Məhkəmə qərarları › İş №2(105)-895/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-895/2023

23.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-895/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin ləğvi, miras əmlaka dair payın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(012)- 2780/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin ləğvi, miras əmlaka dair payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 2V-64 reyestr nömrəli 01 aprel 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş 01 aprel 2021-ci il tarixli, reyestrdə 2V-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999cu il tarixdə iddiaçının mərhum anası (miras qoyan) X4 adına verilmiş seriya nömrəsi JN- 511, kod 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlakın tam hissəsinə iddiaçının payının müəyyən edilməsi, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlakdan tam hissədə iddiaçıya “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi vəzifəsinin cavabdeh Abşeron rayonu 2 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, iddia tələbinin tam həcmdə təmin edilməsi, Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş 01 aprel 2021-ci il tarixli, reyestrdə 2V-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə iddiaçının mərhum anası (miras qoyan) X4 adına verilmiş seriya nömrəsi JN-511, kod 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlaka tam hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Cavabdeh onun qardaşıdır. xx.xx.2006-cı ildə vəfat etmiş X7 onun anası, xx.xx.1958-ci ildə vəfat etmiş X25 isə onun atasıdır. X1 Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X5 0,13 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı Torpağa Mülkiyyət hüququna dair JN 511 Kod: 30800118 nömrəli Dövlət Aktı verilmişdir. Qeyd edir ki, X7 1984-cü ildən vəfat etdiyi vaxta kimi, yəni xx.xx.2006-cı il tarixədək onunla birlikdə ünvan 1ində yaşamışdır. X4 ölümündən sonra da miras qalmış mülkiyyəti və təsərrüfatı o idarə etmiş, həmin miras əmlaka sahiblik etmiş, hal-hazırda da faktiki idarə edir. X4 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə vərəsəlik işi açılmamışdır. Eyni zamanda onun anası tərəfindən vərəsəlik haqqında vəsiyyətnamə qoyulmamışdır. Bu səbəbdən də X3 miras qalmış ünvan 1i, Çingiz Mustafayev küçəsində yerləşən Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,13 ha torpaq sahəsin vərəsəlik haqqında şəhadətnamə verilməsindən ötrü o, Abşeron rayon 2 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 2V-64 reyestr nömrəli 01 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X4 vərəsələri ünvan 2i ünvanında qeydiyyatda olan Cavabdeh tanınmış və miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X5 verilmiş seriya nömrəsi JN 511 KOD: 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd edir ki, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi qanunsuzdur. Belə ki, cavabdeh anasından miras qalmış əmlaka vərəsə kimi tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı zaman onun da vərəsə olmağını gizlətmiş, ona dair məlumatları qəsdən notariat kontoruna bildirməməklə onun vərəsəliyə çağrılmasına mane olmuşdur. Həmçinin Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılan zaman vərəsələrin dairəsi müəyyən edilməmiş, miras əmlakın vərəsəlik qaydada qəbul edilmiş qanunla müəyyən edilmiş müddətin keçməsini nəzərə almamış və miras əmlaka dair mübahisənin olub-olmadığını müəyyən etməmişdir. Bütün bu səbəblərə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(012)-2780/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş 01 aprel 2021-ci il tarixli, reyestrdə 2V-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə onun mərhum anası (miras qoyan) X4 adına verilmiş seriya nömrəsi JN-511, kod 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlaka tam hissədə onun payının müəyyən edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(012)-2780/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X3 miras əmlaka ünvan 1ində yerləşən, ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsinə anasının vəfatından dərhal sonra sahiblik etməyə və həmin torpaq sahəsini miras əmlakı idarə etməyə faktiki başlamışdır. Hal-hazırda da, o həmin miras əmlaka ünvan 1ində yerləşən, ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsinə təkbaşına faktiki sahiblik edir və həmin miras əmlakı faktiki idarə edir. Onların anası X7 vəfat edənədək bir neçə il ərzində məhz onun yanında (onun evində) yaşamış, o və onun ailə üzvləri A.S.Quliyevanın sağlığında onun maddi və digər ehtiyaclarını tam həcmdə ödəmişlər. Miras qoyan şəxsin dəfn mərasiminin və yas mərasimlərinin bütün xərcləri də, məhz onun tərəfindən ödənilmişdir. Göstərilən xüsusatlar şahid ifadələri və iş üzrə mövcud olan digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən olundu ki, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ (Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********92 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydə alınmış, lakin Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə639 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.065 ha hissəsi Zeynallı X15 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.065 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********92 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydə alınmış, lakin Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1399 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********96 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydə alınmışdır və hal-hazırda mülkiyyətindədir. Bütün bu göstərilənlər onu sübut edir ki, cavabdeh, anasından miras qalmış əmlakı tələm-tələsik özgəninkiləşdirməkdə tam maraqlı olmuşdur. Onun tərəfindən miras əmlakın miras qoyanın vəfatından dərhal sonra faktiki qəbul edilməsi, həmin miras əmlaka ünvan 1ində yerləşən, ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsinə məhz onun tərəfindən dərhal faktiki sahiblik etməyə və həmin torpaq sahəsini (miras əmlakı) idarə etməyə faktiki başlaması və digər diqqətəlayiq halları Abşeron Rayon Məhkəməsi nədənsə, qərəzli olaraq, qətiyyən nəzərə almamışdır. Cavabdeh, Abşeron rayonu 2 saylı notariat ofisinə müraciət edərkən, analarından miras qalmış əmlaka vərəsə kimi tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə “vərəsəlik işi açdırarkən”, onun vərəsə olmasını gizlətmiş, müvafiq ərizədə onun adını qəsdən, qərəzli olaraq göstərməmiş, bununla da, onun vərəsəliyə çağırılmasına qəsdən mane olmaqla, notariat ofisini faktiki aldatmışdır. Cavabdeh, həmçinin, analarının vəfatından dərhal sonra onun tərəfindən həmin mirasa sahiblik edilməsini və həmin torpaq sahəsinin (miras əmlakın) məhz onun tərəfindən idarə etməyə faktiki başlanılmasını notariat ofisinə bildirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 izahatında iddiaçının həyat yoldaşı olduğunu, qaynanası rəhmətə gedəndə qonşuları və yoldaşını çağırmaq üçün çölə çıxdığını, həmin vaxt cavabdehin baş qarışıqlığından istifadə edərək evdəki sənədləri götürdüyünü, həmin bağ sahəsini yoldaşının hasara aldığını, bağın sənədləri cavabdehdə olduğuna görə yoldaşı ona həmin sənədləri gətirməyi və bağı ½ hissəyə bölməyi təklif edərək razılaşdıqlarını, lakin cavabdehin sonradan onları aldadaraq 2021-ci ildə miras əmlakı tək öz adına keçirdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddiaçının anası X4 ölümündən dərhal sonra əmlaka faktiki sahiblik etməyə başladığını, Novxanı bələdiyyəsi tərəfindən verilmiş arayışda da qeyd olunduğu kimi iddiaçının həqiqətən 1984-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi mərhum anası X7 ilə bir evdə ünvan 1ində yaşadığını, anasının ölümündən sonra da anasından miras qalmış mülkiyyəti və təsərrüfatı idarə etdiyini və hal-hazırda həmin evdə yaşadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçı tərəfin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh verilmiş 2V-64 reyestr nömrəli, 01 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Azərbycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 28 sentyabr 1999-cu il tarixli, KOD 30800118, JN-511 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X5 0,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Abşeron RİHB-nin Novxanı kəndi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 199568 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2006-cı il tarixində ölmüşdür. İş materiallarında olan Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 2V-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi - ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamədə verilən miras əmlak Azərbycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 28 sentyabr 1999-cu il tarixində X5 verilmiş seriya JN- 511, KOD: 30800118 olan dövlət aktına əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsindən ibarətdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlakın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ilə müraciət etməmişdir. İddiaçı iddia ərizəsində anası X4 ölümündən sonra da miras qalmış mülkiyyəti və təsərrüfatı idarə etdiyini, həmin miras əmlaka sahiblik etdiyini, hal-hazırda da faktiki idarə etdiyini göstərmiş, məhkəmədə iddaçının nümayəndəsi də eyni ilə izahat vermiş, lakin miras əmlakın iddiaçı tərəfindən qeyri-formal üsulu ilə qəbul edilməsinə dair, yəni miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi ilə bağlı izahatları təstiq edəcək hər hansı bir mötəbər sübut müəyyən edilməmiş, iddiaçı tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin nədə ifadə olunması göstərilməmiş, yalnız formal mülahizələrə istinad olunmuş, şahidlər bununla bağlı hər hansı bir halı bildirməmiş, hətta şahidlər miras qoyanın ölümü ilə bağlı ziddiyyətli ifadələr vermiş, şahid X13 cavabdeh ilə küsülü olduğunu göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mərhum anası X2 Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Torpağa Mülkiyyət hüququna dair JN 511 Kod: 30800118 nömrəli Dövlət Aktına əsasən 0,13 ha torpaq sahəsi verilmişdir. Miras qoyan X7 xx.xx.2006-cı ildə vəfat etmişdir. Miras qoyanın iki vərəsəsi İddiaçı və Cavabdeh olmasına baxmayaraq vərəsələrdən biri Cavabdeh xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi kimi Abşeron Rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək Azərbycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 28 sentyabr 1999-cu il tarixində X5 verilmiş seriya JN-511, KOD: 30800118 olan dövlət aktına əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsinə dair 01 aprel 2021-ci il tarixli, 2V-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş Abşeron Rayonu 2 saylı Notariat Ofisinin notariusu G.İ.Məsimova tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən işin 24-cü vərəqində olan Abşeron RİHB-nin Novxanı kənd İƏD-si üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş “Arayış”da qeyd olunmuşdur ki, X7 ölən gününə kimi 06 dekabr 2006-cı il tarixinə kimi oğlu Cavabdeh ilə birlikdə yaşamışdır. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X12 bildirmişdir ki, iddiaçı onun həyat yoldaşı və enyi zamanda miras qoyan onun qaynanasıdır. Miras qoyan ölən günə kimi cavabdehlə deyil, iddiaçı ilə bir yerdə yaşamışdır, yuxarıda qeyd olunan “Arayış” həqiqəti əks etdirmir. Cavabdehin gəlini həmin “Arayış”ı vermiş Novxanı kənd İƏD-si üzrə İcra Nümayəndəliyində işləyir. Miras əmlak olan torpaq sahəsi yarımçıq, yalnız iki tərəfdən iddiaçı tərəfindən hasara alınmış, miras açılan vaxt torpağa dair dövlət aktı cavabdeh tərəfindən qanunsuz olaraq götürülsə də, hər iki qardaş, yəni iddiaçı və cavabdeh torpağın onlar arasında yarıya bölünməsinə dair razılığa gəlmişlər. Lakin sonradan cavabdeh onları aldadaraq 2021-ci ildə bütünlüklə torpağı öz adına keçirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X14 izahatında tərəflərin qonşusu olduğunu, iddiaçının anası Abuhəyat Quliyevanın da vaxtilə onların qonşusu olduğunu, onun dünyasını dəyişənə kimi iddiaçı ilə birgə yaşadığını, iddiaçının evində də dünyasını dəyişdiyini, iddiaçının həmin torpağı əkib becərməklə məşğul olduğunu, iddiaçının oğlu əsgərlikdə olanda mübahisəli torpaqda iddiaçıya hasar çəkməyə köməklik etdiyini, hazırda həmin torpağın iddiaçının vəsaiti hesabına yalnız iki tərəfdən hasara alındığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 1984-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi mərhum anası X7 ilə ünvan 1ində bir evdə yaşamış, anası X4 ölümündən sonra miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsinə faktiki sahiblik etmiş, həmin torpaq sahəsini idarə etmiş və həmin torpaq sahəsinə iki tərəfdən hasar çəkmiş, miras qoyanın vəfatından sonra torpağın sənədləri cavabdeh tərəfindən götürüldüyündən iddiaçı həmin torpaq sahəsinin ½ hissədə bölünməsinə dair cavabdehlə razılığa gəlmiş, lakin sonradan cavabdeh yalnız özünün yeganə vərəsə olması barədə notariat orqanına düzgün məlumat verməyərək iddiaçının xəbəri olmadan miras açıldıqdan 15 il sonra, yəni 2021-ci ildə mübahisəli torpaq sahəsini yalnız öz adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarından görünür ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi vərəsə (iddiaçı) mirasın qəbul edilməsinin qeyri-formal üsulundan istifadə etməklə konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyərək, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamış və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilən hallar şahidlərin ifadələri, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Odur ki, iddiaçının da miras əmlakda payının olması halı istisna edilmir. Başqa sözlə iddiaçı, mərhum anasıdan miras qalan əmlaka faktiki sahiblik etdiyi sübüt olunsa da, notariat kontoru onun miras əmlaka hüququnu tanımamaqla vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsi istiqamətində səhvə yol vermiş, nəticədə iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş 2V-64 reyestr nömrəli, 01 aprel 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1i ərazisində yerləşən 0.129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyat hüququ (Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********92 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 43-639 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.065 ha hissəsi Zeynallı X16 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.065 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********96 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 43-1399 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X9 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********96 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsələr arasında mübahisə predmeti olan ünvan 1i ərazisində yerləşən 0.129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.065 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 43-639 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Zeynallı X15 adına, eləcə də yerdə qalan 0.065 ha torpaq sahəsixx.xx.2021-ci il tarixli, 43-1399 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirildiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad olunmuş 1255-ci maddəsinin tələbinə əsasən iddiaçıya öz payına aid hissədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ya onun payına düşən hissənin pulunun tələb edilməsi barədə iddia qaldırmaq hüququnun olduğu izah olunur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(012)-2780/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçının iddia tələbi qismən təmin edilməklə Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş 2V-64 reyestr nömrəli, 01 aprel 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(012)-2780/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş 2V-64 reyestr nömrəli, 01 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar