Məhkəmə qərarları › İş №2(105)-902/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-902/2022

18.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-902/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iddiaçılar İddiaçı1 və qeyriləri ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(060)-2657/2021 nömrəli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh X6 qarşı İddiaçı1, İddiaçı2, X2, X3, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X13, X7, X10 və İddiaçı6 ilə Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı İddiaçı5 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, X2, X3, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X13, X7, X10 və İddiaçı6 ilə Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2, X2, X3, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5, X13, X7, X11, İddiaçı6 paylı mülkiyyətində olmuşdur. İddiaçılar mülkiyyətlərində olan əmlakı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 3,08 sot hissəsini satmaq məqsədilə, Cavabdeh ilə həmin torpaq sahəsinin dəyərini 63140 manat məbləğində razılaşmışlar. Cavabdeh mülkiyyətçiləri torpaq sahəsinin satılmasına razı salmaq və sənədləşmə işlərini həyata keçirmək üçün torpaq sahəsinin dəyərinin müəyyən hissəsini ödəməklə İddiaçı1 aldadaraq onunla 25 mart 2020-ci il, 15 may 2020-ci il, 22 iyul 2020-ci illərdə kredit müqaviləsi bağlamışdır. 25 mart 2020-ci il tarixdə Cavabdeh İddiaçı1 5000 (beş min) manat, 15 may 2020-ci il tarixdə 4500 (dörd min beş yüz) manat, 22 iyul 2020-ci il tarixdə isə 3000 (üç min) manat ödəniş etmişdir. İddiaçı1 və digərləri ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 3,08 sot hissəsinin alqı-satqısına dair Cavabdeh aralarında 24.09.2020- ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisində AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh ilkin olaraq 20.500 manat məbləğində pul ödəmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin razılaşdırılmış dəyərindən müəyyən vaxtlarda müəyyən miqdarda ödənişlər etməklə, ümumilikdə 51.660 manat məbləğində pul ödəmişdir. Lakin bu torpaq sahəsinin dəyərinin real qiyməti deyildir. Cavabdeh bu tarixədək torpaq sahəsinin dəyərinin ödənilməmiş qalan hissəsini 11.480 manat məbləğində pulu ödəməmişdir. Həmçinin cavabdeh ona satılan 3.08 sot torpaqdan əlavə iddiaçılara məxsus torpağı da zəbt etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı5 Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, on iki şəxsin paylı mülkiyyətində olan əmlakla bağlı onlar tərəfindən bağlanmış əqdin etibarlılığını mülkiyyətçilərdən cəmi altısının mübahisələndirməyə subyektiv hüquqları mövcud deyildir. Lakin mübahisələndirilən torpaq sahəsi vərəsəlik qaydasında bölündüyü üçün digər şəxslər də pay hüququna malik olmuşlardır. Belə ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi iddiaçılara məxsus olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi satıldıqdan sonra digər mülkiyyətçilərə 5000 (beş min) manat məbləğində ödəniş ödənilmişdir. Mübahisələndirilən torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsi olduğundan digər mülkiyyətçilər iddiaçı olaraq müraciət etməmişlər.. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının qeyd etdiyi hallara dair heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 3,08 ha hissəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədədir və iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Belə ki, iddiaçı müqavilənin etibarsızlığının əsası kimi şərtləşdiyi pulu ala bilməməsinə istinad etmişdir. Halbuki, bu hal əqdin etibarsızlığı üçün əsas ola bilməz. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində göstərdiyi məbləğlə cavabdehlə razılığa gəlməsi və həmin məbləğin bir hissəsinin cavabdeh tərəfindən ona ödənilməsi qalan hissəsinin borclu qalması barədə dəlili iddiaçının izahatından başqa hazırkı işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar