Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-89/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, üçüncü şəxs 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(060)-354/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddiaçının Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 0,08 hektar, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 0,08 hektar həyətyanı torpaq sahələrinə, habelə JN-310F nömrəli şəhadətnamə ilə qeydə alınmış 0,12 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə qanun üzrə vərəsə kimi tanınması, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın 1/3 hissəsinə payının tanınması barədə iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0,08 ha, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində 0,08 ha həyətyanı torpaq sahələrinə, habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onun qanun üzrə vərəsə kimi tanınmağı, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın 1/3 hissəsinə onun payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum atası X4 adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0,08 ha, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində 0,08 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. Habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V- 602, 2V-601, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bacısı Cavabdeh1 adına xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı mərhum atası X4 vəfatından xeyli sonra onun adına əmlakın olması barədə məlumat almışdır. Bu barədə vəkil sorğusu göndərildikdən sonra əmlakların Cavabdeh1 tərəfindən miras olaraq qəbul edildiyi və özgəninkiləşdiyi iddiaçıya məlum olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı da digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 kimi birinci növbə vərəsə hesab olunur. Atası ölənə kimi onlarla birlikdə yaşamış və mübahisə predmeti olan torpaq sahələrinin mövcudluğundan xəbərsiz olmuşdur. Yəni, iddiaçı digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 ilə ögey qardaşbacı hesab edilir. 2020-ci ilin noyabr ayında Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sentyabr 2014- cü il tarixli, 2v-602, 2v-601 və 2v/826 reyestr nömrələri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına aparılmış 17 oktyabr 2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi və miras əmlaka onların vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə məhkəmə mübahisələri nəticəsində onların iddiası təmin edilmişdir. Hazırki iddia ərizəsi üzrə cavabdehlər iddiaçının atasının adına olan əmlaklara vərəsəlik hüquqları tanınmışdır. İddiaçı da birinci növbə vərəsə olaraq, mərhum atasının adına olan əmlaklara dairr qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmək üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq, bildirilmişdir ki, xx.xx.2012-ci il tarixində vəfat etmiş X3 miras qalmış əmlaka dair qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmiş vərəsələrə xx.xx.2014-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ögey bacı-qardaş hesab olunurlar. Cavabdehlər iddiaçının xəbəri olmadan məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sentyabr 2014cü il tarixli, 2v-602, 2v601 və 2v/826 reyestr nömrələri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına aparılmış 17 oktyabr 2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi və miras əmlaka onların vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə məhkəmə mübahisələri nəticəsində onların iddiası təmin edilmişdir. Həmin məhkəmə qətnamələrinin əsaslandırıcı hissəsinə baxılan zaman məhkəmə Cavabdeh2 və Cavabdeh3 miras əmlakını qəbul zamanı iddiaçıların yetkinlik yaşına çatmadıqlarını və buna görə də miras əmlakını qəbul edə bilmək qabiliyyətində olmadığını qeyd etmişdir. Mübahisələndirilən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)- 354/2023 nömrəli qətnaməsində 0,08 hektar torpaq sahəsinin X1 adına özgəninkiləşdirilməsini qeyd edərək, iddiaçının miras əmlakına olan payının tanınmalı olduğunun mümkün olmamasını qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddia ərizəsinə əlavə olunan qətnamələrdə yuxarıda qeyd olunan mübahisəyə artıq məhkəmə öz münasibətini bildirmişdir. Yəni, mübahisə predmeti olan əmlakın digər bir şəxsə X1 adına özgəninkiləşdirilməsi öncəki məhkəmə qətnamələrində öz əksini tapmış, buna rəğmən məhkəmə Cavabdeh2 və Cavabdeh3 həmin əmlaka münasibətdə vərəsəlik hüquqları tanınmışdır. Bundan əlavə, məhkəmə miras qoyan şəxsin övladları arasında fərq qoymaqla, vərəsələr arasında əmlak payına münasibətdə ziddiyətli məqam ortaya qoymuşdur. Belə ki, tərəflər arasında yaxın qohum münasibətinin olması və hər iki tərəfin birinci növbə vərəsə olmağına rəğmən iddia tələbini qanunsuz və ədalətsiz formada rədd etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədləri nəzərə almamaqla və cavabdeh tərəfin isə iddia tələbini təkzib edəcək heç bir sənədi (sübutu) məhkəməyə təqdim etmədiyinə rəğmən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, yalnız cavabdeh tərəfin şifahi mülahizəsinə və əsassız maddi hüquq normalarına istinad etmişdir. Məhkəmə sübutetmə prinsiplərini pozaraq iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədləri (sübutlar) nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini pozub. Məhkəmə hazırkı halda yalnız iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə icraatında əldə olunan sənədlərə istinad etməli olduğu halda bunu etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh1, üçüncü şəxs 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün olan müddəti ötürməsi və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün sübutların olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbləri qanun üzrə vərəsə kimi tanınma, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın 1/3 hissəsinə onun payının tanınması barədədir. İddiaçının atası Zəfər Məmmədovun adına Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 20 və 21 dekabr 2011-ci il tarixlərində ********** qeydiyyat nömrəsi ilə 0,08 ha, ********** qeydiyyat nömrəsi ilə 0,08 ha həyətyanı torpaq sahələrinin qeydiyyata alınması, atasının xx.xx.2012-ci ildə vəfat etməsi, eləcə də mərhum Zəfər Məmmədovun 3 vərəsəsinin olması və qanuni qüvvədə olan məhkəmə aktı ilə qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməklə onun əsasında Cavabdeh1 adına verilmiş qeydiyyatın ləğv edilməklə mərhum Zəfər Məmmədovdan miras qalmış əmlaklara övladları Cahangir və Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, Ağstafa rayon Aşağı Kəsəmən kəndində (0,08 ha + 0,08 ha) həyətyanı torpaq sahələri xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməklə hazırda Turanə Məmmədhüseynovanın mülkiyyətindədir. İşdən görünür ki, mübahisə predmeti olan torpaq sahələri Zəfər Məmmədova məxsus olmuş və onun xx.xx.2012-ci il tarixdə baş vermiş ölümü ilə əlaqədar həmin əmlaka miras açılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1159.1.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Göründüyü kimi miras qoyanın ölümündən sonra onun birinci növbəli üç vərəsəsi qalmış və həmin vərəsələrdən miras qoyan Zəfər Məmmədovun uşaqları Ayşən və Cavabdeh2 miras əmlaklar üzərində vərəsəlik hüquqları tanınmışdır. Məlum olduğu kimi mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər (Mülki Məcəllənin 1244-cü maddəsi). Mülki Məcəllənin 1268.2. maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Lakin müəyyən olunduğu kimi miras əmlaklara cavabdehlərin vərəsəlik hüquqları tanındığı halda, həmin miras əmlaklara birinci növbəli vərəsə kimi İddiaçı vərəsəlik hüququ tanınmamış və bununla da o, vərəsəlikdən kənarda qalmaqla vərəsəlik hüququ pozulmuşdur. İddia tələbinin miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Plenum vurğulamışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununl bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. İşdən görünür ki, hazırkı iş üzrə İddiaçı mirasdan imtina etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması tələbinə qiymət verilməsi halı aradan qalxdığından, miras əmlakda iddiaçının vərəsəlik hüququ tanınmalı və Mülki Məcəllənin 1274 və 1301-ci maddələrinin tələblərinə əsasən həmin miras əmlaklara vərəsələrin payı müəyyən edilməlidir. Lakin bu nəzərə alınmalıdır ki, mərhum Zəfər Məmmədovdan miras qalmış Ağstafa rayon Aşağı Kəsəmən kəndində yerləşən 0,16 ha torpaq sahəsi artıq digər şəxsin mülkiyyətində olduğundan, həmin əmlaklar üzərində onların miras əmlak kimi payları müəyyən edilə bilməz. Həmçinin o da vurğulanmalıdır ki, iddia tələbinin bu hissədə təmin edilməməsi vərəsələrə adı çəkilən torpaq sahələrinin (0,16 ha) satışından əldə edilmiş pul vəsaiti ilə bağlı paylara uyğun Cavabdeh1 qarşı iddia qaldırmaq hüququ istisna deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı vərəsəlik hüququ tanınmalı, miras qoyan X3 miras qalmış Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə qeydə alınmış 0,12 ha həyətyanı torpaq sahəsinə İddiaçı, Cahangir və Cavabdeh3 1/3 hissədə hər birinin payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı vərəsəlik hüququ tanınsın. X3 miras qalmış Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh2, 1/3 hissəsinə Cavabdeh3 payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-89/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-89/2024
21.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver