Məhkəmə qərarları › İş №2(105)-890/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-890/2025

10.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-890/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, mühafizə zonasının boşaldılması, mülkiyyətin müdafiəsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı "tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(012)-285/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı ARDNŞ Qaz İxrac İdarəsi Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X7 balans və istismarında olan 1000/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X7 balans və istismarında olan 1000/720 mm diametrli «Qaradağ KS-DigahŞimal DRES» yüksək təzyiqli (45 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “44” metr məsafədə qanunsuz olaraq daş hasarı inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün rəsmi dövlət qurumlarına məlumat verilmişdir. xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisində, 1000/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «44» metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə X8 Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 1000/720 mm diametrli « Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh 1000/720 mm diametrli « Qaradağ KSDigah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. 24.06.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) daxil olmuş (qeydiyyat: 14- 2/1- Ə-30xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) ərizənizə baxılmış, qoşmada olan **********27 reyestr nömrəli torpaq sahəsinin xx.xx.2010-cu il tarixli AA-024065 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 600 m2 torpaq sahəsinin X 402496.3009, 402495.8600, 402478.2500, 402478.7934 , Y 4482536.7329, 4482531.2400 4482532.1100, 4482538.0793 koordinatlarında olan 102 m2 hissəsi SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron Magistral X7 istismarında olan “Qaradağ KS- Digah-Şimal DRES” magistral qaz kəmərinin (Ø1020 mm, yeraltı, layihə təzyiqi 4,5 MPa (45 kqq/sm2 ), istifadəyə verildiyi tarix 2004-cı il) 44 metrlik məsafəsində, “Digah QPS- Novxanı QPS” yüksək təzyiqli qaz kəmərinin isə (Ø530 mm, yerüstü, layihə təzyiqi 1,2 MPa (12 kqq/sm2 ), istifadəyə verildiyi tarix 1966-cı il) 49 metrlik məsafəsində mühafizə zonası daxilində, X 402478.7934, 402481.3900, 402498.5900, 402496.3009 Y 4482538.0793, 4482566.6000, 4482565.2500, 4482536.7329 koordinatlarda olan 498 m2 hissəsi isə mühafizə zonası xaricində yerləşir.

6. Azərbaycan Respubliası ƏMDK yanında DƏDRX-nın xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-18362/2024 nömrəli mütəxəssis rəyi və onun əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9973 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, Necas elektron məlumat bazasına əsasən **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aid olduğu müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(012)-285/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və kəmərin mühafizə zonasının boşaldılması barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun ARDNŞ Qaz İxrac İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsaitin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5, 140, 139.1, 146.1 və 146.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68-ci maddələri, 84-cü maddəsinin 1 və 2-ci bəndləri, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3 və 6-cı bəndləri, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1, 88, 14.2, 77.1, 217.4, 119.1, 216- 220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Abşeron Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(012)-285/2025 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qaz İxrac” İdarəsinin 1000/720 mm-lik diametri yüksək təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında Cavabdeh daş hasar inşa etmişdir. Bununla bağlı cavabdehə tərəflərindən xəbərdarlıq edilmiş və tikililərin sökülməsi tələb edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tikliləri sökməmişdir. Cavabdeh tərəfindən inşa edilən tikili dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Həmin tikili magistral qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiyası məhkəməsi isə qətnamə çıxararkən qeyd etdiyi bu halların heç birini nəzərə almamışdır. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Sözü gedən tikilinin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edildiyi faktı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli **********27 reyestr nömrəli çıxarışla Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə hesab edib ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı mübahisələndirilmədiyindən və həmin sənəd hazırda qüvvədə olduğundan məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Bununla bağlı aşağıdakıları bildirir: 1.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsində qeyd edilmişdir ki, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi sözügedən maddə ilə mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Buna əsasən icra hakimiyyəti orqanının mühafizə zonasına daxil olan ərazilərdə tikinti işlərinin həyata keçirilməsinə icazə vermək hüququ yoxdur. İcra hakimiyyətinin verdiyi icazə yalnız mühafizə zonasına düşməyən ərazilərdə tikinti işlərinin aparılmasına aid ola bilər. Yəni icazə yalnız mühafizə zonasına daxil olmayan hissəyə tətbiq edilə bilər. Bundan başqa Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının (bundan sonra Qaydalar) 2.11-ci bəndində də qeyd edilmişdir ki, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Qaydaların 2.24-cü bəndinə görə kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Səlahiyyətlərinə uyğun davranaraq qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında kəmərdən tikilinin inşa olunması barədə akt tərtib etdilmişdir. Mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnməsi ilə bağlı qənaətinə münasibətdə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu beynəlxalq konvensiyalara görə mütləq hüquq kimi müəyyənləşdirilməmişdir və qanunvericiliklə müəyyən edilmiş hallarda və vəziyyətdə bu hüquq müəyyən məhdudlaşdırılmaya məruz qala bilər. Bu hallardan biri də məhz hazırkı mübahisədə sözügedən magistral boru kəmərinin mühafizə zonasına düşən torpaqla bağlı olan haldır. Belə ki, Qaydaların 2.8-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Göründüyü kimi mülkiyyətdə olan torpaq ərazisində mühafizə zonasının müəyyənləşdirilməsi bilavasitə qanunvericiliyin tələblərindən irəli gəlir və bu cür vəziyyət mülkiyyət hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilə bilməz. Bundan başqa, nəzərə alınmalıdr ki, hətta torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması, özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırkı halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsində qeyd edilir: 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Torpaq Məcəlləsinin 62-ci maddəsində qeyd edilir: Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ 1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Lakin məhkəmə bunu nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Sözü gedən tikilinin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edildiyi faktı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

14. İddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67.

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mühafizə zonası və tədbirləri

1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.

2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın Abşeron Magistral X7 balans və istismarında olan 1000/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (45 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, 39 T 402496.30; 4482536.73 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında yerləşdiyini iddia edərək həmin daş hasarın sökülməsini, mühafizə zonasından çxarılmasını tələb edir.

24. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşir, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür, Necas elektron məlumat bazasına əsasən **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli əraziyə aiddir.

25. Bundan başqa müəyyən edilmişdir ki, ünvan 1 ərazisində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir və buna dair ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Hazırda bu çıxarış qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir.

26. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir.

27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ilə qeydə alınmışdır. Həmin çıxarış hazırda qüvvədə olduğundan iddia təmin edilməməlidir.

28. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellasiya şikayəti üzrə qiymətləndirmə aparan kollegiya aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:

30. Azərbaycan Respublikası Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

31. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

32. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, 0,06 ha torpaq sahəsinə cavabdehin xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış və onun verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir.

34. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqiliyi prezumpsiyası qüvvədədir və cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən həmin çıxarış ləğv edilməyib, cavabdehin həmin çıxarışdan irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sökülməsi tələb edilən tikili cavabdehin mülkiyyətində olan həyətyanı torpaqda yerləşməklə, daş hasarın tikintisinə icazənin alınması tələb olunmur.

37. Beləliklə, şərh olunanları ümumiləşdirərək kollegiya bu nəticəyə gəlir ki, hazırkı halda apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(012)-285/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(012)-285/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar