Məhkəmə qərarları › İş №2(105)-90/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-90/2024

30.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-90/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X37 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi Vəkil1, üçüncü şəxslərin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Xaçmaz rayonu 1 saylı notariat ofisinə və Allahverdiyeva (Bayramova) Əsmət Allahverdi qızına qarşı vərəsəlik işinin qismən etibarsız hesab edilməsi, dövlət reyestrindən müvafiq qeydin aparılması, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2(067)- 167/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2023-ci il tarixli qətnaməsi ilə (hakim V.Qasımova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Xaçmaz rayonu 1 saylı notariat ofisinə və Allahverdiyeva (Bayramova) Əsmət Allahverdi qızına qarşı vərəsəlik işinin qismən etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 miras qoyan X17 yeganə vərəsəsi olmasına dair cavabdeh Xaçmaz rayonu, 1 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçılar İddiaçı2 və İddiaçı1 ataları X13, anası X17 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X20 məxsus olmuş Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı ev üzərində 1/4 payda X13 mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq qeydiyyatın aparılması, X17 ölümündən sonra Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı evin fərdi mülkiyyət hüququ ilə X11 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın dəyişdirilməsi və həmin evin 3/4 payda Cavanşir Bayramova məxsus olması barədə qeydiyyatın aparılması, X9 ölümü ilə əlaqədar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi, 23 saylı evin 3/4 payın 1/4 hissəsi üzərində İddiaçı1, 1/4 hissəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar və X8 şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-də qeydiyyatdadırlar. İddiaçı2 və İddiaçı1 nənəsi X25 xx.xx.2001-ci il tarixində vəfat etmişdir. Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23 X17 mülkiyyətində olmuşdur. X25 vəfat etdikdən sonra onun mərhum oğlu-X13 həyat yoldaşı X21, onun qızları İddiaçı1 və İddiaçı2 Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki olaraq başlamışdırlar. X25 vəfat etdiyi zaman mərhum X13 xx.xx.1986-cı il təvəllüdlü qızı İddiaçı2 yetkinlik yaşına çatmamışdır. X25 vəfat etdikdən sonra onun həyat yoldaşı X15 cavabdeh X4 ilə nikaha daxil olmuşdur. xx.xx.2016-cı il tarixdə X15 da vəfat etmişdir. 2022-ci ilin yanvar ayında bayram tətili ilə əlaqədar iddiaçılar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə getdikdə, onlar evdə kirayəçinin qaldığını görmüşlər. İddiaçılar məsələni araşdırmağa başlamışlar. Bu zaman məlum olmuşdur ki, cavabdeh X4 mənzili kirayəyə vermişdir. Halbuki Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23 X15 ilə birgə nikahı dövründə əldə edilmədiyi üçün X2 əmlaka dair mülkiyyət hüququ mövcud olmamışdır. Bundan sonra cavabdeh X4 yaşayış evindən istifadə sahəsində iddiaçılara süni maneələr yaratmağa başlamış və yaşayış evinin ona məxsus olduğunu bildirmişdir. İddiaçılar məsələni ətraflı araşdırmağa və aidiyyəti qurumlara sorğular göndərməyə başlamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X25 xx.xx.2001-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh Xaçmaz rayonu, 1 saylı Notariat Ofisində 16 oktyabr 2003-cü il tarixli 2V/1- 241 və 2V/1-242 reyestr nömrəli vərəsəlik işi açılmış və X15 yalan məlumatları əks etdirən arayışla qanun üzrə tək vərəsə kimi tanınmağa nail olmuşdur. Belə ki, X3 Rayon İcra Hakimiyyətinin Xaçmaz Şəhər İnzibati Ərazi Vahidindən xx.xx.2003-cü il tarixli 4/20 nömrəli arayış almış və arayışda göstərilmişdir ki, güya Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-də yalnız X15 qeydiyyatdadır. Halbuki iddiaçıları İddiaçı2 və İddiaçı1 Rəşıd qızı qeyd olunan evdə qeydiyyatda olmuşlar və hal-hazırda qeydiyyatdadırlar. Göründüyü kimi vərəsəlik işi zamanı yalan məzmunlu sənəd əsasında iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, mənzildə qeydiyyatda olan şəxslərin uçotu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparıldığı halda notariat qurumu Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz Şəhər İnzibati Ərazi Vahidinin qanunsuz arayışı əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 104-cü bəndinə əsasən notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. Lakin göründüyü kimi notariat qurumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərini kobud pozaraq, mirasda məcburi paya hüququ olan şəxslərin olub-olmadığını dəqiq aydınlaşdırmamışdır. Bundan sonra qeyd olunan vərəsəlik işi üzrə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən istifadə edərək, X3 şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə dair daşınmaz əmlakın dövlət reyestrindən qanunsuz və əsassız olaraq çıxarış almışdır. Göründüyü kimi vərəsəlik işi zamanı qanunsuzluğa yol verildiyi üçün qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hüququ qüvvəsi yoxdur. Odur ki, Xaçmaz rayonu, 1 saylı Notariat Ofisi tərəfindən açılmış 16 oktyabr 2003-cü il tarixli 2V/1- 241 və 2 7/1-242 reyestr nömrəli vərəsəlik işinin və həmin vərəsəlik işinin ilə əlaqədar verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə dair X11 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi zəruridir. Qeyd olunan vərəsəlik işi və həmin vərəsəlik işi ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassız olmaqla iddiaçıların mülkiyyət hüququnu pozur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2023-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birinci növbəli qanun üzrə vərəsə sayılırlar. İddiaçıların nənəsi X25 xx.xx.2001-ci il tarixində vəfat etdikdən sonra Xaçmaz rayonu, 1 saylı Notariat Ofisində 16 oktyabr 2003-cü il tarixli 2V/1- 241 və 2V/1-242 reyestr nömrəli vərəsəlik işi açılmış və X15 yalan məlumatları əks etdirən arayışla qanun üzrə tək vərəsə kimi tanınmağa nail olmuşdur. Belə ki, X3 Rayon İcra Hakimiyyətinin Xaçmaz Şəhər İnzibati Ərazi Vahidindən xx.xx.2003-cü il tarixli 4/20 nömrəli arayış almış və arayışda göstərilmişdir ki, güya Xaçmaz rayonu, Xaçmaz şəhəri, Bünyad Sərdərov küçəsi ev 23-də yalnız X15 qeydiyyatdadır. Halbuki iddiaçıları İddiaçı2 və İddiaçı1 Rəşıd qızı qeyd olunan evdə qeydiyyatda olmuşlar və hal-hazırda qeydiyyatdadırlar. Göründüyü kimi vərəsəlik işi zamanı yalan məzmunlu sənəd əsasında iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qətnamədə göstərmişdir ki, iddiaçı tərəf iddianın- mirasın qəbulunun təsdiq edilməsi hissəsində iddiasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə sübut kimi təqdim olunmuş məhkəmə qətnamələrindən də aydın olur ki, iddiaçılar və onların anaları nənələri X25 öləndən sonra, miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər və orada yaşamışlar. Belə ki, X15 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçıların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət etsə də, iddia təmin olunmamışdır. Bununla da sübut olunur ki, iddiaçılar nənələri X25 öləndən sonra, mirası faktiki olaraq qəbul etmişlər və orada yaşamışlar. Bu hal məhkəmədə şahid ifadəsi ilə də sübut olunmuşdur. Həmçinin, iddiaçıların babaları X15 da öldükdən sonra, babalarından onlara çatacaq miras payı faktiki olaraq qəbul etmişlər. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddiaçı1 göstərdiyi sübutlara və məlumatlara ümumilikdə məhkəmə heç bir qiymət verməmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehin yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Göründüyü kimi məhkəmə İddiaçı1 hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki İddiaçı1 özünün haqlı olmağını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsədə, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin yalan məlumatlarını əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və İddiaçı1 hüquqları pozulmuşdur. Göründüyü kimi məhkəmə yalnız cavabdehin göstərdiyi hallara istinad edərək, həmin halları araşdırmadan, İddiaçı1 və İddiaçı2 dəlillərini nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin İİ hissəsindən göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 nənələri X25 vəfat etdikdən sonra ataları X16 çatacaq mirası qəbul etmiş, orada yaşamış və babaları X15 öldükdən sonra onlara babalarından çatacaq miras əmlakı da faktiki olaraq qəbul etmiş və orada yaşamışlar. Birinci instansiya məhkəməsi yuxarıdakı halları nəzərə almadan, əsassız və yalan məlumatlara istinad etməklə və ətraflı araşdırma aparmadan, Mülki Məcəllənin qanuni tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Nəticədə göründüyü kimi məhkəmənin qətnaməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxslər X31 və X14 nümayəndəsi Vəkil3 müdafiə etdiyi şəxslərə münasibətdə miras əmlakda payların müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Allahverdiyeva (Bayramova) Əsmət Allahverdi qızının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Xaçmaz rayonu 1 saylı notariat ofisinə və üçüncü şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2023-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini işin sadalanan hüquqi və faktiki hallarına əsasən iddia tələbinin əsassız olması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçıların babası X15 ilə nənələri X17 xx.xx.1957-ci ildə nikaha daxil olmaları, bu nikahdan xx.xx.1955-ci ildə Rauf, xx.xx.1957-ci ildə Rəşid adlı övladlarının olması, nənələri Turan Bayramovanın xx.xx.2001-ci, Rauf Bayramovun xx.xx.1991-ci, Rəşid Bayramovun xx.xx.2007-ci il tarixində vəfat etmələri, daha sonra babası Cavanşir X1 ilə xx.xx.2003-cü ildə rəsmi nikaha daxil olması, Cavanşir Bayramovun xx.xx.2016-cı il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçıların atası X13 anası X17 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X20 məxsus olmuş Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı ev üzərində 1/4 payda X13 mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq qeydiyyatın aparılması, X17 ölümündən sonra Xaçmaz şəhəri Bünyad Sərdarov küçəsi, 23 saylı evin fərdi mülkiyyət hüququ ilə X11 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın dəyişdirilməsi və həmin evin 3/4 payda Cavanşir Bayramova məxsus olması barədə qeydiyyatın aparılması, X9 ölümü ilə əlaqədar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi, 23 saylı evin 3/4 payın 1/4 hissəsi üzərində İddiaçı1, 1/4 hissəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədədir. İddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 1159.1.1. 1159.1.3, 1133.2, 1256, 1272, 1274, 1291, 1301-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, iddia tələbinin şəhadətnamənin etibarsızlığının hüquqi nəticəsi digər tələbləri (iddiaçıların atası X13 anası X17 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X20 məxsus olmuş Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı ev üzərində 1/4 payda X13 mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq qeydiyyatın aparılması, X17 ölümündən sonra Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı evin fərdi mülkiyyət hüququ ilə X11 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın dəyişdirilməsi və həmin evin 3/4 payda Cavanşir Bayramova məxsus olması barədə qeydiyyatın aparılması) özündən asılı etdiyindən ilkin olaraq şəhadətnamənin qismən etibarsızlığı barədə tələbə hüquqi qiymət verilməsi zəruridir. Məlum olduğu kimi, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar 2022-ci ilin yanvar ayında bayram tətili ilə əlaqədar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə gəldikdə, həmin evdə kirayəşinin qaldığını gördüklərini, araşdırdıqları zamanı evin babalarının həyat yoldaşı cavabdeh X2 tərəfindən kirayə verildiyi və evin artıq mərhum babalarına məxsusluğu məlum olmuşdur. Göründüyü kimi iddiaçılar mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan hələ 2022-ci ilin yanvar ayında məlumatları olduğu halda, hazırkı iddianı xx.xx.2022-ci il tarixdə yəni 8 ay sonra qaldırmaqla Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddət ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən reyestrdə qeydiyyata alınmış 16 oktyabr 2003-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsızlığı hissəsində iddia tələbi təmin edilə bilməz. İddia tələblərinin mirası qəbul etmə faktının tanınması, ev üzərində 1/4 payda Rəşid Bayramovun mülkiyyət hüququnun tanınması, X11 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın dəyişdirilməsi və həmin evin 3/4 payda Cavanşir Bayramova məxsus olması barədə qeydiyyatın aparılması hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Cavanşir Bayramov vərəsəlik şəhadətnaməsi əsasında həmin evə dair 2003-cü ildə çıxarış əldə etdiyindən və həmin hüquqmüəyyənedici sənədlər məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən, iddia tələbləri bu hissələrdə də təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin Cavanşir Bayramovun ölümü ilə bağlı ondan miras qalan əmlak üzərində payların müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsinə gəldikdə qeyd edir ki, iddiaçıların vərəsəlik hüququna, mirası qəbul edibetməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçılar o cümlədən digər vərəsələr mirasdan əmlakdan imtina etmədiklərindən, mərhum babaları Cavanşir Bayramovdan miras qalmış Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi 23 saylı evə birinci növbəli vərəsələr arasında payları müəyyən edilməlidir. Lakin bu zaman bütün vərəsələrin dairəsinin də müəyyən edilməsi olduqca vacibdir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə müvafiq qurumlara sorğular göndərilmiş, mübahisəli mənzilin hüquqi vəziyyəti ilə bağlı verilmiş sorğuya cavab olaraq 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən daxil olmuş məktuba əsasən xx.xx.2003-cü il tarixli 2V/1-242 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə və 2V/1-241 nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X10 adına özgəninkiləşdirilmiş və sonuncunun adına 5417 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 05 mart 2024-cü il tarixli cavab məktubuna əsasən X10 X29 ilə xx.xx.1957-ci ildə Xaçmaz rayon Qeydiyyat Şöbəsində nikah bağladığı, onların bu nikahlarından xx.xx.1957-ci ildə X13 doğulduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrə əsasən X25 xx.xx.2001-ci il tarixdə, X15 xx.xx.2016-cı il tarixdə, oğlanları X22 xx.xx.2007-ci il tarixdə, X24 09 aprel 1991-ci il tarixdə vəfat etmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən X24 xx.xx.1955-ci il tarixdə doğulmuş, atası Cavanşir Bayramov, anası Turan Bayramovadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrə əsasən xx.xx.1991-ci il təvəllüdlü Bayramova (Süleymanova) Rufilə Rauf qızı və xx.xx.1990-cı il təvəllüdlü Bayramova (Ərdəbili) Turan Rauf qızı, xx.xx.1978-ci il təvəllüdlü X38 doğulmuşdur. Göründüyü kimi, mərhum Cavanşir Bayramovun ölümündən sonra onun birinci növbəli üç vərəsəsi – oğlanları Rəşid və Rauf Bayramovlar o cümlədən, arvadı Cavabdeh1 qalmış və hazırda onlardan da yalnız sonuncu sağdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1159.1.1 və 1159.1.3 maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onların qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mərhum X6 miras qalmış Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi 23 saylı ev bütövlükdə birinci növbəli vərəsələr paylarına müəyyən edilməlidir. Lakin bu zaman digər iki vərəsə Rauf və Rəşid Bayramovların miras açılarkən artıq həyatda olmadıqlarını nəzərə alaraq onlara düşən miras paya sonuncuların vərəsələri Zaur, Rufilə, Turan, Fatma və İddiaçı1 miras payı müəyyən edilməlidir. Beləliklə, X7 miras qalmış Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı ev üzərində (X16) münasibətdə 1/3 hissədə İddiaçı1 və İddiaçı2 hər birinin 1/6 hissədə, (X18) münasibətdə 1/3 hissədə (Bayramova) X31, (Bayramova) X23 və X26 hər birinin 1/9 hissədə, 1/3 hissədə (Bayramova) X2 vərəsəlik üzrə payları müəyyən edilməli və hər birinin payına uyğun vərəsəlik şəhadətnaməsi verilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2023-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2023-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X3 şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı ev üzərində (X16) münasibətdə 1/3 hissədə İddiaçı1 və İddiaçı2 hər birinin 1/6 hissədə, (X18) münasibətdə 1/3 hissədə (Bayramova) X31, (Bayramova) X23 və X26 hər birinin 1/9 hissədə, 1/3 hissədə (Bayramova) X2 vərəsəlik üzrə payları müəyyən edilsin və hər birinin payına uyğun vərəsəlik şəhadətnaməsi verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar