Məhkəmə qərarları › İş №2(105)-894/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-894/2024

13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-894/2024 13.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(012)-719/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********03170) təbii qazdan sayğacdankənar istifadə edilməsi müəyyən edilmişdir.

2. xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatına dair tələbnamədən görünür ki, itirilmiş qazın miqdarı “34560 m3” həcmində müəyyən edilmişdir.

3. İddiaçı adına olan **********03170 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, fevral 2023-cü il üçün itirilmiş qazın miqdarı “34848 m3” həcmində müəyyən edilərək, abonentə birdəfəlik 4147.20 manat məbləğində borc hesablanmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta görə hesablanmış 4664.16 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sənədsiz evdə yaşayır. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sənədsiz evə abonent kodu **********03170 olan sayğaca ümumilikdə 4664 manat məbləğində cərimə yazılmışdır. Həmin cərimənin yazılmasına səbəb kimi sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edildiyi göstərilmişdir. O, eyni problemlə daha əvvəl, yəni 2022-ci ildə də rastlaşmışdı və borcun silinməsi tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etdikdən sonra haqlı olduğu öz təsdiqini tapmış, əsassız hesablanmış 885.66 manat məbləğində olan cərimə silinmişdir. Hazırda eyni problemlə bir daha üzləmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən bir daha qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuş və buna görə də 4664.16 manat məbləğində cərimə hesablanmışdır. Abonentin saldosunda bildirilir ki, 4 gözlü qaz plitəsindən istifadə edir və s. Bunların hamısı yalandır və əsassız şəkildə yazılmışdır. Onun həmin aktdan xəbəri olmamışdır. O, fəhlə işləyir və ailəsini güclə dolandırır. Onun üçün 4664 manat məbləğində pul yüksək məbləğdir və heç vaxt ödəyə bilməz. Bundan əlavə, o, hələ təmiri tam başa çatmamış bir otaqlı evdə yaşayır. Evdə nə 4 gözlü plitə, nə də başqa şey var. O, xx.xx.2022-ci il tarixdə də eyni iddia ilə məhkəməyə müracitə etmiş, 1 ildən sonra o, yenə eyni hadisə ilə üzləşmişdir. Faktla bağlı çəkilmiş fotoşəkil əvvəlki akta əlavə olunmuş şəkildir. Hər il eyni əsassız iddialar irəli sürülərək, külli miqdarda cərimə olunur. Hətta guya o, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktı imzalamaqdan imtina etmişdir. Halbuki həmin aktın nə vaxt tərtib edilməsindən belə onun xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

6. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(012)-719/2024 nömrəli qətnaməsi ilə (M.Abasova) iddia qismən təmin edilərək, İddiaçı yaşadığı (abonent kodu: **********03170) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 3715,2 manat borcun silinməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 432 manat (4 x 10 x 90 = 3600 kub.metr x 0,12 qəpik) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin akt üzrə 432 manat zərər vurması müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə yekunda xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 3715,2 (4147,20 - 432) manat borcun abonentin hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

9. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Belə ki,Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir. (akt № ******* xx.xx.2021-ci il və akt № ******* xx.xx.2023-cü il iş materiallarında əlavə edilib). Daha sonra Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” təsdiq edilmiş tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Bu faktı təstiq edən kifayət qədər sübutlar işdə mövcud olmasına baxmayaraq məhkəmə əsassız iddia tələbini qismən təmin etmişdir. Məhkəmə qeyd olunan hissədə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçının abonent koduna hesablanmış məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Məhkəmənin iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. Mübahisəli ünvanda təbii qazdan qeyriqanuni istifadəyə heç zaman yol verməmişdir. Təbii qazdan istifadəyə görə ödənişləri müntəzəm şəkildə icra etmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunan aktdan məlumatı olmamış və sayğaca baxış onun iştirakı olmadan keçirilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

16. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

17. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(012)-719/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirir.

24. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəli ünvanda təbii qazdan sayğacdankənar istifadə edilməsi barədə müvafiq akt tərtib edilmiş və həmin akt əsasında itirilmiş qazın dəyəri kimi iddiaçının abonent hesabına borc hesablanmışdır.

25. İşə baxan məhkəmə mübahisəli ünvanda təbii qazdan qeyri-qanuni istifadə edilməsi faktını qəbul etmiş, lakin tələbnamədə itirilmiş qazın hesablanmasına dair meyarları əsassız hesab etmişdir.

26. Daha konkret ifadə edilsə, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi halı ilə razılaşmamış və hesab etmişdir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 432 manat (4 x 10 x 90 = 3600 kub.metr x 0,12 qəpik) ziyan vurması məlum olur.

27. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin bu hesablaması "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"a tam uyğun olmasa da, əks yanaşmada, yəni qaydalara uyğun hesablama apardıqda daha çox məbləğin silinməsi ilə nəticələnir ki, bu da apellyasiya şikayəti verənin mənafeyinə zidd olmuş olur.

28. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, dolayısıyla onun təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində cavabdeh müəssisəyə 432 manat dəyərində zərər vurması halını müəyyən edən məhkəmə qətnaməsini qəbul etmişdir.

29. İşin bu halını nəzərə alan kollegiya qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı tərəfin sayğacdan kənar xəttin olmaması və yaşadığı ünvanda qazdan qeyri-qanuni istifadə edilməməsi barədə dəlillərini formal mülahizə kimi qəbul edir.

30. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;

31. 3.1.11-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.

32. 6.5-ci bəndə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

33. 6.5-1-ci bəndə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

34. 6.5-2-ci bəndə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

35. 6.5-3-cü bəndə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

36. 6.5-4-cü bəndə əsasən Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

37. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, iddaçıya məxsus ünvanda qaz sayğacının yoxlanılması zamanı təbii qazdan qeyri-qanuni istifadə faktının müəyyən edildiyi və bu faktın təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla rəsmiləşdirildiyi xx.xx.2023-cü il tarixdən sonra qaz paylayıcısı olan şəbəkə heç bir əhəmiyyətli tədbir görməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər.

38. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır və əlavə olaraq bildirir ki, Azəriqaz İB tərəfindən iddiaçının yaşadığı (abonent kodu: **********08210) ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmasına, bununla bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan olan Azəriqaz İB tərəfindən hərəkətsizlik edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5ci bəndinə riayət edilməmiş, əksinə pozuntunun davam etdirilməsinə şərait yaradılaraq borc məbləğinin artmasına imkan yaratmışdır.

39. Kollegiya həmçinin onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli akt əsasında “dəymiş ziyanın bərpasına dair” eyni tarixli tələbnamə adlı sənədə əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və sonda itirilmiş təbii qazın həcmi 34560 (4x24x360) kub metr müəyyən edilmişdir.

40. Cavabdeh tərəf bu qaydada hesablamanının hüquqi tənzimedilməsi mexanizmini əsaslandıra bilməmişdir.

41. Buna görə də məhkəmə kollegiayası hazırkı iş üzrə mübahisənin yekun və ədalətli həlli kimi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni işin faktiki hallarına uyğun hesab edir.

42. Kollegiya qeyd edir ki, bu kimi mübahisələrin həllində işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

43. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

44. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 402, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(012)-719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar