar Abşeron rayonu Fatmayı Bələdiyyəsinə müraciət etməli, müraciətinə cavab verilmədiyi və ya imtina cavabı verildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd olunan əsasla ərizənin yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmiş, gəldiyi nəticəni də MPM-nin 153.2 və 153.2.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni icraata qəbul etməkdən imtina etmişdir. Belə ki, ərizənin, habelə şikayətin məzmunundan aydın olur ki, hazırkı mübahisənin inzibati xarakterli olması ərizəçiyə bəlli olmuş və o yuxarıda qeyd olunan formada Abşeron rayonu, Fatmayı kəndində ərizəçiyə ayrılmış 0.08 ha torpaq sahəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çxıarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin tələb üzrə inzibati iş hazırda məhkəmənin icraatındadır. Hazırkı mübahisə isə Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarında ərizəçinin ata adının “Kiyas” əvəzinə “Qiyas” kimi yazılması və bununla da mübahisələndirilən bələdiyyə qərarının ona məxsus olmasının müəyyən edilməməsindən ibarətdir ki, məhkəmə kollegiyası hesab edir ki, bu yanlışlığın aradan qaldırılması hazırkı formada mülki məhkəmə qaydasında ərizəçinin ərizəsinin təmin edilməsi ilə aradan qaldırıla bilməz. Ərizəçi yaranmış mübahisənin həlli məqsədi ilə Abşeron rayonu Fatmayı Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli, 03/403 saylı qərarında düzəliş edilməsi ilə əlaqədar Abşeron rayonu Fatmayı Bələdiyyəsinə müraciət etməli, müraciətinə cavab verilmədiyi və ya imtina cavabı verildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin qəbulundan imtina edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək əsaslı hesab etmir və şikayətin dəlillərinin birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(012)-1822/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar